Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:14

Çin NATO-nun ittihamından sonra Rusiya ilə birgə təlimlərə başlayıb


Çin-Rusiya hərbi dəniz donanmalarının birgə təlimlərindən biri (Arxiv fotosu)
Çin-Rusiya hərbi dəniz donanmalarının birgə təlimlərindən biri (Arxiv fotosu)

Çin və Rusiya hərbi dəniz donanmaları bazar günü Çinin cənubundakı hərbi dəniz bazasında birgə təlimlərə başlayıblar.

Associated Press agentliyi yazır ki, bundan bir neçə gün əvvəl NATO müttəfiqləri Çini Ukraynadakı müharibənin həlledici “hərəkətverici qüvvəsi” olmaqda ittiham etmişdilər.

Çin Müdafiə Nazirliyi bildirib ki, tərəflər Sakit okeanın qərb və şimal hövzələrində patrul keşiyini məşq ediblər.

Nazirliyin qısa bəyanatında bu da qeyd olunur ki, bu təlimlər hazırkı beynəlxalq və regional situasiyalarla bağlı deyil və heç bir üçüncü tərəfi hədəfləmir.

Çinin Quandonq vilayətindən başlanan birgə manevrlərin daha bir neçə gün davam edəcəyi xəbər verilir.

Pekin bildirir ki, təlimlərdən məqsəd donanmaların təhlükəsizlik hədələrinə, habelə qlobal və regional stabilliyin mühafizəsinə hazırlığının nümayişidir.

Ukrayna müharibəsinin “həlledici hərəkətverici qüvvəsi”

Çinin CCTV televizyasının məlumatında deyilir ki, təlimlərdə antiraket, dəniz zərbələri və hava hücumundan müdafiə təmrinləri həyata keçirilir.

Sinhua agentliyinin məlumatın görə Çin və Rusiya hərbi dəniz donanmaları taktiki koordinasiya təmrinlərini icra ediblər.

AP xatırladır ki, sözü gedən təlimlər NATO-nun ötən həftə keçirilən sammitindən dərhal sonra başlanıb.

NATO sammitinin sərt bəyanatında deyilir ki, Çin getdikcə alyansın daha çox narahatlığını doğurur və Pekin Rusiyanın Ukraynadakı müharibəsinin “həlledici hərəkətverici qüvvəsinə” çevrilib.

Bəyanatda vurğulanır ki, alyans üzvləri Hind-Sakit okean hövzəsində Rusiya və onun asiyalı dəstəkçilərinin, xüsusilə də Çinin hərəkətlərindən narahatdırlar.

Pekinin cavabı: “Asiyaya da xaos gətirməyin”

Buna cavab olaraq Çin NATO-nu öz təhlükəsizliyini başqalarının təhlükəsizliyi hesabına təmin etmək cəhdində ittiham edib və NATO-nu Asiyaya da "eyni xaosu” gətirməməyə çağırıb.

Çin Xarici İşlər Nazirliyi bəyan edib ki, Pekin Ukrayna müharibəsi məsələsində ədalətli və obyektiv mövqe tutub.

ABŞ rəsmiləri bildirirlər ki, ötən həftə ABŞ sahil keşiyinin patrulu Berinq dənizində bir neçə Çin hərbi gəmisini müşahidə etmişdi.

Vurğulanır ki, gəmilər neytral sularda olsalar da, ABŞ-ın müstəsna iqtisadi zonasına daxil olmuşdular.

Xəbər verilirdi ki, üç Çin gəmisi Aleut adaları arasındakı Amçitka boğazında müşahidə olunub.

Daha sonra elə həmin ərazidə Çinin dördüncü hərbi gəmisi görünmüşdü.

ABŞ bildirir ki, Çin gəmiləri beynəlxalq norma və qaydalara riayət edirdilər.

XS
SM
MD
LG