Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:31

Qızıl çıxarılan kəndin sakini: ‘İstəyirlər biz köçək ki, şirkət genişlənsin’


Bestobenin girişi
Bestobenin girişi

Bestobe sakinləri son iki ili ölkənin müxtəlif yerlərində çoxlu layihələri olan “Altınalmas” hasilat şirkəti ilə mübarizəylə keçirib

Qazaxıstanın 6 min nəfər əhalisi olan Bestobe kəndində on illərdir ki, qızıl çıxarılır. Kənddə yaşayan taksi sürücüsü və ictimai fəal Nikolay Katçiyev belə bir kənddə ən sadə infrastrukturun belə olmaması ilə bağlı öz ehtimalından danışır.

"Heç nə tikmirlər ki, adamlar burada yaşamaq istəməsin. İstəyirlər biz köçək ki, qızıla nəzarət edən şirkət genişlənsin. İnsanlar yoxdursa, problem də yoxdur”, – 48 yaşlı Katçiyev deyir.

Nikolay Katçiyev
Nikolay Katçiyev

13 səhifəlik şikayət məktubu və...

Bestobe sakinləri son iki ili ölkənin müxtəlif yerlərində çoxlu layihələri olan “Altınalmas” hasilat şirkəti ilə mübarizəylə keçirib.

2021-ci ildə şirkət xroniki toz çirklənməsinə etiraz edən kənd sakinlərinin təzyiqi altında filiz emalı zavodunda əməliyyatı dayandırmağa məcbur olub. Bundan sonra Katçiyevə cinayət işi açılıb.

Aktivistin evinə basqın edən polis nərdivanla yuxarı çıxaraq onun yeniyetmə oğlunun yataq otağının pəncərəsindən içəri girib. Hər şey də Katçiyevin ölkə prezidenti Qasım-Jomart Tokayevə 13 səhifəlik şikayət məktubu yazaraq görüş istəməsindən sonra başlayıb.

Bestobe sakinləri
Bestobe sakinləri

...prezidentin cavabı

Katçiyev Tokayevdən "dövlətin bu cür şirkətlərə … münasibətini yenidən nəzərdən keçirməsini” xahiş edib və onların kəndindəki dağıntının bütün ölkəyə yayılmasını istəmədiyini bildirib.

İlin əvvəlində 230 nəfərin ölməsi ilə nəticələnən iğtişaşlardan sonra təcili prezident seçkisi elan edən Tokayev onun xahişinə ən azı sözlə cavab verib.

O bu ayın əvvəlində Karaqanda bölgəsinə səfəri zamanı mədən hasilatı sektorunda çalışan şirkətləri kapital axını və ətraf mühitin korlanmasına görə tənqid edib, “oliqarx kapitalizmi erasının sona çatdığını” deyib.

"Əgər böyük sənaye şirkətləri tələblərimizə cavab vermirsə, onlarla tərəfdaşlığa son qoymalı olacağıq. Bu, hədə deyil, sivil dünyada qəbul olunan sadə, ədalətli qaydalardır”, – Tokayev deyib.

Bura vaxtilə elektirk stansiyası idi
Bura vaxtilə elektirk stansiyası idi

Xəbərdarlığa inanan varmı

Ancaq heç də hamı Tokayevin ölkənin ən zəngin adamlarına xəbərdarlığına inanmır. Bu adamlar Nazarbayev hakimiyyəti dövründə ölkənin iqtisadiyyatına nəzarət ediblər.

Yanvar etirazlarından sonra 82 yaşlı keçmiş prezident siyasi həyatdan tam getdiyini elan edib, ancaq eyni zamanda Tokayevin islahat səylərini dəstəklədiyini deyib.

Nazarbayevin xüsusi seçərək hakimiyyətə gətirdiyi Tokayev indi keçmiş prezidentin qohumlarının və bütün sərvətini ona borclu olanların üstünlük təşkil etdiyi böyük biznesə hökm oxumalıdır.

1980-ci illərdə Bestobenin 17 min nəfərlik əhalisi, sosial infrastrukturu, üçmərtəbəli xəstəxanası, kiçik elektrik stansiyası və idman stadionu vardı.

Bütün bu infrastruktur “Kazzoloto” dövlət mədənçıxarma şirkəti tərəfindən maliyyələşirdi.

Boş qalmış mədən

Ancaq bu gün əvvəllər xəstəxananın olduğu yeri alaq basıb, istifadəsiz qalan elektrik stansiyasının gövdəsi çölün ortasından boylanır, daşlarla örtülmüş basketbol meydançası isə məsxərə obyektidir.

Mədən ərazisi də boşdur. Yalnız bəzi adamlar həyatlarını riskə atıb bir parça qızıl qoparmaq üçün əraziyə daxil olurlar.

“Altınalmas” mədənçiləri mədənin gələcəyi ilə bağlı qərar qəbul edilənədək maaşları ödənməklə məzuniyyətə göndəriliblər.

Qazaxıstan müstəqillik qazanandan sonra “Kazzoloto” kimi şirkətlərin yerində “Altınalmas” kimi şirkətlər yaradıldı. Bu şirkət 1993-cü ildə Nazarbayevin sərəncamı ilə yaradılıb və sonradan özəlləşdirilib.

O zaman şirkətə Nazarbayevin kürəkəni Timur Kullibayevin nəzarət etdiyi deyilirdi.

Spekulyasiyalar

Ancaq hazırda onun əsas benefisiarı Rusiyada doğulmuş 32 yaşlı Niderland vətəndaşı Anna Berezinadır. Ona məxsus olan, Niderlandda qeydiyyatdan keçmiş “Gouden Reserves” şirkəti “Altınalmas”ın səhmlərinin əsas hissəsinin sahibidir.

Berezinanın profili ictimaiyyətə açıq deyil. Qazaxıstan üzrə ixtisaslaşan jurnalistlər tez-tez şirkətin arxasında əslində kimin durması barədə spekulyasiya edirlər. Bu spekulyasiyalar hərlənib-fırlanıb keçmiş hakim ailənin üzərinə gəlir.

Özünü “sosialyönlü” adlandıran şirkət işsiz qalan 1200 mədənçisinə qanunun tələb etdiyi minimal əməkhaqqının üç mislini ödəyir.

Tokayev noyabrın 22-də hər kəsin oyuncaq namizəd olduğunu bildiyi beş opponentlə birlikdə seçkiyə gedir. Qarşıda onu yeddi illik prezidentlik gözləyir. O, bunun özünün sonuncu prezidentlik dövrü olacağına söz verib.

Putinin tərəfdarı Ermənistana niyə buraxılmadı?
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Fərqli cəmiyyət

Ölkə rəsmiləri toplaşma azadlığını tanımaq istəmirlər. Ancaq bir şey dəqiqdir ki, qazax cəmiyyəti daha əvvəlki cəmiyyət deyil.

Cəmi bir neçə il bundan əvvəl Bestobe və yaxınlıqdakı Stepnoqorsk kimi kənd və şəhərciklərdən bu qədər çox sayda vətəndaş jurnalistinin və yerli auditoriyanın çıxacağını təsəvvür etmək belə mümkün deyildi. İndi isə yerli məmurlarla adi ünsiyyət belə “YouTube” kanallarında canlı yayımlanır.

Katçiyevin də “YouTube” kanalı var. Oğlu da ona kömək edir. Qonşu Stepnoqorskdan olan başqa bir vətəndaş jurnalisti Artyom Soçnev həmkarının videolarını populyarlığına görə "Bestobe TV" adlandırır.

"Katçiyevin videoları 1000-dən çox baxış sayı toplayır. Əyalət TV kanalları var ki, bu rəqəmlərə həsəd aparardılar!”, – o, zarafatla deyir.

Şərti cəzadan da qurtulublar

Katçiyev və Soçnev “Altınalmas”ın fəaliyyəti ilə bağlı yalan məlumat yaymaq ittihamı ilə cəzalandırıla bilərdilər. Ancaq milli media və ictimaiyyətin dəstəyi bunun qarşısını alıb. Hakim onlara amnistiya verməyə məcbur qalıb və hətta şərti cəzadan da qurtulublar.

"İşimiz böyük rezonans doğurdu. Ancaq işə tam xitam verə bilmirdilər, çünki o halda sistem zəif görünə bilərdi”, – Katçiyev iyunda çıxan hökm haqda deyir.

Aleksandra Nazarenko
Aleksandra Nazarenko

Ancaq Katçiyevin vəkillərindən biri Aleksandra Nazarenko məhkəmə zamanı çəkdiyi stresdən xəstələnərək ictimai həyatdan uzaqlaşıb.

İctimai fəal hesab edir ki, Qazaxıstanda vətəndaş cəmiyyətinin gələcəyi bir tükdən asılıdır.

"Yalnız bir-iki nəfərimiz səsini çıxarsa, köhnə üsula əl atıb bizi cəzalandıracaqlar. Ancaq icma olaraq səsimizi qaldırsaq, onda bizi dinləməyə məcbur olacaqlar”, – Katçiyev deyir.

XS
SM
MD
LG