Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:28

Keçmiş səfir: 'Moskva görüşünün məqsədi 2025-ci ildən sonra…'


Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan, Sergey Lavrov və Ceyhun Bayramov
Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan, Sergey Lavrov və Ceyhun Bayramov

Mayın 19-da Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvada görüşü olmalıdır. Görüşdə Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu keçirilməlidir.

Deputat: "Bizim gözləntimiz…"

Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Hikmət Babaoğlu AzadlıqRadiosuna deyib ki, sülh istiqamətində hər bir görüş qiymətlidir. O, hər iki dövlətin Rusiyanın vasitəçiliyi ilə 2020-ci ildə sülh bəyanatı imzaladığını xatırladaraq əlavə edib ki, indiyə qədər həmin sənədin 4-cü və 9-cu bəndləri icra olunmayıb: "Rusiya Ermənistana təzyiq etməlidir ki, Zəngəzur dəhlizi (Ermənistanın Sünik bölgəsindən keçməlidir) açılsın, Azərbaycanın qərb rayonları ilə əlaqələr bərpa olunsun. İkincisi, sülhməramlılar bölgəyə daxil olan kimi bütün terrorçu dəstələr çıxarılmalıydı. Amma bugünə qədər də həmin silahlılar bölgədən çıxarılmayıb. Nəhayət, erməni icmasının Azərbaycana inteqrasiyası, sülh üçün şəraitin yaradılması üçtərəfli bəyanatda əksini tapıb. Bizim gözləntimiz bunlardan ibarətdir".

H.Babaoğlu
H.Babaoğlu

Amma Ermənistan rəsmiləri deyirlər ki, artıq Qarabağda silahlı qüvvələri yoxdur. Onların vurğulamasına görə, Qarabağın "müdafiə ordusu" onlara tabe deyil. Ermənistan rəsmiləri habelə bildirirlər ki, 2020-ci il bəyanatında Ermənistandan dəhliz yox, yolun açılması nəzərdə tutulub.

"Rusiya açıq bildirəcək ki…"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə bu görüşdən xüsusi gözləntisinin olmadığını deyir: "Rusiya onlara açıq bildirəcək ki, Qərb bölgədə ola bilməz. Yeganə nəticə o ola bilər ki, tərəflər 2020-ci il bəyanatına sadiq qaldıqlarını bir daha təsdiqləyəcəklər".

H.Babaoğlunun fikrincə, bütün tərəflər artıq sülhə doğru konkret addım atmağın zamanı çatdığını başa düşürlər: "Çünki regionda müvəqqəti olan sülhməramlıların müddəti başa çatmalıdır. İkinci, Rusiya ətrafında baş verən hadisələr kontekstində "İpək yolu"nun orta xətti üzrə yükdaşımaların, kommunikasiyaların artması aktuallaşıb. Nəhayət, Ermənistanın blokadadan çıxması üçün də sülh sazişi imzalanmalıdır".

A.Qasımlı
A.Qasımlı

A.Qasımlı isə yaxın zamanlarda sülh sazişinin imzalanacağını gözləmir: "Baxmayaraq ki, Nikol Paşinyan Reykyavikdə tarixi çıxış etdi. Paşinyan Qarabağ da daxil, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirdi. Əslində bu bəyanat sülh sazişinin bir fundamentidir, bundan o tərəfi yoxdur. Amma Rusiya bölgədə güclü olduğundan 10 noyabr bəyanatına istinad edəcək, bu isə Azərbaycan, ilk növbədə İlham Əliyev üçün problemdir".

Azərbaycan üçün Moskva, yoxsa Brüssel?

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. YAP-çı deputat deyir ki, Azərbaycan üçün Moskva, yoxsa Brüssel formatında sülhün əldə olunmasının elə bir əhəmiyyəti yoxdur: "Amma Qərb platformalarının birində sülhün əldə olunması daha real görünür. Çünki bu, yalnız Azərbaycanla Ermənistan arasında sülh deyil, həm də gələcəkdə Asiya və Avropanın nəqliyyat-kommunikasiya xətlərinin bərpa olunmasında iştirakçılıqdır".

A.Qasımlı da hesab edir ki, Azərbaycanın milli maraqlarına Brüssel formatı uyğundur: "Çünki Moskvanın iştirakında olan hər hansı saziş müvəqqəti və formal olacaq. Həm də Moskva burda tərəf kimi çıxış edəcək, məqsəd hərbi kontingentini Qarabağda saxlamaqdır".

A.Məmmədov
A.Məmmədov

Keçmiş səfir: "Moskva bölgəni inhisarında…"

Azərbaycanın Avropa İttifaqı yanındakı Daimi Nümayəndəliyinin keçmiş başçısı Arif Məmmədovun da Moskva görüşündən gözləntiləri böyük deyil. Onun fikrincə, Moskvanın məqsədi Vaşinqton və Brüssel prosesinin qarşısını almaqdır: "Xüsusilə də Qərbin Cənubi Qafqazda mövqelərinin güclənməsinin qarşısını almaqdır".

Keçmiş diplomat sülh sazişinin imzalanması üçün, hələlik, vəziyyətin yetişmədiyi, ciddi məsələlər üzrə razılığın əldə olunmadığı qənaətindədir: "Bəli, hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması barədə razılıq var, amma Vaşinqton və Brüsseldə hər hansı sənəd imzalanmadı. Vaşinqtonda Dövlət katibi Blinken müsbət tendensiyalardan danışıb. Brüssel görüşündən sonra da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatı yayıldı, amma hansısa sənəd yoxdur. Eyni zamanda, hiss olunur ki, Paşinyanla Əliyev arasında da səmimilik yoxdur. Moskva bölgəni inhisarında saxlamaq niyyətindən əl çəkməyib".

Xankəndi erməniləri necə oldu ki, silahlandı? Xankəndinin birbaşa Moskvaya tabe olduğu "Volski dönəmi". #Izahla
Gözlə

No media source currently available

0:00 0:09:16 0:00

A.Məmmədov, əksinə, vəziyyətin daha gərgin olduğunu düşünür və hansısa müsbət tendensiyalar görmür. Onun düşüncəsinə görə, ötən il oktyabrın 6-da Fransa prezidentinin də qatıldığı Avropa İttifaqı Şurası, Ermənistan və Azərbaycan rəhbərliyinin Praqada görüşü daha uğurlu idi: "Bəli, Şarl Mişelin bəyanatında nəqliyyatın açılmasına toxunulur, amma orada daha dərin problemlər var, məsələn, dəhlizə Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarət etməsi. Bununla belə, sülhməramlıların bölgədə qalma müddətinin bitməsinə iki il qalıb. Yolun çəkilməsi də iki il zaman alacaq. Sual yaranır: iki il sonra necə olacaq? Əlbəttə, Moskva görüşünün məqsədi 2025-ci ildən sonra özünü bölgədə təmin etməkdən ibarətdir".

Xatırlatma

Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG