Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:27

Borrell: ‘Putinin müharibəsi təkcə Ukraynaya qarşı deyil’


Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell
Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell

Rusiyaya qarşı, onun polad, kömür, enerji sektorlarını, habelə Moskvanın beynəlxalq bazarlara çıxışını və maliyyə təsisatlarındakı üzvlüyünü hədəfləyən sanksiyalar qoyulub

Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell Rusiyanın Ukraynaya müdaxiləsinə görə Moskvanın üzərinə sanksiyaların 4-cü raundunun qoyulduğunu təsdiqləyib.

Martın 14-də Şimali Makedoniyanın paytaxtı Skopyedə danışan diplomat Moskvanı Ukraynaya qarşı müharibədə dinc əhalini hədəfləməkdə ittiham edib.

O deyib ki, təkcə mühasirədə olan Mariupol şəhərində 2400-dən çox sakin öldürülüb:

“Putinin müharibəsi təkcə Ukraynaya qarşı deyil, Avropa qitəsinin təhlükəsizlik və sabitliyinə qarşıdır. Bu, bizim hamımızı təsirləndirir”.

Borrell elan edib ki, Rusiyaya qarşı, onun polad, kömür, enerji sektorlarını, habelə Moskvanın beynəlxalq bazarlara çıxışını və maliyyə təsisatlarındakı üzvlüyünü hədəfləyən sanksiyalar qoyulub:

"Bu, Rusiyanın müdaxiləni üzərində qurduğu və onun maliyyələşdirdiyi iqtisadiyyat və logistikaya daha bir zərbə olacaq”.

Diplomat detallı məlumat verməyib.

Hazırda Ukrayna müharibəsinin ən şiddətli döyüşlərindən biri Ukraynanın cənubundakı liman şəhəri Mariupol ətrafında gedir.

Bundan əvvəl Mariupolda doğum evini vuran Rusiya şəhəri tamamilə xarabalığa çevirib.

Şəhərə aramsız raket və mərmi yağdırılması orada ilişib qalmış on minlərlə sakini susuz və yeməksiz qoyub.

Rusiya martın 14-də deyib ki, sakinlərin şəhəri tərk etməsi üçün humanitar dəhlizlər açılıb.

Ukrayna baş nazirinin müavini İrina Vereşşuk deyib ki, hazırda şəhərdəklərə humanitar yardım aparan karvan Mariupola yaxınlaşmağa cəhd göstərir.

XS
SM
MD
LG