Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 20:27

Səfirliyin yüzminlərini qumara yönəltməkdə suçlanan diplomat: 'Çox peşmanam'


İllüstrativ foto
İllüstrativ foto

Azərbaycanın Koreya Respublikasındakı səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanov 347 min manat vəsaiti internet üzərindən mərc və s. qumar oyunlarına yönəltməkdə suçlanır. 2021-ci ilin fevralından 2022-ci ilin aprelinə qədər bu vəzifədə çalışmış Osmanov hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Ona külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı kimi ittihamlar irəli sürülüb.

34-yaşlı Osmanov hazırda həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Cinayət işinin materiallarında iddia olunur ki, Osmanov səfir Rəmzi Teymurovun möhürləyərək təsdiqlədiyi ödəniş tapşırıqlarını banka təqdim edib, nəticədə hesaba pullar köçürülüb. Həmin pullar da mənimsənilib. Daha doğrusu, internet üzərindən müxtəlif oyunlara yönləndirilib. İttihama əsasən, sözgüdən vəsaitlər səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan pullar olub.

77 min dollar ödədiyini deyir

Fevralın 24-də məhkəmədə dindirilən Osmanov özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu vurğulayıb. O bildirib ki, əvvəllər Xarici İşlər Nazirliyinin Maliyyə İdarəsində çalışıb, 2022-ci ilin fevralından Koreya səfirliyinə maliyyə məsələləri üzrə attaşe təyin olunub.

“Həmin ilin may ayından məndə oyunlara asılılıq yaranmağa başladı. Sözlə ifadə olunmayacaq dərəcədə peşmanam. Vurulan ziyandan 77 min dollar ödəmişəm. Qalan ziyanı da ödəməyə çalışıram...”, - Osmanov belə deyib.

Cinayət işinin materiallarına əsasən, yeyinti halları 2021-ci ilin mayından 2022-ci ilin fevralına qədər olan dövrdə baş verib.

Osmanova ittiham verilmiş CM-in 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG