Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:17

Türkiyədən qərbə köçən uyğurlar


İndoneziyada uyğurlara dəstək aksiyası
İndoneziyada uyğurlara dəstək aksiyası

Türkiyə hələ də uyğurların üz tutduğu böyük ölkə olaraq qalır. Amma tanınmış fiqurlar, məsələn qazax fəal Serikjan Bilaş oradan ABŞ-a köçüb

Çin dünyanın müxtəlif yerlərində uyğurları və digər müsəlman azlıqları genişlənməkdə olan torla ovlayır, Yaxın Şərq, Cənub və Orta Asiya hökumətləri ilə əməkdaşlıqdan yararlanır. AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Reyd Stendiş “Böyük Polad Səddi” adlı hesabatdan yazır. Vilson Mərkəzinin Çin və Birləşmiş Ştatlar üzrə Kissincer İnstitutunun hazırladığı hesabatda Pekinin transmilli kampaniyasına qorxutma, qısnama, izləmə, saxlama və ekstradisiyaların daxil olduğu vurğulanır.

Çinin qlobal yüksəlişi, çoxmilyardlıq Kəmər və Yol Təşəbbüsünə oxşar layihələri ilə iqtisadi nüfuzunu artırması Pekinə hökumətlər üzərində yeni təzyiq rıçağı verib, onları özünün genişlənən repressiya kampaniyasına tərəfdaş kimi cəlb edib.

10 ölkədən beşi...

Araşdırma zamanı 5 min 532 uyğurun qorxudulması, 1150 uyğurun qaldığı ölkədə saxlanması, 424 uyğurun Çinə deportasiyası, yaxud ekstradisiyası sənədləşdirilib. Bu halların 1997-ci ildən 2022-ci ilədək baş verdiyi bildirilir.

Uyğurların, eləcə də etnik qazaxların, qırğızların və digər qrupların saxlama və ekstradisiya riski qarşısında olduğu 10 ölkədən beşi üçün Çin ən böyük maliyyə kreditorudur. Bu ölkələr Pakistan, Qırğızıstan, Tacikistan, Kamboca və Myanmadır. Hesabatda deyilir ki, liderlər “iqtisadi imkanlar naminə insan haqları ilə alver edirlər”.

Pekin islamçı ekstremizmlə mübarizə adı altında qərbi Sintzyan vilayətində düşərgə və həbsxanalarda 1 milyondan çox uyğur, qazax və digər müsəlman azlıqlardan olanları saxlayır. Məcburi əmək, kütləvi yerləşdirmə, doğuşa məcburi nəzarət, uyğur mədəni və dini kimliyinin məhvi, eləcə də soyqırımı iddiaları səslənir.

İki səbəb

Vilson mərkəzinin əməkdaşı, aprelin 25-də yayılmış araşdırmanın müəllifi Bredli Cardin AzadlıqRadiosu-na müsahibəsində deyib ki, Çinin uyğurlara qarşı kampaniyası təzə başlamayıb. 1997-ci ildə Pakistandan ilk deportasiyalar qeydə alınıb. Sonradan miqyası böyüyüb.

“Bunun iki əsas səbəbi var. 2001-ci ildə ABŞ-ın terrorla müharibəyə başlaması Çinə uyğur dissidentlərin və diaspor icmalarının təqibi üçün alyans və koalisiyalar qurmağa yeni ritorik alətlər verdi; 2017-ci ildə Sintzyanda kütləvi həbslər proqramıyla Çin vilayətdə alqoritmik nəzarəti gücləndirdi”, – o deyir.

Cardin indiyədək 1500-dək uyğurun Səudiyyə Ərəbistanı, yaxud Misir kimi ölkələrdə saxlandığını, yaxud Tacikistandan deportasiya olunduğunu deyir, yəni, miqyas yetərincə böyükdür. “Bu yalnız saxlama və təhvil vermələrin sayıdır. Kiberhücumlardən Çin getdikcə daha çox yararlanır. Ailə üzvlərinə təhdidləri də nəzərə alanda bu sayın 7 mini keçdiyini görərsiz”, – o, sözlərinə əlavə edir.

Uyğur Tribunalı Çin hökumətini ittiham edən qərar qəbul edib
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

Türkiyə

Təhlilçi uyğurların getməyə yeri qalmadığını vurğulayır. Orta və Cənubi Asiya, Cənub-şərqi Asiya, Yaxın Şərq və Türkiyə kimi ənənəvi sığınacaqlarda siyasi məkanlar daralır. Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan Kəmər və Yol sammiti forumunda çinli həmkarıyla ekstradisiya sazişi imzalayıb: “O vaxtdan Türkiyənin uyğur diasporunda qorxu hissi yaranıb, onların çoxu Avropaya, Şimali Amerikaya üz tutur. Yaponiya da uyğurlar üçün böyük sığınacaq yerinə çevrilib”.

Türkiyə hələ də uyğurların üz tutduğu böyük ölkə olaraq qalır. Amma tanınmış fiqurlar, məsələn qazax fəal Serikjan Bilaş oradan ABŞ-a köçüb.

Kiberhücumlar

Tədqiqatçı uyğurların hətta demokratik ölkələrdə belə kiberhücumlara məruz qaldığını deyir. Onların Sintzyandakı ailə üzvlərinə isə təhlükə həmişə var:

“Diaspor ailə üzvlərilə əsasən WeChat və çin sosial media platformaları üzərindən əlaqə saxlayır. WeChat uyğurlar haqda informasiya yığımı alətinə çevrilib. Sintzyanda təhlükəsizlik xidmətləri onları hədəf götürür, fəaliyyətini məhdudlaşdırır”.

Cardin Çinin uyğur diasporuna qarşı transmilli repressiya və izləmə kampaniyasında Şanxay Əməkdaşlıq Təşkilatının (SCO) rolunu da qeyd edir. Çin bu qurumda Orta Asiyadakı tərəfdaşları və Rusiya ilə əməkdaşlıq edir. SCO çərçivəsində çoxsaylı sazişlər üzv ölkələr arasında sorğu-sualsız qarşılıqlı ekstradisiyaya imkan verir.

XS
SM
MD
LG