Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:22

İrəli getmək üçün çalışqanlıq bəs etmir


Çalışqanlıq karyera nərdivanında gözlənildiyi qədər işə yaramır.
Çalışqanlıq karyera nərdivanında gözlənildiyi qədər işə yaramır.

Bu yayın sonlarında britaniyalı yazıçı Keyt Lister Twitter-də bunları yazmışdı: "Çox mədəni olmaq, çox işləmək və öhdənizə götürməli olduğunuzdan qat-qat çox işin altına girməyə görə avtomatik mükafat verilməyəcəyini anlayanda neçə yaşınız vardı?". Onun bu fikirləri ilə çox adam razılaşmış, postu 400 mindən çox adam bəyənmiş və ya yenidən tvitləmişdi.

İnsanlar sizi görməlidirlər

"Hard Work is Not Enough" (Çalışqanlıq kifayət deyil) adlı kitabın müəllifi, icraçı kouç Ceff Şennon deyir ki, uşaqlıqdan insanların beyninə çalışqanlıqla hər məqsədə çatmağın mümkünlüyü yeridilsə də, əslində, bu belə deyil. O hesab edir ki, karyeranın ilk dövrlərində çalışqanlıq yaxşı başlanğıcdır və işinizdə yerinizi möhkəmləndirməyə kömək edə bilər.

Ancaq BBC yazır ki, çalışqanlıq karyera nərdivanında gözlənildiyi qədər işə yaramır. Bəli, sistemin sadəcə çalışqanlığa dəyər verməməsi nə qədər ədalətsiz olsa da, karyera yolunda həqiqətən irəli getmək üçün daha çox şeyə ehtiyac var. Çox zaman bu pillələrdə irəliləyənlər sizin başınız işə və çalışqanlığınıza qarışdığı zaman siyasət işlədənlər olur.

Şennon deyir ki, əgər bunu görüb dəyərləndirən yoxdursa, sizin çalışqanlığınızın heç bir əhəmiyyəti yoxdur. Səylərinizi vəzifə və maaş artımına çevirmək üçün insanların sizi görməsinə nail olmalısınız. Xüsusən də iş dünyasının ciddi dəyişikliklər içində olduğu müasir dövrdə.

"Tiara effekti"

ABŞ-da yerləşən "Negotiating Women, Inc." konsaltinq şirkətinin prezidenti Kerol Frölinqer deyir ki, çalışqanlıq hələ də vacib olaraq qalır. Ancaq kiminsə bir gün bunu görəcəyini gözləmək düzgün olmazdı.

Frölinqer bu tendensiyanı "tiara effekti" adlandırır. "İnsanlar səylə çalışırlar, gözəl nəticələr göstərirlər və ümid edirlər ki, adamlar bunu görəcək və gəlib onların başına tiara qoyacaq. Ancaq, adətən, bu, baş vermir. Yaxşı işləyən və bundan başqa heç nə etməyən adamların başına gələ biləcək işlərdən biri onların radardan kənardan qalmasıdır. Buna görə də, vəzifənin artırılması üçün imkan yarananda heç kim onlar haqqında düşünmür. Onlar sakitcə unudulur", – o deyir.

Bəs ta ibtidai sinifdən uşaqlara ən sakit, ən çalışqan adamların inkişaf etdiyi barədə deyilənlər necə olsun? Müəllimlər erkən yaşlardan uşaqları bu keyfiyyətlərinə görə mükafatlandırdığı üçün uşaqlar böyüyür və müdirlərindən də belə reaksiya gözləyir. Ancaq iş dünyasına girəndən sonra öyrədilən dərslərin yanlış olduğunu görmək məyusluq doğurur.

Qadınlar

Üstəlik, bu vəziyyət qadınlara daha çox problem yaradır. Çünki kişilər, adətən, öz uğurlarından çox və rahat danışa bildikləri halda, qadınların eyni şeyi etməsi lovğalıq və üzlülük kimi dəyərləndirilir. Bəs, bu stereotipin öhdəsindən necə gəlmək olar? BBC-nin yazısında deyilir ki, bunun yolu illik performans dəyərləndirməsini gözləmədən öz nəticələrinizə diqqət cəlb etməyin yollarını tapmaqdır.

Frölinqer deyir ki, bunun üçün bir il oturub ilin sonunu gözləmək olmaz. O deyir ki, bundan ötrü müdirə öz işiniz və nəticələriniz barədə mütəmadi və kontekstə uyğun hesabatlar verməlisiniz.

"Bu, bəndlər şəklində yazılmış kiçik e-mail də ola bilər. "Bu nə üçün bizim komandamıza faydalı oldu", yaxud da "bu, şirkətə pula qənaət etməsinə necə kömək etdi" kimi giriş cümlələr işə yaraya bilər", – o deyir. Əlbəttə, bunları hər gün deməyə gərək yoxdur. Ancaq vaxtında, yerində və kontekstə uyğun deyilməsi vacibdir.

Siyasətçi olmaq

Əksər sahələrdə və iş yerlərində sizin peşə keyfiyyətləriniz irəli getməyiniz üçün kifayət deyil. Siz həm də ətrafdakıların simpatiyasını qazanmalı, onların yadında qalmalısınız. "Təsir gücünə sahib olmaq istəyirsinizsə, insanlar sizə etibar etməli, inanmalıdır", – Şennon deyir. Bu isə o deməkdir ki, irəli getmək üçün təkcə gözəl əməkdaş yox, həm də bir az siyasətçi olmaq lazımdır.

"Siz lider kimi görülməlisiniz. Siz bəyənilməlisiniz: həm öz səviyyənizdə olanlar, həm sizdən yüksəkdə duranlar, həm də tabeliyinizdə olanlar tərəfindən. …Sevilən insanlar hətta işləri ilə seçilməsələr də, daha yaxşı reytinq alırlar", - Şennon deyir.

Siz və həmkarlarınız eyni bacarıqlara və iş əxlaqına sahib ola bilərsiniz. Ancaq onlar insanlarla dostlaşmağa vaxt sərf ediblərsə, onların işi daha yaxşı görünəcək. Müdirlər də insandır və bəyəndikləri insana daha çox qiymət vermək onların da baza instinktidir.

"Əgər siz karyeranızın qayğısına qalmırsınızsa, bunu sizin yerinizə heç kim etməyəcək", – Frölinqer deyir.

XS
SM
MD
LG