Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:36

BSU prorektoru Primakov müsabiqəsi haqda: '...mən buna mənfi baxıram'


Y.Primakov
Y.Primakov

Keçmiş SSRİ-nin və Rusiyanın dövlət xadimi, şərqşünas, xarici kəşfiyyatın başçısı, xarici işlər naziri və baş nazir kimi vəzifələr tutmuş Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı Bakıda sərgi keçirilir. Bundan başqa, Rusiya səfirliyinin elan etdiyi «Primakovun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu» ilə bağlı esse müsabiqəsinə Bakı Slavyan Universitetinin tələbələri də qatılıb. Buiki hadisə Azərbaycanda narazılıqla qarşılanıb. Sərginin dayandırılması tələb olunur. Eləcə də müsabiqəyə razılıq verdiyinə görə BSU rektorunun istefasını tələb edənlər var.

Prorektor: «Sözün düzü, mən buna mənfi baxıram»

Universitetin rektoru Nurlana Əliyeva Elmi Şuranın iclasında olduğundan prorektor Rafiq Novruzov AzadlıqRadiosuna açıqlama verib. O deyib ki, esse müsabiqəsinin keçirilməsi təşəbbüsü Rusiya səfirliyinə aiddir və bu təklif bütün universitetlərə göndərilib.

«Tələbələr də özləri o müsabiqədə iştirak ediblər. Universitetlərin çoxu orda iştirak edib. Slavyan Universitetinin buna aidiyyəti yoxdur. Səfirlik özü universitetlərə müsabiqə haqda elektron qaydada elanı, məlumatları göndərib», – prorektor bildirir.

R.Novruzov BSU-nun esse müsabiqəsinin keçirilməsinə razılıq vermədiyini, rektorluğa rəsmi müraciət edilmədiyini də əlavə edir:

«Bakı Slavyan Universiteti rəhbərliyinin bu məsələyə dəxili yoxdur. Müsabiqə elan olunub. Kim istəsə, iştirak edə bilərdi. Biz müdaxilə etməmişik. Mən başa düşürəm ki, bu, siyasi məsələdir. Primakov azərbaycanlıların yaddaşında ayrı səpkidə, ayrı cür qalıb. Sözün düzü, mən buna mənfi baxıram. Amma bu müsabiqə bir balaca yaradıcılıqla bağlıdır. O, siyasi subyekt kimi qəbul olunur. Onunla bağlı deyilənləri də başa düşürük».

Y.Primakov və V.Putin
Y.Primakov və V.Putin

«Müsabiqəyə qatılanlar Rusiya vətəndaşıdır»

Universitetin mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimlinin yaydığı məlumatda isə tələbələrin iştirakı haqda fərqli fikir deyilir: «BSU-nun yazı müsabiqəsinin qalibi olmuş tələbələri səfirliyin BSU-ya rəsmi məktubu əsasında həmin yazı müsabiqəsində iştirak ediblər».

Eyni zamanda, açıqlamada müsabiqəyə qatılan tələbə-gənclərin əcnəbi - Rusiya Federasiyasının vətəndaşları olduqları bildirilir.

Həmçinin, açıqlamada Rusiyanın Azərbaycanın «böyük və qüdrətli» qonşusu olduğu, iki ölkə arasında münasibətlərin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanır.

Pənah Hüseyn: «Bu, Azərbaycan xalqına qarşı rəzalətdir»

«SSRİ rəhbərliyinin Azərbaycana törədiyi cinayətin, silahlı təcavüzün, dinc əhalinin qırılmasının 30 illiyi ərəfəsində bu cür sərginin və ya müsabiqənin təşkilini yolverilməz sayıram. Bu, Azərbaycan xalqına qarşı rəzalətdir, şəhidlərimizin xatirəsinə hörmətsizlikdir», – keçmiş baş nazir Pənah Hüseyn AzadlıqRadiosuna deyir. O, fikrini bu cür davam etdirir: «Bu iki hadisəni indiki Azərbaycan hakimiyyətinin geosiyasi mahiyyəti haqda qəbuledilməz mesaj, Rusiya qarşısında bir vassal kimi davranış, özünü «rus dünyası»nın bir hissəsi saymağı, Azərbaycanın müstəqilliyinə qarşı bir akt kimi qəbul edirəm».

