Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:26

COVID-19-dan sonra şəxsi təmasları nə gözləyir


Ola bilsin, ilk öpüş yeni məna kəsb etməyə başlayacaq.
Ola bilsin, ilk öpüş yeni məna kəsb etməyə başlayacaq.

Adi günlərdə biz başqa insanlarla birbaşa təmasda oluruq, əl sıxır, qucaqlaşır, köməyə ehtiyacı olanlara, sözün həqiqi mənasında, əlimizi uzadırıq. Ancaq artıq həftələrdir ki, fiziki məsafə gözləyirik, ictimai yerlərdə hər yerə toxunmamağa çalışırıq.

BBC yazır ki, yaşadığımız tarixi hadisələr hər şeyi birdəfəlik dəyişdirə bilər. Fransızların, türklərin iki dəfə öpüşməsi, italyanların qucaqlaşması, ümumiyyətlə, hisslərimizi ifadə edən toxunuşlar çox təhlükəli sayıla, zamanla yoxa çıxa bilər.

Oksford Universitetinin təkamül psixologiyası professoru Robin Dunbar deyir ki, fiziki kontakt münasibət və dostluq qurmaq üçün istifadə etdiyimiz mexanizmin bir hissəsidir. Bunun tarixi çox qədimdir. Primatlarda tüklü dəriyə toxunuş beyində endorfin sistemini işə salır, nəticədə fərd özünü rahat və pozitiv hiss edir.

Daha çətin kommunikasiya?

"Toxunuş, yaxud qulağa pıçıldama bir müddətlik yoxa çıxa bilər. Nəticədə kommunikasiya bir qədər daha çətin və daha az nüanslı ola bilər. Öyrəşdiyimiz ipucuları olmadığından insanlar bəzi şeyləri yanlış anlaya bilər", – Mançester Biznes Məktəbinin təşkilat psixologiyası və sağlamlığı professoru Cary Cooper BBC-yə müsahibəsində deyir.

Artıq məsafəli ünsiyyətin nümunələrini TV proqramlarında görürük: aparıcılar bir-birindən daha aralı oturur və bununla da məsafə saxlamağın əhəmiyyətini və mümkünlüyünü nümayiş etdirirlər.

Maraqlıdır ki, çoxumuz fiziki məsafə dövründən əvvəl çəkilmiş proqramlara baxanda bir qədər narahat olmağa başlamışıq. İnsanların restoran və ticarət mərkəzlərində sıx toplaşdığını görəndə keçirdiyimiz narahatlıq daha məsafəli yaşayışa öyrəşməyə başladığımızı göstərir. Bu, həm də bizim sosial kontakta qayıtmağın risklərini düşündüyümüzə işarədir.

"Ipsos-Mori" bazar araşdırmaları şirkətinin keçirdiyi bir sorğunun nəticələrinə görə, britaniyalıların yalnız 7%-i virusun qarşısı tam alınanadək bağlanmış iş məkanlarının açılmasına razıdır. Respondentlərin 70%-i normal yaşayışa qayıtmağa qarşıdır. Avstraliya və ABŞ-da əhalinin 60%-i, Kanadada 70%-i, Fransa və Braziliyada yarısı, Çində isə 40%-i virus təhlükəsi sovuşanadək ictimai məkanların açılmasına qarşıdır.

Son həftələr ərzində həyatımızda baş verən bir çox hadisələr "presedentsiz" adlandırılır. Mart ayında Fransanın səhiyyə naziri vətəndaşlara COVID-19-la bağlı öpüşməyə son qoymağı tövsiyə edib. Maraqlıdır ki, XV əsrdə İngiltərə kralı VI Henri taunun yayılmasının qarşısını almaq üçün öpüşməyi qadağan etmişdi.

Stiqmalar zamanla dağılır

Xəstəlik daşıyıcısı ilə məsafə saxlamaq heç də həmişə yaxşı deyil. Məsələn, HIV/AIDS yeni ortaya çıxan zamanlarda bu virusun daşıyıcıları ciddi stiqmaya məruz qalırdılar. İnsanların çoxu əl sıxmaqla xəstəliyə yoluxacağını düşünürdü. Halbuki, xəstəliyin insandan insana əl sıxmaqla deyil, cinsi yolla keçdiyi çoxdan təsbit olunmuşdu.

Mərhum Britaniya şahzadəsi Diana 1987-ci ildə Londonda xəstəxanada HIV/AIDS-ə yoluxmuş xəstənin əlini sıxmış, bununla bu stiqmanın qarşısını almağa cəhd etmişdi. Dünyanın bir çox yerində vərəm xəstələri də buna bənzər stiqma ilə qarşılaşırlar. Tarixən cüzam xəstələri də cəmiyyətdən təcrid edilib. Ancaq zaman keçdikcə bəzi stiqmalar dağılır. Məsələn, bugün çoxumuz HIV-ə yoluxmuş insanı qucaqlamaqdan çəkinmərik.

Mütəxəssislər hesab edirlər ki, əl sıxmaq, qucaqlaşmaq kimi vərdişlərin yeri görünəcək. İnsanlar hələ bir müddət onların yerini doldurmağa çətinlik çəkəcəklər.

Ancaq itirdiklərimiz öz yerində, qazandıqlarımızı da düşünməliyik. Məqalədə deyilir ki, ola bilsin, ilk öpüş yeni məna kəsb etməyə başlayacaq. Artıq təyyarələrdə oturacaqlar əvvəlki kimi sıx yerləşdirilməyəcək və insanların özəl məkanına daha çox hörmət ediləcək. Bundan sonra hər adamı dəstəkləmək üçün qucaqlamadığımıza görə bu jestin əhəmiyyəti də artacaq. Dəstək üçün əlimizi kiminsə çiyninə qoymağımızın da həmçinin.

Professor Dunbar xatırladır ki, fiziki toxunuşun yeri görünsə də, o, fiziki bağlılığın yeganə mexanizmi deyil. Endorfin ifrazını artıran şeylər arasında gülüş, mahnı oxumaq, rəqs etmək, hekayə danışmaq və s. də var. Fiziki məsafə saxlamaq bir-birimizdən soyumaq demək deyil.

XS
SM
MD
LG