Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:39

Prezidentin yolunun üstündəki bina sakinlərinin mənzilləri dağıdılıb


Bu barədə AzadlıqRadiosuna binanın sakinləri məlumat verərək bildiriblər ki, dağıntı iyulun 28-də səhər tezdən başlayıb

Prezident İlham Əliyev işə gedib-gələrkən hərəkət marşrutunun üstündə yerləşən çoxmərtəbəli binadakı mənzillərin qapıları sındırılıb, mənzillər dağıdılıb.

Bu barədə AzadlıqRadiosuna binanın sakinləri məlumat verərək bildiriblər ki, dağıntı iyulun 28-də səhər tezdən başlayıb. Onların sözlərinə görə, proseslər Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zülfəli İsmayılovun rəhbərliyi altında həyata keçirilib. İsmayılovun özü də şəxsən orada iştirak edib:

“Baş verənlərin hamısı videokameralara düşüb. Evindən çıxmaq istəməyən mülkiyyətçilərin qapılarını sındırıb, içərini dağıdıblar, evi bərbad hala salıblar”.

“Baş verənlər qanunsuzluq da deyil...”

Qapısı sındırılanlardan biri də binanın 10-cu mərtəbəsində yerləşən 34 saylı mənzilin sahibi Solmaz Həmidovadır. Hadisə zamanı o, evdə olmayıb. Ehtimal edir ki, dağıntı işlərini aparanlar da onun Azərbaycanda olmadığını və hazırda evin boş olduğunu biliblər:

“Ev bu yaxınlarda təmir olunmuşdu, ona görə boş idi...”

Binanın sakinləri baş verənlərlə əlaqədar iyulun 28-də təcili toplaşaraq, Xətai rayon Prokurorluğuna gedib. Onlar Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri də daxil olmaqla, bu prosesdə iştirak edənlərin cəzalandırılmasını tələb ediblər.

Solmaz Həmidovanın vəkili Cavad Cavadov da eyni məzmunlu şikayət məktubu ilə prokurorluğa müraciət edib.

“Baş verənlər qanunsuzluq da deyil, vandallıqdır, barbarlıqdır. Adamların mülkünə hücum edib, dağıtmağın başqa adı yoxdur. Bunu edənlərin əməlində vəzifə səlahiyyətlərini aşma, səlahiyyətlərdən sui-istifadə, özgənin əmlakını qəsdən məhv etmə kimi müxtəlif cinayətlərin tərkibi var və mütləq tədbir görülməlidir”.

Məhkəmə prosesi davam edir

Vəkil deyir ki, sözügedən binanın sakinləri ilə icra hakimiyyəti arasında 2021-ci ilin dekabrından başlayan məhkəmə çəkişməsi hələ də davam edir.

Prosesin gedişində - 2022-ci ilin yanvarında hakim müvəqqəti xarakterli tədbir olaraq, qərardad çıxarıb. Bu qərara əsasən, məhkəmə yekun nəticəyə gələnə qədər icra hakimiyyəti və başqa strukturlara binanın hasarını uçurmaq, tikilinin konstruksiyasını sökmək, kommunikasiya xətlərini (qaz, su, elektrik enerjisi) ayırmaq qadağan edilib.

Cavadov vurğulayıb ki, həmin qərardad hələ də qüvvədədir:

“Çünki məhkəmə prosesi davam edir, yekun qətnamə hələ çıxarılmayıb. İnzibati prosesdə müddət məhdudiyyəti yoxdur. Prosesin gedişində yeni məsələlər ortaya çıxdığına görə məhkəmə də uzanır, yeni tələblər yaranır. Məsələn, bir müddət öncə gəlib binanın pəncərələrini gizli oğurlayıb aparıblar. Bizdə olan məlumata görə, elan saytlarına yerləşdirib satırlar. Bu barədə sübutları məhkəmədə də, ictimaiyyətə də təqdim edəcəyik”.

Bakı Şəhər İcra Hakimiyyətindən iddialara münasibət öyrənmək mümkün olmayıb.

AzadlıqRadiosunun telefon zənglərinə qurumun mətbuat xidmətindən cavab verilməyib.

Sərdar Bünyadov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində (əvvəl “Qaqarin” adlandırılan, indiki Cavanşir körpüsünün yanında - red)) yerləşən bu binanın sökülməsi haqqında Xətai Rayon İcra Hakimiyyəti başçısı 2021-ci ilin noyabrında sərəncam imzalayıb.

Sakinlər narazıdır

İcra hakimiyyətinin hər kvadratmetr üçün 2200 manatlıq kompensasiya təklifi ilə razılaşmayan sakinlər məhkəməyə üz tutublar. Onlar bildiriblər ki, evlərini tərk etmək istəmədiklərinə görə, təzyiqlərə məruz qalırlar, binaya verilən kommunal xidmətlərin dayandırılması ilə hədələnirlər. İddia ərizəsində göstərilib ki, sakinləri evlərindən çıxmağa məcbur etməkdən ötrü bir müddət binaya verilən elektrik enerjisi dayandırılıb.

Bu səbəbdən narazı sakinlər iddia ərizəsində Xətai Rayon İcra Hakimiyyəti başçısının binanın sökülməsi haqda 12 noyabr 2021-ci il tarixli sərəncamın ləğvi ilə yanaşı, həm də xahiş ediblər ki, binanın həyətyanı sahəsinin uçurulması, elektrik enerjisinin kəsilməsi kimi hərəkətlər qanunsuz hesab edilsin. Məhkəmə icra hakimiyyətinə bu bina ilə bağlı söküntü işlərini, elektrik, qaz, su kəsintisini qadağan eləsin. Ona görə də hakim Müminat Hacıbəyova müvəqqəti xarakterli tədbir olaraq, prosesin gedişində qərardad çıxarıb.

Dövlət sifarişi?

Xətai Rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildirilib ki, sözügedən binanın sökülməsi dövlət ehtiyaclarından irəli gəlir. Bu işlər həmin ərazidə yol qovşağının genişləndirilməsi və abadlaşdırılma işlərilə bağlıdır.

Qurumdan mediaya başqa açıqlamalarda isə binanın Zəfər abidə kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında söküldüyü bildirilib:

“Köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib. Bina ərazinin ümumi görünüşünə də xələl gətirir”.

Amma mülkiyyətçilər “dövlət ehtiyacı” arqumentini qəbul etmirlər.

“Bu bina prezidentin gündəlik hərəkət marşrutu üzərində yerləşdiyinə görə həmişə diqqət mərkəzində olub. Burada mənzillərin kimə satılması, kimə kirayə verilməsi məsələsinə də gizli şəkildə nəzarət edirdilər. Çünki prezidentin korteji sürətlə hərəkət etsə də, bu yerdə sürəti azaltmağa məcbur olur. Çünki yüksək sürətlə dönmək mümkün deyil”, - adının çəkilməsini istəməyən mülkiyyətçilərdən biri AzadlıqRadiosu-na belə deyib.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, baş nazirin müavini Yaqub Eyyubovun da sözügedən binada evi olub. Amma o, verilən kompensasiyanın məbləğini mübahisələndirməyərək razılaşıb.

XS
SM
MD
LG