Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:29

'Bəlkə də, islahatın 'i' hərfinə başlanmış olar'


Prezident İ.Əliyev Baş nazirin müavini Ə.Həsənovu qəbul edir
Prezident İ.Əliyev Baş nazirin müavini Ə.Həsənovu qəbul edir

Oktyabrın 21-də dövlət başçısı İlham Əliyev Baş nazirin müavinləri Hacıbala AbutalıbovƏli Həsənovu ərizələrinə əsasən vəzifələrindən çıxarıb. Üstəlik, onları bu ərizələri ilə bağlı qəbul edib.

AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı Ə.Həsənovu qəbul edərkən deyib: «...Əlbəttə, həyat yerində durmur, yeni Baş nazir təyin edilib, Nazirlər Kabineti qarşısında yeni vəzifələr qoyulub. Bir də ki, siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, Siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır».

Prezident H.Abutalıbova da onun müraciətini yüksək qiymətləndirdiyini söyləyib: «...Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə Sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, Sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm».

N.Bəydəmirli
N.Bəydəmirli

«Yaşlı və səlahiyyətli...»

«Baş nazirin iki müavininin vəzifəsindən azad edilməsi fonunda «köhnə və yeni komanda» anlayışı nisbidir. Onların belə yola salınması vaxtilə baş nazirin keçmiş müavini Abbas Abbasovun yola salınmasını mənə xatırlatdı».

Bunu AzadlıqRadiosuna keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli deyib. O, habelə vurğulayıb ki, həmin iki şəxsdən də yaşlı və səlahiyyətli şəxslər var ki, hələ də vəzifə kreslosundadırlar: «Dəfələrlə demişik ki, Nazirlər Kabineti çevik, dinamik vəziyyətə gətirilməlidir. Ona görə də Azərbaycanda baş nazir müavinləri postları ləğv olunmalıdır. Baş nazirin iki müavini olmalıdır, bunlar da nazirlərin içindən, bir il müddətinə təyin olunmalıdırlar».

İqtisadçı hesab edir ki, belə yanaşma həm dövlət vəsaitlərinə qənaət edilməsinə, həm də qərarların çevik qəbil olunmasına şərait yaradacaq.

N.Bəydəmirliyə görə, indiki halda baş nazirin müavinlərinin nə işlə məşğul olduqları məlum olmur: «Çox təəssüf ki, Nazirlər Kabineti funksional deyil, bu mənada Nazirlər Kabineti dediyimiz çərçivəyə salınsa, komitə və nazirliklər optimal vəziyyətə gətirilsə, bəlkə də islahatın «i» hərfinə başlanmış olar».

Amma o, bu baş verənlərin sadəcə gündəmi dəyişmək kimi izah edilməsi ilə də razı deyil: «...Mən baş nazir müavinləri postlarının ləğv olunmasının, Nazilər Kabinetinin kiçildilməsinin tərəfdarıyam».

V.Əhmədov
V.Əhmədov

Deputat: «Bunun davamı da olacaq»

Deputat Vahid Əhmədov isə deyir ki, bu azad edilmələr yeni baş nazirin təyin edilməsi və gözləntilər ilə bağlıdır.

V.Əhmədov hesab edir ki, Nazirlər Kabinetinin çevikləşdirilməsi üçün ciddi struktur və kadr islahatları getməlidir. O vurğulayır ki, bu məsələ də prezidentin səlahiyyətindədir, ona görə də belə bir addım atılıb: «Amma bunun davamı da olacaq. İstər hökumətdə, istərsə də digər qurumlarda belə vəzifəli şəxslər var ki, doğrudan da yaş hədləri kifayət qədərdir. Onlar da başa düşməlidirlər ki, Azərbaycan hökumətində cavanlaşma prosesi gedir, prezident də bunu təqdir edir. Hesab edirəm ki, bu, davamlı olacaq və problem olmayacaq».

XS
SM
MD
LG