Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:20

Cahangir Hacıyevin müavini onun əleyhinə ifadə verdi


Cahangir Hacıyev
Cahangir Hacıyev

“30-A YAXIN SƏNƏDƏ QOL ÇƏKDİM”

"İttihamda göstərilən 157 kredit, o cümlədən VİP kreditlər Cahangir Hacıyevin özünə, ailəsinə, ona yaxın adamlara verilib. Bunun üçün Müşahidə Şurasının qərarı olmalı idi, amma olmayıb. Bu kreditlər təminatlı verilməliydi, lakin Cahangir Hacıyevin göstərişi ilə məcbur olub təminatsız verirdik. Bu, qanunsuz idi, ona görə də Cahangir Hacıyev işdən çıxandan sonra bu barədə Daxili İşlər Nazirliyinə (DİN) müraciət elədim".

Bunu "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müşaviri Emin Mustafayev sentyabrın 2-də məhkəmədə ifadə verərkən deyib. O, bankın keçmiş rəhbəri Cahangir Hacıyevin birinci müavini olub.

Buna da bax: Cahangir Hacıyevin bacısı: 'Bizə 'stop' qoyulub, əmlakımıza da həbs'

«Sonradan bildim ki, mənim adıma 11 milyon 928 min dollarlıq kredit götürülüb».

Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bank işi üzrə şahid qismində danışan E. Mustafayev C. Hacıyevdən o, vəzifədən gedəndən sonra DİN-ə şikayət etməsinin səbəbini isə belə izah edib: "Cahangir Hacıyev rəhbər idi, biz də onun göstərişlərini yerinə yetirməyə məcbur idik. Bizim bir əməkdaşımız vardı, Cəlil Daşdəmirov. O, Cahangir Hacıyevin göstərişlərindən birini yerinə yetirmədiyinə görə işdən uzaqlaşdırıldı".

Buna da bax: 185 milyon manat Beynəlxalq Bankdan necə çıxıb?

Məhkəmədə 1997-2008-ci illərdə C. Hacıyevin sürücüsü, daha sonra isə Beynəlxalq Bankın baş ofisində mütəxəssis işləmiş Aydın Mehdiyev də ifadə verib: "Mərkəz filialının rəhbəri Anar Sultanov mənə zəng eləyib dedi ki, “gəl, müəyyən sənədlərə qol çək”. Mən də Cahangir müəllimdən soruşdum, o da razılıq verdi, dedi ki, layihələrlə bağlıdır. Getdim, 30-a yaxın sənədə qol çəkdim. Sonradan bildim ki, mənim adıma 11 milyon 928 min dollarlıq kredit götürülüb".

“LAYİHƏLƏRƏ XƏRCLƏNİB”

Dövlət ittihamçısı Fərid Nağıyev iş materiallarına istinadən bildirib ki, A.Mehdiyevin adına 2009-cu ilin yanvarından 2013-cü il sentyabrın 1-dək 3 ədəd plastik kartlar vasitəsilə 32 milyon dollar, 18 milyon 730 min avro, 10 milyon manat ayrılıb.

A. Mehdiyev həmin kartlardan xəbəri olmadığını deyib. Eyni zamanda, qeyd edib ki, adına götürülən kreditlərin 80 faizi ödənilib.

C. Hacıyev özü də təsdiqləyib ki, kreditlər sürücüsünə onun göstərişi ilə verilib və götürülən vəsait də layihələrə xərclənib: "Bütün ödəmələr və kreditlərin sərf olunduğu yerlər Vergilər Nazirliyinin açdığı cinayət işində var. Həmin cinayət işinə də xitam verilib. Xahiş edirəm, həmin qərar məhkəməyə təqdim olunsun".

Buna da bax: Beynəlxalq Bank işi: 2 günə 17 milyonluq kredit götürülüb

Beynəlxalq Bankın "Suraxanı" filialının müdiri olmuş Fuad Bağırzadə də şahid qismində dindirilib. O bildirib ki, iri həcmli kreditlərlə bağlı sənədlər toplanıb baş idarəyə göndərilir, qərarı da onlar verirdi.

RUSİYA VƏTƏNDAŞLARINA DA KREDİT AYRILIB

Beynəlxalq Bankın Kreditlərə Nəzarət Departamentinin rəhbəri Akif Əliyev də ifadəsində təsdiqləyib ki, fiziki şəxslərin adına külli miqdarda kreditlər ayrılıb və bu barədə göstərişləri C. Hacıyevdən alıb. Kreditlərin qaydalara uyğun ayrılmadığını deyən A. Əliyev götürülən vəsaitlərin hara və necə xərclənməsindən xəbərsiz olduğunu bildirib. Qeyd edib ki, həmin kreditlərin ödənilməməsi barədə C. Hacıyevə məlumat verib. Bankın sabiq rəhbəri də ödəniləcəyini deyib.

Buna da bax: İlham Əliyev «atasından qalma mirasın girovudur»

2002-ci ildən Bankın İdarə Heyətinin sədri olmuş C. Hacıyevin köməkçisi kimi çalışmış Anar Bəkirov isə ifadəsində bildirib ki, kredit verilmiş şəxslər arasında iki nəfər Rusiya vətəndaşı olub və onlara kreditin qanunsuz verildiyi müəyyənləşdirilib. Onun sözlərinə görə, həmin şəxslərə C. Hacıyevin göstərişiylə kredit ayrılıb.

Məhkəmə prosesi sentyabrın 5-də davam edəcək.

Ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə Cahangir Hacıyev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. C. Hacıyev və digər 7 nəfərə qarşı irəli sürülmüş ittihamlar arasında mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri var. Bu maddələrin sanksiyasında 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.

Buna da bax: Cahangir Hacıyev maliyyə nazirinin həbs olunmasını istəyir

XS
SM
MD
LG