Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:26

Bolqarıstanda Ukraynanı dəstəkləyən Facebook istifadəçiləri niyə bloklanır


İllüstrativ foto
İllüstrativ foto

Bolqarıstanda tanınmış karikaturaçı rəssam Xristo Komarnitskinin sosial mediada, o cümlədən “Facebook”da 52 mindən çox izləyicisi var. Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan bəri o, Ukraynanı dəstəkləyən postlar da paylaşır.

Bu yaxınlarda isə Ukraynada olduğunu və Kiyevin qələbəsinədək burada qalacağını deyən bir bolqarıstanlının mesajını paylaşıb.

Komarnitski həmin postun paylaşılmasından dərhal sonra “Facebook” hesabının məhdudlaşdırıldığını deyir.

Komarnitski tək deyil. Aralarında yazıçı, şair, jurnalist və fəalların da olduğu çox sayda qərbyönlü, Ukraynanı dəstəkləyən və sosial mediada aktiv bolqarıstanlı buna bənzər hallarla qarşılaşdığını bildirir. Onlar bunu “Facebook”da Ukraynanı dəstəkləyən, Kreml və havadarlarını, o cümlədən onun Bolqarıstanın içində olan dəstəkçilərini tənqid edən postları ilə əlaqələndirirlər.

Bloklananların aksiyası

Onlar “Facebook”un ana şirkəti “Meta”nı deyil, Kanada şirkəti “TELUS International”ın Bolqarıstan şöbəsini (“TELUS International Bulgaria”) günahlandırırlar. Bu şirkət 2019-cu ildən bəri “Facebook”un Bolqarıstan seqmentini moderasiya edir.

“TELUS International Bulgaria” bu ittihamları rədd edir. Şirkət AzadlıqRadiosunun bolqar xidmətinə hesabları bloklamaq səlahiyyəti olmadığını və “Meta”nın qoyduğu qayda və standartlara əməl etdiyini deyir.

Bütün bu təkziblərə baxmayaraq, yanvarın 18-də tənqidçilər şirkətin Sofiyadakı qərargahı qarşısında “Bloklananlar bloklayır” şüarı altında aksiya keçiriblər.

Aksiyanı təşkil edən “Bir Məqsədlə Birləşmiş Bolqarıstan” (BOEC) hərəkatının lideri Georgi Georgiev də “mafiya və Kremlin beşinci kolonu ilə” vuruşduğu üçün “Facebook”da susdurulmasından şikayətlənir, problemin daha uzağa və daha dərinə getdiyini deyir.

Qaydalar pozulanda...

“Facebook” qaydalarını pozan hesablara qarşı tədbirlər görür. İlk qayda pozuntusuna adətən xəbərdarlıqla cavab verilir. Növbəti pozuntulardan sonra bir neçə gün ərzində post paylaşmağa imkan verilmir. Pozuntuların sayı beşə çatanda bu günlərin sayı 30-a çatdırılır. Qaydaları davamlı pozanlara və çox ciddi pozuntulara yol verənlərə qarşı daha sərt tədbirlər görülür. “Facebook” onların hesabını yerli-dibli dondurur.

Siyasi spektrin digər ucunda olan, kremlyönlü mövqeləri ilə seçilən jurnalistlər Martin KarbovskiVelislava Dureva da bu yaxınlarda “Facebook” tərəfindən bloklanıb.

Sözügedən etirazdan bir gün öncə, yanvarın 17-də “TELUS International Bulgaria” Rusiyanın hücuma başlamasından bəri Ukraynanı dəstəklədiyini vurğulayıb.

"…Şirkətimizin qeydiyyatdan keçdiyi Kanada, Rusiya və bir sıra rusiyalı fərdlərə bir çox sərt sanksiyalar qəbul edib. Bu sanksiyalar bizim qrupumuz, o cümlədən “TELUS International Bulgaria" tərəfindən də tətbiq edilir və onlara dəqiqliklə əməl olunur”, – deyə şirkət əlavə edib.

Səkiyə “Z” hərfi yazıb

Yanvarın 18-də etiraz aksiyasına onlarla insan qoşulub. Etirazçılar "Bura Moskva deyil” şüarını səsləndiriblər. BOEC lideri Georgiev isə “TELUS International Bulgaria”nın binası qarşısındakı səkiyə sprey boya ilə “Z” hərfi yazıb. “Z” hərfi Ukraynadakı müharibəyə dəstək simvolu sayılır.

