Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:26

Vahid Rusiya deputatlarına ölkədən çıxmaq qadağan olunub


Rusiya Dövlət Duması
Rusiya Dövlət Duması

Qaydaya görə ölkədən xaricə getmək istəyən deputatlar ərizə yazmalı və ərizədə hansı ölkəyə, hansı məqsədlə və hansı müddətə getmək istədiklərini göstərməlidirlər

Rusiyada hakim Vahid Rusiya partiyasından olan Dövlət Duması deputatlarının fraksiyanın rəhbəri Vladimir Vasilyevdən icazə almadan ölkədən çıxmaları qadağan olunub.

Bu barədə məlumatı Xolod saytı Vasilyevin özü tərəfindən imzalanmış sərəncama istinadən bildirib.

Yeni qaydaya görə ölkədən xaricə getmək istəyən deputatlar Vasilyevin adına ərizə yazmalı və ərizədə hansı ölkəyə, hansı məqsədlə və hansı müddətə getmək istədiklərini göstərməlidirlər.

Sərəncamda bildirilir ki, məhdudiyyətlər xidməti ezamiyyətlərə şamil olunmur.

Sənəddə bu qaydanın pozulmasına görə hansı cəzanın nəzərdə tutulduğu göstərilmir.

Deputatlara yeni sanksiyalar gəlir

Bu arada The Wall Street Journal yazır ki, ABŞ administrasiyası Rusiya Dövlət Dumasının əksər deputatlarına yeni sanksiyalar hazırlayır.

Bəzi mənbələrdən alınan məlumatlara görə yeni sanksiya siyahısına Rusiyanın 300-dən çox deputatının adları salına bilər.

Bu sanksiya siyahısının prezident Co Baydenin Brüsselə səfəri zamanı, martın 24-də açıqlanacağı gözlənilir.

Bundan əvvəl Avropa İttifaqı Rusiya Dövlət Dumasının 351 deputatına sanksiyalar elan edib.

Bu deputatlar Putinə Ukraynadakı DXR və LXR qondarma separatist ərazilərinin müstəqilliyini tanımağa çağıran müraciətə səs veriblər.

Onların bu müraciəti son nəticədə Rusiya-Ukrayna müharibəsinə yol açıb.

Həmin deputatlara Britaniya da sansksiyalar elan edib.

XS
SM
MD
LG