Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:17

Çikaqoda demokratların qurultayı başlanır. Kütləvi etirazlar gözlənilir


ABŞ vitse-prezidenti Kamala Harris ABŞ prezidenti Co Baydenin yanında Merilend ştatında keçirilən tədbirdə çıxış edir
ABŞ vitse-prezidenti Kamala Harris ABŞ prezidenti Co Baydenin yanında Merilend ştatında keçirilən tədbirdə çıxış edir

Avqustun 19-da Çikaqoda Demokratlar Partiyasının Milli Qurultayı başlanır. Dörd həftə bundan öncə prezident Co Bayden (Joe Biden) seçki kampaniyasından çəkilib, vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib.

Bir ay öncəyədək Bayden qurultayın səhnəsində sonuncu gün – avqustun 22-də, namizəd kimi çıxış edəcəkdi. İndi isə o və həyat yoldaşı Cill Bayden (Jill Biden) bazar ertəsi, tədbirin açılışında nitq söyləyəcəklər.

"The Associated Press" yazır ki, 50 ildən çox demokratların siyasətini yürütmüş Baydenin çıxışında partiyaya simvolik rəhbərliyi Harrisə təhvil verəcəyi gözlənilir. Prezidentin mövqeyincə, respublikaçı Donald Tramp (Donald Trump) Ağ evə qayıdarsa, ölkəni təhlükə gözləyir.

Harrisin devizi

Harris prezidentin çıxışını izləyəcək, arenada isə ənənəvi baydenizmlər asılacaq: "İnam yayın". Həftə boyunca tədbirlərə Harris də qatılacaq, yekunda çıxış edəcək. Amma rəsmilər Baydenin çıxışından sonra Çikaqoda qalmayacağını deyirlər.

Qurultayın təşkilatçıları bazar ertəsi tədbirlərinin devizinin "Xalq naminə" (For the People) olduğunu deyirlər. Harris 2020-ci ildə prezidentlik uğrunda təşviqatı bu devizlə aparırdı. Kaliforniyanın ilk qadın baş prokuroru olanda da Harris məhkəmələrdə özünü "Kamala Harris, xalq naminə" kimi təqdim edirmiş. Harris bu ifadədən kampaniyasında zaman-zaman yararlanıb, təkcə çıxışlarında deyil, plakatlarda, qısaqol köynəklərin üzərində də.

Çikaqoda Demokratlar Partiyasının qurultayı ərəfəsində Fələstin bayraqlarını qaldıran fəallar
Çikaqoda Demokratlar Partiyasının qurultayı ərəfəsində Fələstin bayraqlarını qaldıran fəallar

"Qurultayında açılışında natiqlər Donald Trampın özünü birinci yerə qoyduğunu, demokratların isə Amerika xalqı naminə savaşdığını göstərəcəklər", - təşkilatçılar belə deyirlər. Onların sözlərinə görə, Harris və onun vitse-prezidentliyə namizədi, Minnesota ştatının qubernatoru Tim Uolzun (Tim Walz) hədəfi budur.

Kütləvi etirazlar, həbslər gözlənilir

Qurultay gedən vaxt Çikaqoda minlərlə fəalın yığışacağı, diqqəti abort hüquqlarına, iqtisadi ədalətsizliyə və Qəzzadakı müharibəyə yönəltməyə çalışacağı gözlənilir. Qurultayın hər günü nümayişlər gözlənilir. Onların gündəmi fərqlənsə də, İsrail-HƏMAS müharibəsində dərhal atəşkəsin əldə olunması məsələsində həmfikirdirlər.

İsrail hazırda Qəzza zolağında ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS ekstremistləri ilə müharibə aparır. HƏMAS ötən ilin oktyabrında İsrailə hücum edərək 1200 nəfəri öldürüb, 250 nəfəri girov götürüb. Bundan sonra İsrail Qəzzada əməliyyatlara başlayıb.

AP yazır ki, on minlərlə fəalın Çikaqoya gözlənən gəlişinə aylardır hazırlıq gedir. Çikaqo polisə təlimlər keçib. Dairə məhkəmələri kütləvi həbslər gözləntisi ilə daha çox yer ayırır, təhlükəsizlik zonasına yaxın xəstəxanalarda fövqəladə hazırlıq gücləndirilir.

Tramp və Vens Pensilvaniyada təşviqat aparırlar

Demokratlar namizədini rəsmən elan edəcəyi bir dönəmdə Tramp, vitse-prezidentliyi namizədi, Ohayodan senator Ceyms Vens (James David Vance) ilə birlikdə "tərəddüdlü" ştatlarda tədbirlər keçirir. Respublikaçıların ötənaykı qurultayında olduğu kimi, onlar da hər günün tədbirinə bir ad verirlər. Bazar ertəsinin mövzusu iqtisadiyyatdır.

Bazar ertəsi həm Tramp, həm də Vens Pensilvaniyada təşviqatı davam etdirirlər. Demokratların qurultayı ilə paralel, Trampın müttəfiqləri hər gün Çikaqoda mətbuat konfransı keçirəcəklər.

XS
SM
MD
LG