Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:39

Birləşmiş Ərəb Əmirlikləri Rusiya ödənişlərinin bloklanmasına başlayıb


Dubay bankı
Dubay bankı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bankları Çindən gətirilən elektron komponentlər və istehlak elektronikası üçün Rusiya ödənişlərinin bloklanmasına başlayıb.

Kommersant qəzeti yazır ki, buna səbəb bankların dolayısı ilə ABŞ sanksiyalarından çəkinməsidir.

Qəzet yazır ki, elektronikanın böyük təchizatçılarından birinin sözlərinə görə banklar ödənişlərdən sözü gedən mallar BƏƏ ərazisinə daxil olmadığı hallarda imtina edirlər.

İndiyədək Rusiya təşkilatları BƏƏ-dəki şirkətlərdən Çindən gətirilən elektronika üçün ödənişlərin həyata keçirilməsi üçün istifadə edirdilər. Bu zaman mallar birbaşa Rusiyaya göndərilirdi.

Çin banklarının təşəbbüsü

Kommersant qəzetinin mənbələrindən biri deyib ki, Rusiyaya gətirilən noutbukların 10-20 faizinin ödənişləri məhz bu sxemlə həyata keçirilirdi. Mənbənin sözlərinə görə başqa kateqoriyadan olan malların bu sxemdə payı 30 faizə çata bilər.

Mənbə izah edib ki, Rusiya şirkətlərini BƏƏ-yə habelə burada bank komisyon xərclərinin aşağı – 1-3 faiz civarında olması cəlb edir.

Əslində Dubay bankları Rusiyadan mallar üçün ödənişlərin qəbulunu bir ay bundan əvvəl dayandırıb.

Kommersantın mənbəyi iddia edir ki, bloklanma Çin tərəfinin təşəbbüsüdür. Çünki bundan əvvəl Çin bankları Dubaydakı şirkətlərdən onlara gələn vəsaitlərin mənbəyi ilə maraqlanmağa başlamışdılar. Çin bankları habelə malların ölkədən çıxmasını təsdiqləyən gömrük bəyannamələrini tələb edirlər.

“Dost ölkələrin” bankları da köməyə yetmir

Bu da qeyd olunur ki, Rusiya şirkətləri Çin texnikası üçün ödənişlərin yeni üsulunu tapa biliblər, amma bu halda daha böyük komisyon faizi ödəmək lazım gəlir.

Ekspertlər deyirlər ki, belə davam edərsə, dekabr aylınadək Rusiyada elektron komponentlərin qiymətlərində 5 faizədək artım olacaq.

Rusiyanın “dost ölkələrin” bankları vasitəsilə ödənişlərində problemlər hələ 2023-cü ildə yaranıb, amma dolayısı ilə sanksiyaların təhlükəsi, bu problemləri 2024-cü ildə daha da kəskinləşdirib.

ABŞ iyun ayında dolayısı ilə sanksiyaların tətbiqi üçün parametrləri genişləndirəndən sonra Çin və Rusiya arasında ödənişlərin hətta yuyanla edilməsi belə qeyri-mümkün olub.

Mərkəzi Asiya banklarının Rusiyadan qəbul etmədiyi ödənişlərin payı 2024-cü ildə 30 faiz artıb.

XS
SM
MD
LG