Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:16

'Coker' hamımız haqdadır


Joaquin Phoenix-in canlandırdığı Arthur obrazı
Joaquin Phoenix-in canlandırdığı Arthur obrazı

«Coker» (Joker) filmində Arthur Fleck Amerika komikslərində tez-tez rast gəlinən xəyali Qotham şəhərində anası ilə yaşayır. Şəhərdə cinayət, işsizlik, yoxsulluq və səfalət tüğyan edir.

Arthur adi halda ona olan hücumları qəbul edib cavabsız qoyardı. Ancaq bir gün o, kim olduğunu, yaxud kim ola biləcəyini kəşf edir. İçindəki qüvvə ona hücuma cavab verməyi əmr edir. Metro qatarında üç nəfər onu məsxərəyə qoyub təpikləməyə başlayır. Arthur üstündə gəzdirdiyi tapançanı götürüb atəş açır. O adamların üçünü də öldürür. Bu səhnədə Hollivud filmlərini görməyə öyrəşmiş adamları təəccübləndirəcək bir şey yoxdur.

«Hər kəs haqda nəyisə ifadə edir»

Ancaq «Variety» jurnalında dərc edilən rəyin müəllifi Owen Gleiberman Arthur-un bundan sonra etdiklərinin yeni olduğunu düşünür. Arthur sakitcə ictimai ayaqyoluna girib orada rəqs edir. Sakit, rahat, az qala instinkt kimi bir rəqs. «Arthur qətl cinayəti törədib, ancaq həyatında ilk dəfə özünü rahat hiss edir. Onun içindəki qarışıqlıq sakitləşib, o azad olub. Nifrətini ifadə etməsi onu sağaldıb», – o yazır.

«...Çoxsaylı filmlərin mənfi qəhrəmanlarında da bunu görmək olar. Zorakılıq onları canlandırır. Ancaq müəllif yazır ki, Joaquin Phoenix-in canlandırdığı Arthur bunu bütün çılpaqlığı ilə nümayiş etdirir. Aktyorun bu performansı sayəsində biz Arthur-un daxilini görürük, ona əzab verən qorxunun indi onu təmizlədiyini müşahidə edirik.

Kino tənqidçiləri arasında «Coker»in zorakılığı təbliğ edib-etmədiyini müzakirə edənlər də olub. Tənqidçilərin bir qismi filmin depressiyada olan, özünə sevgili tapa bilməyən qəzəbli ağdərili kişiləri əks etdirdiyini düşünür. Sanki demək istəyirlər ki, belə adamların «bizim kimi yaxşı, mütərəqqi insanlarla heç bir əlaqəsi yoxdur və …onlara blokbaster ruporunun verilməsi bizi qəzəbləndirir».

Müəllif hesab edir ki, «Coker» Amerika cəmiyyətindəki nifrətin ayrıca götürülmüş, təcrid olunmuş bir publikası haqda dram deyil və əslində cəmiyyətdəki hər kəs haqda nəyisə ifadə edir.

Daxili səslər

Məqalədə deyilir ki, film nifrətin hücuma keçdiyi indiki dövrdə Amerikada və bəlkə həm də bütün dünyadakı daxili səsləri ifadə edir:

«ABŞ prezidenti əlindən gələn bütün ziyanları vurur və bundan həzz alır, empatiya qıtlığını nümayiş etdirir, «normal» olmayan amerikalıları şeytan kimi qələmə verir. Tərəfdarları ağdərili qisas kultunun üzvü imiş kimi (bu doğrudan da belədir) davranıb onun etdiklərini dəstəkləyir və onun hərəkətlərini təkrarlayır. Avropada virus kimi yayılmaqda olan millətçilik cərəyanları...

Zəmanəmizin karması qismən qəzəbin simbioz halına gəlməsi ilə bağlıdır. …Qəzəb… aludəçilik halına gəlir.

Mən Donald Trump-ın hər gün ifadə etdiyi dözümsüzlük, hüququn aliliyinə qarşı neofaşist nəsihətləri ilə trampizmə qarşı tamamilə anlaşılan və zəruri liberal dözümsüzlüyü eyniləşdirmirəm. …Kimsə daim onu təhqir edən valideyninə qarşı qəzəb hiss edirsə, onun reaksiyası başadüşüləndir, ancaq bu, yenə də həmin insanı qəzəb dolu bir şəxsə çevirir. (İnsanlar buna görə terapiyaya müraciət edir). Sosial mediada yaşayırsınızsa, görün bizim mədəniyyətimiz, o cümlədən liberal mədəniyyətimiz nəyə çevrilir: …analığın düzgün qaydalarından tutmuş, «Taxt-tac oyunları»na qədər hər mövzuda bitmək bilməyən orta sinif müharibəsi.

Arthur-un «Coker»də dediyi kimi, «Görəsən, təkcə mən beləyəm, yoxsa ətrafda hamı get-gedə dəli olur?» …Biz [birləşməmiş], qopmuş Ştatlara… çevrilirik. Ancaq bunu anlamaq vacibdir ki, ictimai, mədəni, siyasi həyatın mərkəzində duran qəzəb təkcə destruktiv qüvvə deyil. …O, həm də zəiflədici qüvvədir. Mən boş-boş danışıram, ona görə də varam. Mən deyinirəm, ona görə varam. Mən qəzəblənirəm, ona görə varam». (René Descartes-ın «Düşünürəm, ona görə varam» ifadəsi tərzində - tərc.)

Müəllifə görə, filmdə Arthur da məhz bu saxtalığı öldürmək istəyir. Məhz buna görə də o bizim hamımızı təmsil edir.

XS
SM
MD
LG