Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 21:43

Bakı COP-29-a hazırdırmı?


COP28 sammitinin açılış mərasimindən əvvəl iştirakçı liderlər "Dubai Expo 2023" sərgisində.
COP28 sammitinin açılış mərasimindən əvvəl iştirakçı liderlər "Dubai Expo 2023" sərgisində.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP-29 2024-cü ildə Bakıda keçiriləcək. Bununla bağlı qərar COP-28-in dekabrın 11–də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən plenar iclasında verilib.

İndiyədək Azərbaycanda "Avroviziya" mahnı yarışması, Futbol üzrə Avropa Çempionatı kimi turnirlər keçirilib. Ancaq iştirakçı sayına baxdıqda bəlli olur ki, COP-29 indiyədək Azərbaycanda keçirilən ən böyük tədbir olacaq. Rəsmi açıqlamaya görə, 2023-cü ildə Dubaydakı COP-28 tədbirinə 80 minə yaxın qonaq qatılıb. Texniki işçilərlə birlikdə tədbirin iştirakçı sayı yüz min nəfəri aşır. Daha bir il öncə Misirdə keçirilən tədbirə 50 min nəfərə yaxın iştirakçı qatılmışdı. Son illərin təcrübəsi göstərir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfranslarına on minlərlə iştirakçı, eləcə də yüzə yaxın ölkənin dövlət və hökumət başçıları qatılır.

Adıçəkilən tədbir adətən noyabr-dekabr aylarında gerçəkləşdirilir və iki həftəyə yaxın sürür. Bu qədər çox insanın eyni anda ölkəyə səfəri xeyli gəlişmiş infrastruktur və logistika imkanları da tələb edir. Bəs Bakıdakı mövcud infrastruktur bu qədər çox sayda qonağı eyni anda qarşılamağa nə qədər hazırdır?

Bakıda "Sheraton" oteli
Bakıda "Sheraton" oteli

Otellərin tutumu cəmi 25 mindir

Dövlət Statistika Komitəsinin (DSK) bu ilin əvvəlinə açıqladığı göstəricilərə görə, ölkədə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 757-dir. Belə obyektlərin toplam tutumu 56 min 562 yerdir. Həmin yerlərin təxminən 42 faizi - 24 mini Bakı şəhərindədir. Beləcə, rəsmi rəqəmlər göstərir ki, öncəki illərdə COP tədbirlərinə qatılan şəxslərin sayı nəinki Bakıdakı, hətta bütün ölkədəki otellərin tutumunu üstələyə bilər. Deməli, indiki halda paytaxt Bakıdakı otellər bu qədər qonağı qarşılamağa yetərli deyil. Bir il içində paytaxtdakı otel sayını kəskin artırmaq da həm vaxt tələb edir, həm də rentabelliliklə bağlı risklər var.

Bu baxımdan, düşünmək olar ki, hökumət tədbir üçün ölkəyə gələcək qonaqları otellərdən kənar yerləşdirmə imkanlarına əl atacaq. Bundan ötrü ağlagələn ilk yer Atletlər Kəndidir. 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunları üçün ayrılan kompleks Avropa Oyunlarından sonra bir çox tədbirlərdə də istifadə edilib. Hətta pandemiya dövründə karantinə alınan vətəndaşların da bir bölümü burada yerləşdirilib. 2015-ci il Avropa Oyunları zamanı açıqlanmışdı ki, Atletlər Kəndində 8 minə yaxın insan qalacaq.

Atletlər Kəndi
Atletlər Kəndi

Onu da unutmaq olmaz ki, Bakıdakı otellərin tutumu 24 minə yaxın olsa da, bunların bir bölümü şəhər mərkəzindən uzaqdadır və xidmət səviyyəsi o qədər yüksək deyil. Bu baxımdan, əgər COP tədbiri ilə bağlı Bakıya gələcək qonaqların sayı öncəki tədbirlərdəki qədər olsa, heç Atletlər Kəndindən istifadə də gələn bütün qonaqların yerləşdirilməsinə yetməyə bilər.

