Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:34

Bəxtiyar Hacıyev prokurora etiraz edir: 'Belə davranışlarına görə ABŞ-nin sanksiya siyahısına düşüb'


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyev öz məhkəməsinə qatılmaqdan boyun qaçırdı: “Belə davranışları üzündən, ABŞ-nin sanksiya siyahısına düşüb”

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev onun məhkəməsində dövlət ittihamçısı olan prokuror Eldar Həmzəyə etiraz edir. İctimai fəal etirazını belə əsaslandırır ki, bu prokuror ona qarşı qərəzlidir, qanunları saymır.

B. Hacıyev sentyabrın 25-dəki məhkəmə iclasında prokurora etirazından danışarkən, E. Həmzənin məhz belə davranışları üzündən, ABŞ Konqresinə təqdim olunmuş sanksiya siyahısına onun da adının salındığını xatırladıb.

İki ilə yaxındır həbsdə olan B. Hacıyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmə prosesində dindirmələr yekunlaşıb, artıq sənədlərin tədqiqi mərhələsidir.

“Okeanın o tayında verilən qərarın mənim üçün əhəmiyyəti yoxdur. Mənim üçün əsas olan Azərbaycan qanunlarıdır”, - E. Həmzə ona verilən etirazın təmin olunmamasını istəyib.

Hakimlər ictimai fəalın etirazını qəbul etməyiblər

Bir həftə öncəki məhkəmə iclasında prokurorla B.Hacıyev arasında mübahisə yaranmış və ictimai fəal prosesə qatılmaqdan imtina etmişdi. Mübahisə məhkəmədə baxılan videogörüntülərdən qaynaqlanmışdı.

Həmin videogörüntülərdə zərərçəkmiş qismində tanınan bloger Ülviyyə Muradova (Alovlu) ilə B.Hacıyev arasında 2021-ci ilin oktyabrında Yasamal Rayon Məhkəməsindəki insident əksini tapmışdı.

Sözügedən videoya B.Hacıyevin məhkəməsində baxılarkən, görüntülərin bir bölümünün silindiyi üzə çıxmışdı. İctimai fəal buna etiraz edərək, sübutların saxtalaşdırıldığını bildirəndə, prokurorla onun arasında mübahisə yaranmışdı.

“Prokurorun müşavirə otağında nə işi var?!”

B. Hacıyevin prokurora etirazı təmin olunmadığından, o, məhkəmədə iştirakdan imtina edib. İctimai fəal hakimlərin müşavirə otağına prokurorun da daxil olmasına diqqət çəkərək, bunun böyük pozuntu sayıldığını və məhkəmənin tərəfsizliyinə xələl gətirdiyini vurğulayıb:

“Hakimlər müşavirəyə gedir, prokuror da durub onların arxasınca müşavirə otağına qaçır. Bu nə deməkdir?! Prokurorun müşavirə otağında nə işi var?! Bax, elə bunlara görə belə məhkəmədən heç nə gözləmirəm. İştirak eləmək də istəmirəm. Nə qərar istəyirsiniz, verin”.

Onun məhkəmə prosesində iştirakdan imtina barədə ərizəsini də hakimlər qəbul etməyiblər. B. Hacıyev məcburi gətirilsə də, heç nəyə münasibət bildirməyəcəyini, sadəcə, kitab oxumaqla, vaxtı yola verəcəyini deyib.

B. Hacıyevin mühakiməsi oktyabrın 11-də davam edəcək.

Xatırlatma

B. Hacıyev 2022-ci il dekabrın 9-dan həbsdədir. Həbs zamanı ona Cinayət Məcəlləsinin 221.2.2-ci (vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham verilmişdi.

Bu ittihamlarda söhbət Yasamal rayon Məhkəməsindəki zallardan birində onunla bloger Ülviyyə Alovlu arasındakı qalmaqaldan bəhs olunur.

İstintaqın gedişində B. Hacıyevə qarşı qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və s. əlavə ittihamlar da irəli sürülüb.

Özünü təqsirli bilməyən B.Hacıyev bu ittihamların hamısı əsassız sayır və Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına tənqidlərinə görə, elə onun sifarişiylə həbs olunduğunu iddia edir.

B. Hacıyevə verilən ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG