Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:28

Buğda istehsalında monopoliya yox, oliqopoliya. Deputatdan ehtimal


Taxıl əkənlər hökumətdən gübrə və su üçün kömək istəyirlər
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00

Taxıl əkənlər hökumətdən gübrə və su üçün kömək istəyirlər

"Buğda istehsalçılarına bundan əvvəl də subsidiyalar ayrılmışdı, amma bunun effekti olmadı". İşadamı, iqtisadçı Nazim Bəydəmirli Prezident İlham Əliyevin iyulun 19-da imzaladığı fərmana əsasən, ərzaqlıq buğdaya 5 il müddətində məhsul subsidiyası tətbiqini şərh edərkən belə deyir. Həmin sənədə görə, hökumət avqustun 1-dək ərzaqlıq buğdanın dövlət tədarük qiymətini də müəyyən edəcək.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra dünya bazarında buğda bahalanmağa başlayıb. Məsələn, Avropanın "Euronext" birjasında iyulun 12-də buğdanın 1 tonunun qiyməti 341.75 avro olub.

Rəsmilərin fikrincə, prezidentin fərmanı buğdanın dünya bazarında qiymətinin od tutub yandığı zamanda Azərbaycanda onun qiymətini tənzimləməyə imkan yaradacaq. Amma ekspertlər fərqli düşünürlər, onların fikrincə, bu, monopoliyanı dərinləşdirəcək.

"Azərbaycanda problem məmur sahibkarlığı və inhisarçılıqdır. Bu problem köklü həll olunmasa, subsidiyalaşma yenə də sui-istifadə hallarına, monopoliyaya gətirib çıxaracaq",- N.Bəydəmirli belə deyir.

R.Quliyev
R.Quliyev

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a deyir ki, sözügedən fərman əsaslandırılmayan qiymət artımının qarşısının alınmasına yönəlib. Onun sözlərinə görə, bəzi ekspertlər həmişə dövləti qiymətlərə nəzarət edə, inflyasiyanın qarşısını ala bilməməkdə qınayırlar, amma son fərman həmin sözlərin doğru olmamasının sübutudur: "Həmin fərmanla dövlət buğda istehsalçılarına yardım etmək məqsədilə üzərinə öhdəlik götürür. Təbii ki, bu, buğda qiymətlərinin artmasının, inflyasiyasının qarşısını almaq üçün dövlət nəzarəti tədbirləri çərçivəsində olacaq".

"Həmin addım tam monopoliyaya gətirib çıxarmayacaq. Ola bilsin ki..."

Deputat bu fərmanla buğdanın yerli istehsalı probleminin həll olunacağına ümid edir. O ki qaldı monopoliya haqda söylənənlərə, R.Quliyev buğda istehsalının və satışının bir əldə cəmləşməsini istisna etmir: "Həmin addım tam monopoliyaya gətirib çıxarmayacaq. Ola bilsin ki, müəyyən oliqopoliyaya (bazarda bir neçə firmanın dominant olması – red.) gətirib çıxarsın. Ola bilsin ki, dövlət qurumlarıyla yanaşı, üzərinə öhdəlik götürən böyük şirkətlər rəqabət mühitində buğdanın istehsalında iştirak etsin".

N.Bəydəmirli
N.Bəydəmirli

"Qiymətləri dövlət tənzimləməməlidir"

İşadamı və iqtisadçı N.Bəydəmirli isə AzadlıqRadiosuna bildirir ki, dövlət tərəfindən qiymətlərin tənzimlənməsinin əleyhinədir. O hesab edir ki, liberal bazar dəyərləri tətbiq olunmalıdır.

N.Bəydəmirli ötən dövrdə dövlətin Taxıl Fondu adı altında buğda tədarükünə kifayət qədər vəsait ayrıldığını və orada yetərincə sui-istifadə hallarına rastlandığını söyləyir: "Aşağı keyfiyyətli məhsul alaraq daha yuxarı qiymətlə rəsmiləşdirirdilər. Bir müddət sonra isə məhsulun qiymətində problemlər yaranırdı".

İqtisadçının fikrincə, Azərbaycanda yerli məhsulun alışına üstünlük verilməlidir: "Düzdür, hərdən fikirlər səsləndirilir ki, Azərbaycanda ərzaq buğdası istehsal etmək olmaz və buğdanı mütləq xaricdən idxal etmək lazımdır. Bu, yanlış fikirlərdir".

Deputat R.Quliyev hesab edir ki, sözügedən fərmanla dövlət üz üzərinə bütün xərcləri, riskləri götürür və əhalinin buğda çatışmazlığından, qiymət artımından əziyyət çəkməsinin istəmir.

XS
SM
MD
LG