Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:26

'Bakıda 600 avtobus çatmır'


Bakıda yeni avtobuslar. 2011
Bakıda yeni avtobuslar. 2011

Bugünlərdə Fatmayı bağlarını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 134 nömrəli marşrut xətti ləğv edilib.

Avtomobil Yollarına Nəzarət Agentliyinin (AYNA) məlumatına görə, həmin xətdə yararsız və istismar vəziyyəti qənaətbəxş olmayan avtobuslardan istifadə olunurdu. Eyni zamanda, onun 108A və 592 nömrəli marşrutların hərəkət sxemlərini təkrarladığı bildirilirdi.

Artıq illərdir paytaxtda ictimai nəqliyyatla bağlı şikayətlər səngimək bilmir. Şikayətlərə görə, avtobus parklarının yenilənməsi üçün tez-tez büdcədən vəsait ayrılsa da, problemlər hələ də qalmaqdadır.

Şikayətlərdə habelə vurğulandığına görə, son bir ildə qanunvericiliyə dəyişikliklərdən sonra taksilərdə bahalaşma olub, marşrut avtobuslarında isə sıxlıq getdikcə artmaqdadır. İddialara görə, bəzən bir marşrut avtobusu elə ilk dayanacaqdan tam doldurulur və növbəti dayanacaqlarda sıxlıq yaranır.

Yeddi il əvvəl... və 16 milyard...

Hələ 2018-ci ildə prezident İlham Əliyev Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında sərəncam imzalayıb. Sənəddə qeyd edilirdi ki, 2015-ci ildən başlayaraq üç il ərzində 300-dən artıq müasir orta- və iritutumlu avtobus alınaraq Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb.

Dövlət Statistika Komitəsinin məlumatlarında da hər il təzə avtobusların alınması ilə bağlı xəbərlərə rast gəlinir. 2023-cü ilin yanvar-sentyabr aylarını əhatə edən məlumata görə, ölkəyə 5 milyon 977 min dollar məbləğində 89 avtobus idxal olunub. Bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə vəsait baxımından 87.1, avtobus baxımından isə 73.6 faiz azdır.

Yanvarda açıqlanan Bakı şəhəri Baş planına əsasən isə, 2040-cı ilə qədər nəqliyyat sisteminə orta hədlə 16 milyard 902 milyon manat vəsait xərclənəcək.

Milyonlar xərclənən "BakuBus"lar depoda istifadəsiz qalıb - EKSKLÜZİV görüntülər
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

"İşə taksi ilə gedib-gəlmək üçün gərək oliqarx olasan"

Zığ qəsəbəsində yaşayan, amma adlarının çəkilməsini istəməyən sakinlər AzadlıqRadiosuna bildirib ki, 44 nömrəli avtobusu bəzən 20-30 dəqiqə gözləməli olurlar: "Avtobus gələndə də salonda elə sıxlıq yaranır ki, adam hər şeyi buraxıb taksi ilə getmək istəyir. Amma hər gün işə taksi ilə gedib-gəlmək üçün gərək oliqarx olasan. Məcbur olub sıxılışa-sıxılışa avtobusla hərəkət edirik".

"50 faizi 10 yaş üzərindədir"

AYNA-dan "Turan"a bildirilib ki, son illər mindən çox yeni avtobus gətirilib: "Amma buna baxmayaraq, bu gün avtobus parkında olan 2 min avtobusdan təxminən 50 faizi 10 yaş üzərindədir. Hazırda ölkədə 27 sərnişin daşıyıcı şirkət var, onlardan cəmi dörd-beşi tələblərə cavab verəcək xidmət göstərir".

Qurumun məlumatına görə, Bakıda vətəndaşların ictimai nəqliyyata əlçatanlığı 80 faizdir: "Bunun artırılması ilə bağlı işlər, demək olar ki, yekunlaşıb və Bakıda yeni marşrut şəbəkəsi olacaq. Hazırda Bakıda təxminən 180 marşrut xətti var və onların bir çoxu bir-birini təkrarlayır. Yeni şəbəkədə təxminən 100 marşrut xəttinin olması planlaşdırılır, amma onlar elə işləyəcək ki, vətəndaşların ictimai nəqliyyata əlçatanlığını 90 faizə çatdırılacaq. Avtobus sayının da artırılması nəzərdə tutulur və hazırda hədəf 500 avtobusun istismara verilməsidir".

Avtobus sürücülərinin ən böyük dərdi
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

"Açıq "bazar" idi"

Nəqliyyat məsələləri üçün ekspert Elməddin Muradlı isə AzadlıqRadiosuna bildirib ki, gediş haqqı artandan sonra dövlət özəl sərnişin daşıyıcı şirkətlərə heç bir dotasiya vermir: "Yalnız dövlət şirkəti olan "BakuBus"a vəsait ayırır".

Ekspertin sözlərinə görə, Bakıda bir-birinin marşrutunu təkrarlayan fərqli avtobuslar var: "Hər bir daşıyıcı şirkət və yaxud da fərdi sahibkar baxır harada daha çox pul var, avtobus alır, xəttə buraxır. Əvvəllər bu, açıq "bazar" idi. Digər həssas qrup insan da var idi, onlar təsir imkanlarından bəhrələniblər və marşrutlar açıblar...".

E.Muradlı qeyd edib ki, həmin marşrutlar üzrə fəaliyyət göstərən avtobusların bir çoxu yarasızdır: "Hazırda var-gücü ilə işləyəndə 2 min avtobus xəttə çıxara bilirlər. Bakıda isə təxminən 2 min 600 avtobusa ehtiyac var. 600 avtobus hazırda çatmır və bu, az rəqəm deyil".

Mövzu ilə bağlı Nazirlər Kabineti və ayrı-ayrı daşıyıcı şirkətlərlə danışmaq mümkün olmayıb. Amma şirkətlər buna qədər, bir qayda olaraq, çıxış yolunu dövlətin onlara güzəşt etməsində və gediş haqlarının artırılmasında görüblər.

XS
SM
MD
LG