O da var ki, tədbirə yüzə yaxın ölkənin dövlət və hökumət rəsmiləri gəlir. Bu tip rəsmi şəxslər adətən otellərin özəl otaqlarında qalırlar. Bakıdakı beş ulduz otellərin həmin tələblərə cavab verən otaqlarının sayca yüzdən çox ölkənin liderinə yetəcəyini də demək olmaz. Başqa deyimlə, hökumət hansısa alternativlərə əl atmasa, Bakıdakı mövcud qonaqlama infrastrukturu şəhərə eyni gündə on minlərlə əcnəbinin gəlişini qarşılamağa yetməyə bilər.

Bakı hava limanı
Bakı hava limanı

Hava limanının gücü yetəcəkmi?

Otellər qədər, hava limanlarının gücü də böyük tədbirlərin gerçəkləşdirilməsində önəmli rol oyanır. Bugünkü rəqəmlər, otellər kimi, Bakı Hava Limanın da eyni anda on minlərlə şəxsin qəbulunda çətinlik yaşaya biləcəyini göstərir. Rəsmi rəqəmlərə görə, 2023-cü ilin ilk 11 ayı ərzində Bakı Hava Limanında 5.3 milyon sərnişinə xidmət göstərilib. Deməli, hər gün ortalama 16 minə yaxın sərnişin daşınır. Unutmaq olmaz ki, bu həcmin heç də hamısını adıçəkilən tədbirə ayırmaq mümkün deyil. Azərbaycan hava yolu bazarında dövlət şirkəti AZAL-ın hökmran mövqeyi bir çox aviadaşıyıcının ölkə bazarına girişini çətinləşdirir. Bu baxımdan, Azərbaycan daha çox sayda qonağın ölkəyə səfərini təşkil etmək üçün çarter reyslərinin olmasına ümid bəsləyə bilər.

Xatırlamağa dəyər ki, 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçirilən Avroliqa finalı zamanı da hava limanı gücünün yetərsizliyi finala vəsiqə qazanan İngiltərə komandalarına az sayda bilet ayrılmasına səbəb olmuşdu. 70 minə yaxın tutumu olan stadionda finala vəsiqə qazanan komandaların azarkeşlərinə cəmi 6 minə yaxın bilet ayrılmışdı. Bununla bağlı açıqlamasında UEFA bildirmişdi ki, az bilet ayrılmasının səbəbi Bakı Hava Limanının günlük cəmi 15 min sərnişinə xidmət edə bilməsidir. Bu üzdən, həmin oyunda stadiondakı azarkeşlərin, özəlliklə əcnəbi azarkeşlərin sayı gözləniləndən az olmuşdu.

Azərbaycana gələn turistlər hara gedir?
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Azərbaycana gələn turistlər nədən narazıdır?

DSK Azərbaycana gələn turistlər arasında onlara göstərilən xidmətlərdən məmnunluq səviyyəsini ölçmək üçün sorğu keçirmişdi. Həmin sorğu ölkədə turistləri narahat edən digər məsələlərin də olduğunu üzə çıxarıb. Azərbaycana səfər edənlərin təxminən 13 faizi xidmət səviyyəsini qənaətbəxş saymayıb. Turistləri ən çox narazı salan sahələr ictimai iaşə xidmətləri və avtobusla sərnişindaşımadır. Xidmətlərdən razı qalmadığını bildirənlərin 44 faizi məhz bu iki sahədən gileylənib. Turistlərin ən çox narazı qaldığı üçüncü sahə taksi xidmətidir. Azərbaycandakı xidmətlərdən razı qalmayanların daha 12 faizi taksi xidmətlərinin səviyyəsini bəyənməyib. Otel xidmətlərindən razı qalmayanlarsa bütün narazıların 10 faizi civarında olub.

İştirakçı sayı baxımından belə irimiqyaslı tədbirin Bakıda keçirilməsi hökumətlə yanaşı, sadə vətəndaşlara da çətinlik törədəcək, axı Bakıda cəmi bir neçə rəsmi şəxsin qatıldığı tədbirlər zamanı da şəhərin əsas küçə və prospektləri bağlanır və insanlar saatlarca yolda qalırlar. Bu baxımdan, yüzə yaxın ölkə rəhbərinin Bakıda olduğu günlərdə, çox güman, paytaxtda hərəkət dayanacaq. Bu, adi sakinlərin günlük yaşam problemləri ilə yanaşı, bəlli yer və sahələrdə fəaliyyət göstərən bizneslərin də itki yaşayacağı anlamına gəlir.

XS
SM
MD
LG