P.Hüseyn
P.Hüseyn

P.Hüseyn 1991-ci ildə Ali Sovetin (indiki Milli Məclis) sədri Elmira Qafarovanın imzasıyla qəbul edilən sənədə Y.Primakovun adının daxil edildiyini, onun günahkarlar sırasında olduğunu xatırladır: «Deputat-istintaq komissiyasının təhqiqatının yekunu olaraq belə bildirilmişdi. Bu qərar indi də qüvvədədir. Bundan başqa, 1994-cü ildə, yəni Xalq Cəbhəsi hakimiyyətdən gedəndən sonra Baş Prokurorluq həmin cinayətin araşdırılması üzrə təhqiqatı başa çatdırdı. Baş Prokurorluğun Milli Məclisə təqdim etdiyi sənəddə də Primakov bu cinayətin əsas təşkilatçılarından biri kimi göstərilmişdi. Doğrudur, Heydər Əliyevin rəhbərlik etdiyi Milli Məclisin iclasında qəbul edilən sənəddə Primakovun adı çıxarıldı. Amma Baş Prokurorluğun təhqiqatının nəticələri haqda sənəd dərc edilmişdi və rəsmən bu haqda məlumat verilmişdi».

P.Hüseynin qənaətincə, Y.Primakovla bağlı tədbirlər Azərbaycan rəhbərliyinin xəbəri və razılığı olmadan keçirilə bilməzdi.

Həmin sərginin dayandırılması tələbi ilə bir sıra siyasi qurumlar, siyasətçilər müraciət və çıxışlar ediblər, buna aydınlıq gətirilməsi tələb olunub.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələri Bakı şəhərinə daxil olaraq, dinc əhalini gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər həlak olub, 744 nəfər yaralanıb, 1000-ə yaxın şəxs həbs edilib.

1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.

T.Zülfüqarov
T.Zülfüqarov

Tofiq Zülfüqarov: «Bu qərar Lavrovsuz verilə bilməzdi...»

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun məsələyə baxışı bir qədər fərqlidir. Onun sözlərinə görə, 20 Yanvar hadisələri zamanı Bakıya qoşun yeridilməsində Primakovdan başqa SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri, müdafiə naziri və başqa rəhbər şəxslər də iştirak edib. Üstəlik də, bu haqda qərarın dövlət başçısı ilə müzakirələrdən sonra qəbul oluna biləcəyini düşünür:

«Həmin vaxt Primakov televiziyada demişdi ki, Bakıya qoşun yeridilməyəcək. O bunu açıq deyirdisə, deməli, silahlı təcavüzün tərəfdarı deyildi. Amma əksinə oldu. Burda qaranlıq qalan məsələlər var. İkincisi, Primakov hökumət başçısı olanda Lissabonda prezident Heydər Əliyevlə görüşdü və Dağlıq Qarabağla bağlı qərarın qəbulunda Azərbaycana dəstək verdi. İlk dəfə Rusiyanın hökumət başçısı dövlət adından bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bundan sonra belə bəyanat səslənməyib. Şahidi olduğum bir məsələni də deyim: Heydər Əliyevin xahişiylə Minsk qrupunun ermənipərəst sədrlərindən biri Kazimirovu oradan uzaqlaşdırdı və Kosta-Rikaya səfir göndərdi».

T.Zülfüqarov bir neçə gün öncə Moskvada Y.Primakovun heykəlinin və məhz həmin gün də Rusiya səfirliyinin təşəbbüsü ilə Bakıda sərgi açılmasını təsadüf saymır. Keçmiş nazirin fikrincə, bu qərar xarici işlər naziri Sergey Lavrovsuz verilə bilməzdi.

«Təbii, hamı Primakova Bakıda münasibətin birmənalı olmadığını bilir. O baxımdan, bu addım şübhəli gəlir. Primakova münasibət Rusiyada çox müsbətdir və bunun fonunda Azərbaycandakı tənqidlər bizə qarşı istifadə ediləcək. Sərginin açılmasında məqsəd də budur. Ona görə kiminsə oyunlarına getməməliyik. Emosional yox, bizdən gözlənilməyən, maraqlarımıza uyğun reaksiya göstərməliyik», – Zülfüqarov belə düşünür.

XS
SM
MD
LG