Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:20

Bankların xarici borclanma imkanları məhdudlaşıb


Dollar
Dollar

-

Ötən ilin yanvarından - birinci devalvasiya öncəsi dövrdən indiyədək Azərbaycanın bank sektorunun xarici aktivləri 1.9 milyard dollar (47.5%) artaraq, 4 milyarddan 5.9 milyard dollara yüksəlib. Əvəzində bankların xarici öhdəlikləri 1.4 milyard dollar (22.3%) azalıb və 6.3 milyarddan 4.9 milyard dollara enib.

Bankların xarici aktivlərinə hesablarındakı xarici valyuta ilə nağd vəsaitlər, xarici banklardakı hesablarında saxladığı xarici valyuta və qiymətli metallar formasında vəsaitlər, yerli bankların xarici şirkət və bank səhmlərinin alınmasına yönəltdiyi vəsait, xaricə verdikləri kreditlər və s. daxildir.

Bankların xarici öhdəliklərinə xaricdən aldıqları kreditlər, əcnəbilərin xarici valyuta ilə depozitləri, hesablardakı xarici valyuta ilə nağd pul qalıqları və s. (məsələn, qiymətli metallar formasında saxlanclar) daxildir.

«XARİCİ VALYUTALARIN, ORTALAMA, 7-8% UCUZLAŞDIĞI DÖVRDƏ…»

İqtisadiyyat eksperti Rövşən Ağayev bu statistikada bir məqama diqqət çəkir: «Son 2-3 ayda xarici valyutaların, orta hesabla, 7-8% ucuzlaşdığı dövrdə bankların xarici valyuta aktivlərini artırması manat ekvivalentində itki deməkdir. Belə şəraitdə bank sektorunun xarici aktivlərindəki kəskin artım (ən azı, 48%) maraqlı görünür».

Ekspert yada salır ki, 1-ci devalvasiyadan (21 fevral 2015-ci il) əvvəl Azərbaycan banklarının xarici öhdəlikləri xarici aktivlərindən 2.5 milyard dollar çox idi: «İndi isə, əksinə, aktivlər öhdəliklərdən 1.3 milyard dollar çoxdur».

AZALAN XARİCİ ÖHDƏLİKLƏRİN MÜMKÜN 2 SƏBƏBİ

R.Ağayevin fikrincə, xarici öhdəliklərin sürətlə azalmasının 2 mümkün səbəbi ola bilər: «Birincisi, banklar əvvəlki dövrdə götürdükləri xarici borc yükünü mümkün qədər azaltmağa çalışırlar. İkincisi, kredit reytinqinin pisləşməsi, real sektorun kreditlərə tələbatının kəskin azalması bankların xarici borclanma imkanlarını məhdudlaşdırıb».

XS
SM
MD
LG