Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:19

'Böyük kanalizasiya xətləri əsas yolların altında yerləşir'


'Bir də gördüz Bakıda binalar da çökdü'
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

'Bir də gördüz Bakıda binalar da çökdü'

Dekabrın 18-də Prezident İlham Əliyevin sərəncamı ilə Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı «Azərsu» Açıq Səhmdar Cəmiyyətinə (ASC) 8 milyon manat ayırıb. Habelə, dekabrın 19-da prezidentin Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına da bir o qədər vəsait ayırdığı bildirilir.

Kanalizasiya sisteminin təkmilləşdirilməsinə yönəlmiş bu tipli sərəncamlara tez-tez rast gəlinir və onlarda regionlarla yanaşı, Bakı şəhərinə də böyük önəm verilir. Belə sərəncamlar 2000-ci illərin əvvəlindən verilir, lakin bütün bunlara baxmayaraq, hər yağış yağanda paytaxtın bir sıra küçələrinə su yığılır, iri gölməçələr yaranır.

3 il əvvəl yaradılan İşçi qrup

2016-cı ildə yağan yağışdan sonra Bakı şəhərində problemlər yaranmışdı. Noyabr ayında Prezident İ.Əliyev Bakı şəhərində yağış kanalizasiya sisteminin, şəhərin ekoloji və sanitar vəziyyətinin yaxşılaşdırılması məqsədilə İşçi qrupun yaradılması ilə bağlı sərəncam imzalamışdı.


Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi ilə 10 nəfərdən ibarət İşçi qrup yağış kanalizasiya xətlərinin vəziyyətini təhlil etməli, etibarlılığının artırılmasına, ardıcıl və mərhələli rekonstruksiyasına dair təkliflər hazırlayıb prezidentə təqdim etməli idi…

Yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı yaradılan İşçi qrup 2017-ci ilin mayında fəaliyyətə başlayıb. Abşeron yarımadasının müxtəlif ərazilərində 14 layihənin həyata keçirilməsinin qərara alındığı bildirilib. Bu layihələrin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən «Azərsu» Açıq Səhmdar Cəmiyyətinə 14.7 milyon manat ayrıldığı açıqlanıb. 2019-cu ildə isə İşçi qrupun tərkibi yenilənib.

Kanalizasiya sistemin yenidən qurulması ilə bağlı vəsaitlər yalnız dövlət büdcəsindən yox, xarici ölkələrdən də alınıb. Verilən məlumatlara görə, «Azərsu» ASC-yə faiz hesablanan kredit və borc öhdəliyi 2019-cu il yanvarın 1-nə 243.523 milyon manat təşkil edib.

N.Cəfərli
N.Cəfərli

«4 milyon əhaliyə indiki kanalizasiya sistemi çatdıra bilmir»

İqtisadçı Natiq Cəfərli hesab edir ki, Bakı şəhərinin kanalizasiya sistemin yenidən qurulması, yağış suları sistemi ilə kanalizasiya sistemlərinin bir birindən ayırması və yeni kollektorların yaradılması məqsədilə ayrılmış pullar yetərli deyil: «Əslində bütün bunlar üçün milyardlarla vəsait lazımdır. Bakı şəhəri təqribən 2.5 nəfərə xidmət edə biləcək altyapıya malikdir. Regionlarda yaranmış iş problemi əhalinin Bakıya gəlməsinə səbəb oldu. Hazırda Bakıda 3.5 milyona yaxın əhalinin yaşadığı deyilir. Ətraf bölgələri əlavə etsək, bu rəqəm 4 milyona çatacaq. Bu 4 milyon əhaliyə indiki kanalizasiya sistemi çatdıra bilmir və kiçik pullar ayırmaqla problemi həll etmək mümkün deyil».

İqtisadçıya görə, paytaxtda kanalizasiya sistemi düzgün qurulmayıb: «2000-ci illərdə tikinti bumu zamanı isə yağış sularının axıdılması üçün sistemlərin bir çoxu sıradan çıxarıldı və o borular kanalizasiya xəttinə birləşdirildi».

«Korrupsiya pulları… texniki qaydalara əməl edilməsinin qarşısını aldı»

N.Cəfərli qeyd edib ki, bu sərəncamlar ilə ayrılan vəsaitlər problemi yalnız müvəqqəti olaraq həll edə bilər: «Bu, sistemin balaca bir hissəsində boru xətlərinin dəyişdirilməsi üçün kifayətdir. Amma bu problemin köklü həlli üçün milyardlarla vəsaitə və Bakı şəhərində ciddi söküntü işlərinə ehtiyac var. Çünki çox bərbad xaotik tikintilər var. Azərbaycanda tikinti bumu yaşananda torpaq satışı həyata keçirilib və korrupsiya pulları tikinti qərarlarının verilməsində texniki qaydalara əməl edilməsinin qarşısını aldı».

İqtisadçı hesab edir ki, vəziyyətin köklü şəkildə dəyişməsi üçün insanların regionlara qayıtması və oradakı iqtisadi fürsətləri dəyərləndirməsi vacibdir: «Bir də, Bakı şəhərinin kanalizasiya sistemin yenidən qurulması üçün Baş Planın qəbul olunmasına ehtiyac var. Buna isə milyardlarla vəsait və uzun zaman lazımdır».

Haraları sökəcəklər?- Bakının yeni baş planı hazırdır
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

«Xəttin üzərində birdən-birə 15-20-mərtəbəli binanı tikəndə…»

Memar Əli İmanxanlı da hesab edir ki, paytaxtın kanalizasiya sisteminin problemi şəhərin yüklənməsi ilə bağlıdır: «Bakı şəhərində kanalizasiya sistemi həddindən artıq yüklənib. Sistem isə Sovet vaxtında qurulan sistemdir. Onun müəyyən və, adətən, balaca diametri var, yalnız bu diametr çərçivəsində su və tullantıların təzyiqini apara bilər. Bu xəttin üzərində birdən-birə 15-20-mərtəbəli binanı tikəndə onun gücü çatmır və leysan yağışı olanda sular çölə tökülür».

Ekspert bildirib ki, Bakıda bütün kanalizasiya sistemi dəyişməlidir: «Bir neçə il bundan əvvəl Bakının Baş Planı hazırlandı, prezident onun maketinin təqdimatında iştirak etdi və bu Plana əsasən binalar tikildi. İndi isə yenə nəsə dəyişib başqa Baş Planı hazırlayırlar.


Bəs bu tikilən binalar və onların kommunikasiya xətləri necə olacaq? Binalar tikilməmiş onların kommunikasiya sistemləri və birinci növbədə kanalizasiya sistemini qurmaq lazımdır. Kanalizasiya xətləri yenilənməlidir, təzyiqə davamlı olmalıdır, sonra isə binalar tikilməlidir. Bizdə isə proseslərin hamısı əksinə gedir».

Ə.İmanxanlı vurğulayıb ki, böyük kanalizasiya xətləri əsas yolların altında yerləşir: «Onları dəyişmək üçün yollar qazılacaq, kanalizasiya xətləri dəyişdiriləcək, sonra yenidən yollar çəkiləcək. Bu, sadəcə, əlavə xərclərdir. Halbuki, binalar və yollar tikilməmiş xətləri dəyişmək daha rahat idi, xərci də daha az olacaqdı».

Bakıda yağışdan sonrakı mənzərə...
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

«Yeni kanalizasiya sistemi qurulur»

«Azərsu» ASC-nin mətbuat xidmətin rəhbəri Anar Cəbrayıllı isə «Turan» agentliyinə bildirib ki, kanalizasiya sistemi ilə bağlı layihələr icra olunmaqdadır və Bakı şəhərində yeni kanalizasiya sistemi qurulur: «Yeni kanalizasiya sistemi qurulur, yağış-kanalizasiya xətləri çəkilir. Hazırda paytaxtın Sabunçu rayonunda, Kürdəxanı, Mehdiabad qəsəbələrində, Abşeronda, həmçinin, şəhərin mərkəzində də işlər gedir və bu işlər davam etdiriləcək. Əvvəlki illərə baxanda vəziyyət olduqca yaxşılaşıb».

A.Cəbrayıllı qeyd edib ki, Bakıda intensiv yağışlar zamanı gölməçələrin yaranması normaldır:


«Bütün dünyada belədir, hətta ən iri və inkişaf etmiş şəhərlərdə belə, Parisdə, Londonda, İstanbulda da vəziyyət eynidir. Bu, dünya iqliminin dəyişməsi və qlobal istiləşməsi ilə bağlıdır. Yəni, yağışlar daha intensivləşib və yağış-kanalizasiya xətləri yüklənir, subasmalar olur. Yadınızdadırsa, 2016-cı ildə bir gün ərzində düşən yağıntının miqdarı 30 mm-ə çatmışdı. Belə olan halda suyun bir hissəsi kanalizasiya xəttinə gedir, qalan hissəsi isə yerdə qalır».

«Azərsu» ASC-nin sözçüsünün vurğulamasına görə, Bakıda hələ ki, kanalizasiya çəkilməyən hissələr var: «Məsələn, Binəqədi qəsəbəsinin bir hissəsində kanalizasiya xətləri yoxdur, lakin qəsəbənin mərkəzi hissəsində bütün kanalizasiya xətləri qurulub. İşlər gedir və yaxın gələcəkdə bütün qəsəbədə kanalizasiya sistemi qurulacaq».

Rəsulzadə qəsəbəsi yenə sular altında qaldı
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

«İnsanlar məhəllələrdə quyu qazırlar»

Binəqədi sakini Rəbiyyə Məmmədovanın sözlərinə görə də, qəsəbədə kanalizasiya ilə bağlı vəziyyət pisdir: «Düzdür qəsəbənin elə yerləri var ki, orada kanalizasiya xətləri var. Lakin onlar sovetdən qalma xətlərdir və artıq köhnəlib. Qəsəbənin digər yerlərində isə kanalizasiya, ümumiyyətlə, yoxdur. Yəni insanlar məhəllələrdə quyu qazırlar və onun üstünü örtürlər. Bu da olur onların kanalizasiya sistemi. Məişət tullantılar ora atılır. Yağış yağanda kanalizasiya sistemi olmadığına görə yağış suları çirkab suları ilə bir-birinə qarışır və antisanitar vəziyyət alınır. Elə olur ki, nəcis küçənin ortasına axır».

XS
SM
MD
LG