Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:38

'Büdcənin pullarını onların evində axtarmaq lazımdır'


Manat
Manat

«Mən ikiayaqlı inkassator maşın idim, nə deyirdilər, onu eləyirdim. İndi özləri çəkilib durub bir kənarda, məni veriblər irəli. Milyonları yeyənlər qalıb bir tərəfdə, mənə 9 il həbs cəzası verilib. Halbuki, mən adi fiquram, heç kiməm», – bunu deyən Rahib Hüseynov keçmiş nəqliyyat nazirinin müavini Arif Əsgərovun qohumudur.

A.Əsgərov nazir müavini olmamışdan öncə 2004-2015-ci illərdə «Azərbaycan Dəmir Yolları» QSC-nin rəhbəri vəzifəsində işləyərkən baldızı oğlu Rahib də bu idarədə çalışıb. İndi o, xaricdən dəmiryoluna aid avadanlıqlar, vaqonlar üçün yataq dəstləri gətirmək adıyla adamlardan milyonlarla pul alıb, onları aldatmaqda suçlanaraq 9 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalıb şikayət verən R.Hüseynov Bakı Apellyasiya Məhkəməsində çıxış edərkən deyib ki, yalandır, adamlardan pulları xalası oğlu – sabiq nazir müavininin oğlu Elnar Əsgərov alıb.

«Dövlətin 48 milyonunu alıb, oğlunun əyri işlərini ört-basdır eləməlisən?»

R.Hüseynov apellyasiya məhkəməsində danışıb ki, əslində, adamlardan pullar sələmlə alınıb, hər ay xalasıgildən o adamlara faiz göndərib, o da aparıb verib. Pul sahiblərinin əksəriyyəti də vəzifəli şəxslərin (icra başçısı, universitet rektoru və s.) övladları olub. Faizlər dayananda onlar hüquq-mühafizə orqanlarına şikayət ediblər:

«Bu məsələlər 2013-cü ildən başladı. O vaxt məni 6 ay «bandotdel»də (DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-red.), 5 ay da Kürdəxanı təcridxanasında saxladılar. Bu 11 ayda A.Əsgərov 30 nəfərə 48 milyon pul payladı. Adamdan soruşmazlarmı ki, bu 48 milyonu haradan alıb qaytardın? Bu adam o vəzifəyə təyin olunanda yazılmışdı ki, dövlətin 48 milyonunu alıb, oğlunun əyri işlərini ört-basdır eləməlisən? Onların günahı yox idisə, niyə qaytarırdılar? 11 aydan sonra cinayət işinə xitam verib, məni də buraxdılar. Pul verənlərdən biri də Elnarın öz bacanağı Qoşqar Zeynalov (Tovuzun sabiq icra başçısının oğlu, Dövlət Yol Polisi İdarəsinin zabiti-red.) idi. 2016-cı ildə nə oldusa, Qoşqarın əliylə şikayət verib, xitam qərarını ləğv etdirdilər, məni həbsə göndərdilər».

«İşçiyə evdən nahar gətirməyə icazə vermirdilər ki, pul verib almalısan»

Bütün bu işlərdən xalasının da xəbərdar olduğunu deyən R.Hüseynovun sözlərinə görə, kimdən nə qədər alınması, kimə nə qədər faiz verilməsi kimi məsələləri oğlu ilə birlikdə o müəyyənləşdirirdi. Vaxtilə Dəmiryol İdarəsində çalışmış R.Hüseynov oradakı durumdan da danışıb. Deyir ki, xaricdən maya dəyəri 5 manata gətirilən hansısa avadanlıq 50 manata rəsmiləşdirilirdi:

«O idarə Xatun və Arif Əsgərovların ər-arvad birgə biznesi idi. Vaqon üçün 30 manatlıq yataq dəsti Dəmiryol İdarəsinə 250 manata satılırdı. Büdcənin pullarını onların evində axtarmaq lazımdır. Gərək ora Dəmiryol İdarəsi yox, «filankəsin atasının şirkəti» deyəydilər. Qoşqar Zeynalovun ifadəsində var ki, guya gətirib 4 milyon 398 min manat pulu mənə Dəmiryol İdarəsində verib. Orada nə qədər kamera var, sübut olsaydı, çıxarıb ortaya qoyardılar. O idarəyə işçilərə özlərinə nahara yemək gətirməyə imkan vermirdilər ki, yeməkxanada pul verib yeməlisiz. Necə oldu, bu adam idarəyə mənim üçün torbada o qədər pul gətirdi, heç kim görmədi?».

R.Hüseynovun vəkili Sevil Hacıyeva birinci instansiya məhkəməsində bu işin hərtərəfli və ədalətli araşdırılmadığını bildirib. Vəkil deyib ki, bu işin başında Dəmiryol İdarəsinin keçmiş rəhbərliyi dayanır, ona görə də mütləq adıçəkilən şəxslər, o cümlədən A.Əsgərov dindirilməlidir.

Bakı Apellyasiya Məhkəməsində Rəşad Abdulovun sədrlik etdiyi hakimlər kollegiyası nə vəsatəti təmin edib, nə də apellyasiya şikayətini. Bakı Ağır Cinayətlər Məhkəməsinin R.Hüseynovla bağlı hökmü 9 illik cəza hissəsində qüvvədə saxlanılıb. Ekspertiza xərclərinin artırılması, sələmlə pul alınmış adamlara ödənilən məbləğlər yazılan kitabçaların sübut kimi qiymətləndirilməsi kimi hissələrdə hökmə qismən dəyişiklik edilib.

Vəkil S.Hacıyeva AzadlıqRadiosuna bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verəcəklər: «Bu iş faktiki araşdırılmayıb. Halbuki, araşdırılsa, çox ciddi faktlar üzə çıxar. Ona görə sona qədər gedəcəyik».

Elnar Əsgərov isə xalası oğlunun məhkəməsində dindirilərkən deyilənləri təkzib edib. Bildirib ki, qohumları onların adından sui-istifadə ediblər, adlarını hallandırıb şantaj edirlər: «İstəyirlər ki, adamlara vurduqları ziyanı bizim hesabımıza ödəsinlər. Bizə böhtan atırlar, ləkələməyə çalışırlar».

XS
SM
MD
LG