Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:22

Bələdiyyələrin gəlirləri artıb


Bələdiyyə seçkiləri plakatı.
Bələdiyyə seçkiləri plakatı.

2016-cı ildə Azərbaycan bələdiyyələrinin toplam büdcəsi 31 milyon 600 min manat olub. İlk baxışda, əvvəlki illə müqayisədə 2.7 faiz artım var. Di gəl, bələdiyyə hakimiyyətinin maliyyə durumunu əyani göstərən bir örnək də mövcuddur: ötən il Abşeron rayonunda yerli icra hakimiyyəti ölkədəki 1606 bələdiyyədən daha çox – 34.8 milyon manat xərcləyib.

Dövlət Statistika Komitəsi yerli özünüidarəetmə orqanlarının büdcələrinin gəliri və xərci haqda məlumat yayıb.

EKSPERT: «VƏTƏNDAŞ BƏLƏDİYYƏYƏ VERGİNİ NİYƏ VERSİN Kİ?»

Bələdiyyələrin maliyyə əsasları haqqında qanunvericilikdə vergilərin toplanması sahəsində mühüm dəyişikliklər olunub. Ancaq vətəndaşlardan torpaq və əmlak vergisinin yığımı göstəricisi (12.6 milyon manat) aşağı olaraq qalır. Düzdür, il ərzində bu vergilər üzrə yığım 13 faiz artıb. Amma ekspert Samir Əliyev bu qənaətdədir ki, bələdiyyələr vergi potensialının heç 1/10-indən belə istifadə edə bilmirlər. O, bunun obyektiv və subyektiv səbəblərinin olduğunu deyir: «Vergi borclarının ödətdirilməsindən ötrü qanunvericilikdəki boşluqlar aradan qaldırılmalıdır. Çətinlik budur ki, bu vergilər (əmlak və torpaq vergisi) birbaşa vətəndaşdan alınır. Vergi ödənilmədikdə isə, bələdiyyənin vətəndaşa məhkəmə yolu ilə və ya digər formada təsir etmək imkanları çox məhduddur. Vətəndaşsa haqlı bir sual verir: bələdiyyənin nə səlahiyyəti var, nə edir ki, vergi də ödəyim».

Qubada bələdiyyə binası.
Qubada bələdiyyə binası.

ƏSAS GƏLİR MƏNBƏYİ YENƏ DƏ TORPAĞIN SATIŞIDIR

Maraqlıdır ki, indiyədək mediaya dəbdəbəli villa və iri torpaq sahiblərinin bələdiyyə vergilərini ödədiyini təsdiqləyən hər hansı məlumat sızmayıb. Bəzi bələdiyyələr, ad çəkmədən, Bakıda bəzi məşhur villa sahiblərinin onların vergi məmurlarına qapı açmadığından şikayətçidirlər.

Bələdiyyələrin qazancının hər 5 manatından biri torpaqların satışından daxil olub. Ötən il torpaq satışından gəlirlər bir qədər azalaraq, 6 milyon 440 min manat olub. Təxminən 4 milyon manat isə torpaqların icarəsindən götürülüb.

Dövlət büdcəsindən bələdiyyələrə ayrılan subsidiyanın heç də hamısı onlara çatmır. Maliyyə Nazirliyi 2016-cı ildə bu məqsədlə nəzərdə tutulan 5.3 milyon manatın 4 milyon 994 min manatını bələdiyyələr arasında bölüşdürüb.

BƏLƏDİYYƏLƏR YIĞILAN PULU HARAYA XƏRCLƏYİRLƏR?

Bələdiyyə üzvlərinə və onun icra aparatının saxlanmasına, orta hesabla, hər 100 manatın 60 manatı sərf olunub. Bu göstərici Naxçıvan bələdiyyələri üzrə 71.7 faiz (487.4 min manat), Bakı bələdiyyələri üzrə 60.2 faiz (5 milyon 247.7 min manat), Sumqayıt bələdiyyələri üzrə 41.9 faiz (624.4 min manat), Gəncə bələdiyyələri üzrə 69.9 faizdir (352.2 min manat).

2015-ci illə müqayisədə bələdiyyələr əmək haqlarına 12 faiz daha çox vəsait ayırıblar. Bu, kommunal təsərrüfata və avtomobil yollarının təmirinə ayrılan vəsaitlərin 20-25 faiz azaldılması sayəsində mümkün olub.

XS
SM
MD
LG