Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:29

Bəhruz Hacıyevin işi: Ekspertizanın cavabsız cavabı


Bəhruz Hacıyev
Bəhruz Hacıyev

►"Göy köynək göstərdilər, dedim oğlumun deyil. Onun əynində qara köynək olub. Dedilər ki, “qara rəng şəkildə göy düşür”. Göstərilən köynəkdə zədə yox idi..."

Avqustun 20-də Mingəçevir şəhər polis şöbəsində ölmüş 27 yaşlı Bəhruz Hacıyevin dalağındakı 5 nöqtə ilə bağlı ekspertiza rəyini atası Dilsuz Hacıyevə təqdim ediblər.

Yevlax rayon Prokurorluğunun keçirdiyi ekspertizanın rəyini ona Respublika Prokuroluğunun İstintaq İdarəsində veriblər.

Bu haqda AzadlıqRadiosua Dilsuz Hacıyevin özü məlumat verib:

- Mən ekspertizanın rəyi ilə tanış oldum. Dedilər ki, “ekspertizanın bu məsələyə cavabı yoxdur”. Mən etirazımı bildirdim. Dedim “ən çox şübhələndiyim bu idi. Bunun da cavabı yoxdur. Bu, necə olur?” Etirazımı qeydə aldılar, dedilər ki, “bununla məşğul olarıq”.

– Oğlunuzun işgəncə nəticəsində ölməsi, yaxud özünü pəncərədən atıb intihar etməsi haqqında qəti nə dedilər?

- Bu haqda mən dedim. Dedilər “nə əlavə sözün var?”, dedim “əlavə sözüm odur ki, düşmənlərim tapılsın, ortaya çıxarılsın. Nəyə görə gözümün qabağında oğlumu aparırlar, bəlkə də onun ölümünə səbəb olan adamlar azadlıqda gəzir?” Onu da dedim ki, “siz deyirsiniz, oğlum özünü pəncərədən atıb. Mən buna qəti etirazımı bildirirəm. Qəti yaxınıma buraxmıram. Ona görə ki mənim oğlum dəli olmayıb, heç bir məhkumluğu da olmayıb. Əlində silah, narkotika tutulmayıb. Bəs onda niyə görə özünü pəncərədən atıb, səbəb nədir?” Dedim “iki aydır iş aparırsız, bu iki ayda hələ ortaya çıxan müsbət bir şey yoxdur. Bir nəfərin tutulması bu işin həll olunması demək deyil”. Bir də dedim ki, “əgər oğlum özünü atıbsa, ya onu polislər atıb, ya da elə təzyiq göstəriblər ki, o məcbur olub əlacsızlıqdan özünü atıb. Mənim uşağım heç vaxt özünü atmazdı. On görə ki, ağıllı-başlı adam idi. Fəhlə işləyib çöprəkpulu qazanırdı.

Buna da bax: Gələn il: maaş artımı... İxtisarlar...

Dilsuz Hacıyev
Dilsuz Hacıyev

– Morqda cibindən çıxan narkotik maddəylə bağlı məsələ necə, aydnlaşdımı?

- Onu da dedim. Dedim ki, “necə olur polislər oğlumun ciblərini yoxlayırlar, cibindən siqaretini, alışqanını, 1-2 manat pulunu, nə vardısa, çıxarıb ortaya qoyurlar? Ancaq morqda əllərini uşağın cibinə salıb narkotika çıxardırlar. Dedim ki, əgər onun cibində narkotika vardısa, özünü pəncərədən atmamışdan əvvəl narkotikanı tullayardı. Ondan da əvvəl, əgər cibində narkotika vardısa, siqaretini, alışqanını çıxardanda narkotikanı da çıxardaydılar. Dedilər “araşdırılacaq”. Dedim ki, “mənim tələblərim araşdırılmalıdır”. Orda da dedim, yenə də deyirəm ki, mənim oğlumu öldürüb atıblar. Mənim uşağım özünü balkondan atan uşaq deyidi. Ona işgəncə verildiyi morqda çəkilən şəkillərdən də aydın görünür.

Buna da bax: Günel Mövludun qardaşları saxlanılıb

- Sizi başqa hansı rəylərlə tanış etdilər?

- Paltarını göstərdilər. Göy köynək göstərdilər, dedim onun deyil. Onun əynində qara köynək olub. Deyirlər ki, “qara rəng şəkildə göy düşür”. Göstərilən köynəkdə zədə yox idi. Ancaq həmin gün oğlumun əynində qara köynək olub. Buna da etiraz elədim. Etirazlarımı yazıb götürdülər, dedilər sizə məlumat verəcəyik.

Bunda əvvəl İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov müstəntiq Qurban Səfərova istinadən AzadlıqRadiosuna demişdi ki, dalaqdakı 5 nöqtə yıxılma zamanı daxili qanaxmadan yaranb.

Bəhruz Hacıyevin ölümündən sonra onun özünü polis şöbəsinin pəncərəsindən ataraq ölməsi faktı üzrə cinayət işi başlanıb. Mingəçevir şəhər polis şöbəsinin baş leytenantı Şahlar Şahlarzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, B.Hacıyevin təhlükəsizliyini təmin etmədiyinə və sayıqlığını itirdiyinə görə vəzifəsindən xaric edilib.

Mingəçevir şəhər polis şöbəsinin rəisi Ələsgər Bədəlova isə şiddətli töhmət elan olunub.

Avqustun 22-də Bəhruz Hacıyevin dəfnindən sonra Mingəçevirdə onun ölümünə etiraz olaraq mitinq keçirilmişdi. Həmin mitinqdə iştiraka görə 22 nəfər saxlanmışdı. Onlardan 16-ı 10-12 sutkalıq həbs cəzası almışdı.

XS
SM
MD
LG