Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:42

Azərbaycanın bitməyən bələdiyyə problemi


Bələdiyyə seçkisindən yadda qalanlar...
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00

Bələdiyyə seçkisindən yadda qalanlar... (Arxiv. 2014)

Azərbaycanda bələdiyyələrin işlək bir quruma çevrilə bilməməsi tez-tez gündəmə gəlir. Müstəqil ekspertlər həmin qurumların zəif fəaliyyətini hökumətin əsas uğursuzluqlarından biri sayır, axı bir çox gəlişmiş ölkədə məhz bələdiyyələr insanların sosial-iqtisadi durumunun yaxşılaşmasına ciddi təsir göstərir. Azərbaycanda isə bələdiyyə institutunun yaranmasından 25 ilə yaxın zaman ötsə də, insanlar hələ də gündəlik yaşamlarında "bu qurum hansı işləri görməlidir" sualına cavab tapa bilmirlər. Ekspertlərin fikrincə, bunun əsas səbəbi ölkədə bələdiyyələrin yetki məhdudluğu, maliyyə resurslarının yetərsizliyidir. Hökumətin bu problemi aradan qaldırmaması da səbəbsiz deyil, çünki seçki ilə formalaşan bələdiyyələrdən fərqli olaraq təyinatla formalaşan icra hakimiyyəti institutu hökumətə daha sərfəlidir. Bələdiyyələrə geniş yetki verilməsi bələdiyyə seçkilərinə marağı artırsa da, iqtidar üçün əlavə başağrısı ola bilər.

Bugünlərdə hökumət rəsmiləri yenidən bələdiyyə mövzusu ilə bağlı açıqlamalar verib. Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, bələdiyyə seçkiləri Seçki Məcəlləsindən çıxarılmalı, ayrı qanunvericilik şəklində təqdim edilməlidir. O, bələdiyyə seçkilərinin ümumölkə səviyyəsində yox, regional səviyyədə keçirilməsini, bələdiyyə üzvlərinin sayca azaldılmasını da təklif edib. "Kim kimin dostu və ya tanışıdırsa hansısa qurumun regionlarda kiçik mərkəzini yaradır" – bu fikri də S.Novruzov dilə gətirib.

"Bu gün bələdiyyələrlə bağlı müəyyən məsələlərlə qarşılaşırıq. Ən mühüm məsələ maliyyə resurslarının zəif olmasıdır", - Milli Məclisin Regional məsələlər komitəsinin iclasında Ədliyyə nazirinin müavini Vilayət Zahirov belə deyib. Ancaq o, bələdiyyələrin yetkisinin artırılmasına qarşı çıxaraq bildirib ki, "birdən-birə bələdiyyələrə böyük səlahiyyətlərin verilməsi yanlış olar. Zamanla bunu həll etmək olar".

Bələdiyyələr var. Bəs fəaliyyəti?
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00

Bələdiyyələr niyə vacibdir?

Bir çox beynəlxalq qurumun hesabatlarında bələdiyyələrin əsas üstünlüyü onların çevikliyi ilə əsaslandırılır. Paytaxtda yerləşən mərkəzi icra qurumlarından fərqli olaraq bələdiyyələrin insanlarla daha yaxın təmas imkanları var. Onların işi sırf öz ərazilərində əhaliyə xidmət etmək olduğundan qərar qəbulu daha çevik baş verir. Azərbaycanın ən ucqar kəndində də, tutalım, yol çəkilməsi üçün prezident sərəncam imzalamalıdır. Bu üzdən, bir çox bölgənin yol və digər kommunal problemlərinin həlli bəzən illər alır. Ancaq işlək bələdiyyə institutu olarsa, vəsaiti hara xərcləyəcəyinə icmanın özü qərar verə bilər. Beləcə, problemlərin də çözümünü illərlə gözləmək gərəkməz.

Bələdiyyələrin fəaliyyətcə daha məhsuldar olması onların seçkili yolla formalaşması ilə izah edilir, çünki demokratik seçki institutu olan ölkələrdə bələdiyyəyə seçilən şəxslər anlayırlar ki, yaxşı xidmət göstərməsələr, növbəti dəfə seçilmək şansları yoxdur. Azərbaycanda seçki institutu ilə də bağlı çoxlu problem yaşandığından bu amil bələdiyyələrin işlək qurumlara çevrilməsini də əngəlləyir.

Bələdiyyələr niyə səmərəli fəaliyyət göstərə bilmir?

Bələdiyyələrin keyfiyyətli fəaliyyət göstərməsi üçün onların səlahiyyətlərinin geniş olması çox önəmlidir. Di gəl, Azərbaycandakı mövcud qanunvericilik bələdiyyələrin fəaliyyətini, əksinə, məhdudlaşdırır. "Bələdiyyələrin statusu haqqında" Qanunda bələdiyyələrin üç funksiyası göstərilir. Bunlar "Yerli sosial müdafiə və sosial inkişaf", "Yerli iqtisadi inkişaf" və "Yerli ekoloji məsələlər"dir. Bu funksional istiqamətlər üzrə bələdiyyələrin bəzi yetkiləri qanunda göstərilsə də, "Bələdiyyələrin statusu haqqında" Qanunda normalar müəyyənləşdirilməyib. Daha bir problem odur ki, dövlət hakimiyyət orqanları və bələdiyyələr arasında ya vəzifə və öhdəliklərin dəqiq bölgüsü aparılmayıb, ya da bələdiyyələrin öz yetkilərini gerçəkləşdirilməsi üçün real hüquqi mexanizmlər bilinmir. Bu baxımdan, ekspertlər yerli icra hakimiyyətlərinin və digər dövlət qurumlarının yerli əhəmiyyətli məsələlərdə geniş səlahiyyətlərə sahib olmasını yerli özünüidarə qurumları kimi tanınmış bələdiyyələrin regional iqtisadi inkişaf prosesinə aktiv və səmərəli qatıla bilməməsinin əsas səbəblərindən biri olaraq göstərirlər.

Rüşvətlə 'seçilən' bələdiyyə sədrliyi
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

Azərbaycanda yerli idarəetmə fəaliyyətlərinə 1999-cu ildən başlanılıb. Ölkə Yerli Özünüidarə Haqqında Avropa Xartiyasını ratifikasiya etməklə yerli idarəetmə orqanlarının səlahiyyətlərini genişləndirmək öhdəliyi götürsə də, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin "Azərbaycanda yerli və regional demokratiyaya dair" tövsiyəsində deyilir ki, Azərbaycanda bələdiyyələrin səlahiyyətləri olduqca məhduddur. Sözügedən Avropa Xartiyasının tələblərinə uyğun olaraq, ictimai işlərin əhəmiyyətli hissəsi də bu səlahiyyətlərin çərçivəsinə daxil edilməyib.

Bələdiyyələr necə maliyyələşir?

Azərbaycanda bələdiyyələrin səlahiyyətləri ilə yanaşı, gəlirləri də azdır. Yerli özünüidarəetmə sahəsində uğurlar qazanan ölkələrdən fərqli olaraq, Azərbaycanda bələdiyyələrin topladığı vergilər çox azdır. Digər tərəfdən, əhali bu quruma güvənmədiyindən həmin vergiləri ödəməyə də maraqlı olmur. Büdcədən bələdiyyələrə ayrılan vəsaitin həcmi də çox cüzidir. 2023-cü ilin dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiyanın məbləği cəmi 5 milyon 500 min manatdır. Avropa Şurası yerli özünüidarəetməyə dair sənədlərində bildirir ki, yerli özünüidarə sisteminin effektiv fəaliyyət göstərməsi üçün ölkə üzrə bələdiyyə büdcələrinin ÜDM-ə nisbəti minimum 7 faiz olmalıdır. Azərbaycanda bu rəqəm hətta 0.1 faizdən də azdır. Üstəgəl, digər sahələrdə olduğu kimi, Bakı və regionlar arasında kəskin fərqlər var. Bir çox regionda yerləşən bələdiyyələrin illik gəliri heç onların əməkdaşlarının maaş xərclərini qarşılaya bilməyəcək qədər azdır. Bu səbəbdən hökumət bələdiyyələrin maliyyə mənbələrinin artırılması ilə yanaşı, büdcədən bu istiqamətdə ayrılan vəsaitin də həcmini çoxaltmalıdır.

Bələdiyyələrlə bağlı problem yaradan digər bir məqam onların say çoxluğudur. 10 milyon əhalisi olan Azərbaycanda 1 min 771 bələdiyyə fəaliyyət göstərir. Üstəlik, Qarabağ bölgəsində işğal ucbatından bələdiyyələr yaradılmamışdı. Müqayisə üçün, 85 milyona yaxın əhalisi olan Türkiyədə bələdiyyə sayı Azərbaycandan azdır. Bu baxımdan, bələdiyyələrin say çoxluğu da onların resurslarının məhdud olmasına gətirib çıxarır. Elə bu üzdən müstəqil ekspertlər Azərbaycanda bələdiyyələrin yetkilərini artırmaqla yanaşı, onların sayca azaldılmasını da vacib sayırlar.

XS
SM
MD
LG