Rusiyanın Ukraynaya hücuma başladığı 2022-ci il 24 fevral tarixindən bəri “Facebook” və “Twitter” də daxil olmaqla sosial media platformaları müharibə ilə bağlı müzakirələri necə moderasiya edəcəkləri üzərində baş sındırır, nifrət nitqi siyasətinə xüsusi diqqət yetirirlər.

2022-ci ilin martında “Meta” qərara gəldi ki, bəzi ölkələrdə “Facebook” və “Instagram” istifadəçiləri müharibə kontekstində rusiyalılara və Rusiya əsgərlərinə qarşı zorakılıq çağırışları edə bilərlər.

Azov alayı

Ən son atılan addımlardan biri isə “Meta”nın Ukraynanın Azov alayını “təhlükəli qurum” kimi göstərməyəcəyini elan etməsi idi.

Ukraynanın məşhur Azov Alayı “Azov Batalyonu” adlı ifrat sağçı partizanlardan yaradılıb. Azov Batalyonu müharibənin ilk günlərində diqqət mərkəzində idi. Qrupun lider və təsisçiləri açıq-aşkar ksenofob və antiimmiqrant ritorikası ilə çıxış edirdilər. Onun loqosu isə II Dünya müharibəsi illərində nasistlərin işlətdiyi simvolikaya çox bənzəyirdi.

Sonradan Ukraynanın Milli Qvardiyasına birləşən Azov Batalyonu ekstremist ritorikasının xeyli hissəsindən əl çəkərək cəsur döyüş dəstəsi reputasiyasını qazandı.

Karikaturaçı Komarnitskinin sözlərinə görə, “Facebook” ona bildirib ki, Ukraynada olan soydaşının postu platformanın “təhlükəli fərdlər və təşkilatlarla bağlı icma standartlarını” pozur. Ancaq o bildirib ki, Kalin Dimitrov adlı həmin şəxsin orijinal postu işarələnməyib və “Facebook”dan götürülməyib.

Bloklananlar

Hesabı ilə problem yaşayan bolqarıstanlı ictimai fiqurlar arasında tanınmış yazıçı-satirik İvo Balev və şair və ictimai fəal Radoslav Bimbalov da var.
Hərəsində şərtlər fərqli olsa da, bu şəxslərin hər biri Ukraynanı dəstəkləyir, Rusiya və onun Bolqarıstandakı dəstəkçilərini isə tənqid edir. Belə dəstəkçilərdən biri də rusiyayönlü ifrat sağçı Dirçəliş Partiyasının lideri Kostadin Kostadinovdur.

"Bu, senzuradır. Kobud sözə, yoxsa düşüncələrinə görə bloklandığını anlamaq çox asandır”, – şair Qlişev deyir.

Qlişev əlavə edib ki, Almaniyada yaşayan iranlılar da sosial media moderasiyası məsələlərinə görə “TELUS”un oradakı şöbəsi qarşısında etiraz ediblər. “Instagram” üçün farsdilli kontent moderatorlarından biri və bir keçmiş moderator BBC Farsca-ya İran təhlükəsizlik rəsmilərinin jurnalist və fəalların hesablarını pozmaq müqabilində onlara pul təklif etdiyini deyib.

Meta-nın izahı

“Meta”nın Mərkəzi və Şərqi Avropa üzrə ictimai siyasət direktoru Yakob Turovski bolqar biznes saytı “Capital”a müsahibəsində “Facebook”da materialın necə işarələndiyi barədə danışıb.

O deyib ki, kontentin idarə edilməsi “hər zaman” əməkdaşlar, AI (süni zəka) və maşın öyrənmə alətlərinin işinin kombinasiyası sayəsində mümkün olur.

“Facebook”un kontent moderatorları AI və ya istifadəçilərin bir sutkada işarələdiyi təxminən 3 milyon post, şəkil və videoları nəzərdən keçirir. Nyu York Universiteti Biznes Məktəbinin 2020-ci ilin iyununda dərc etdiyi hesabatda belə deyilir.

“Meta” CEO-su Mark Zakerberq (Zuckerberg) etiraf edib ki, moderatorlar “hər 10 hal üzrə azı bir səhv edirlər”. Bu isə gün ərzində 300 min dəfədən çox səhv deməkdir.

Bir çoxları “Facebook”un alqoritmlərinin ziddiyyətli postlara dözümlülük göstərdiyini iddia edir, bunu əlavə aktivlik yarandığı zaman şirkətin daha çox reklam sata bilməsi ilə əlaqələndirirlər.

XS
SM
MD
LG