Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:14

Ekspert: Azərbaycandan böyük pulları böyük holdinqlər çıxarır


Azərbaycandan milyardlarla pul necə çıxarılır?
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Azərbaycandan milyardlarla pul necə çıxarılır?

Son illər Azərbaycanın adı tez-tez milyardlarla dollar çirkli pulların yuyulmasında, ölkədən pulların qeyri-qanuni çıxarılmasında hallanır.

Özü də bu cür hallar tək bəynəlxalq təşkilatların hesabatlarında deyil, Azərbaycanda gedən məhkəmə işlərində də vurğulanır.

Elə bu günlərdə Mərkəzi Bankın sədri Elman Rüstəmov da “Marja” saytına müsahibəsində ölkədən çıxarılan pullardan danışıb.

O deyib ki, mal almaq adı ilə xaricə 4-5 milyard dollar köçürülürdü. Elman Rüstəmov bu halların nə zaman olduğunu bildirmir, amma vurğulayır ki, 2016-cı ildə antiböhran tədbiri kimi yeni qaydalar qəbul olunandan sonra vəsaitləri ölkəyə qaytarmaq mümkün olub:

“Məqsəd süni maneə yaratmadan ölkənin valyuta vəsaitlərindən səmərəli istifadəni təmin etmək, bu vəsaitlərin hansısa ölkələrdə yatıb qalmasına şərait yaratmamaqdır. Bizim hüquqi şəxslər guya xaricdən mal gətirmək adı ilə 4-5 milyard dollar pul köçürürdü, amma mallar ölkəyə daxil olmurdu. Biz bunun qarşısını almaq üçün qaydalar qəbul etdik. İndi qayda belədir ki, real ticarət əməliyyatı üçün xaricə pul köçürülürsə, 270 gün ərzində mallar ölkəyə daxil olmalıdır”.

270 gün ərzində xaricdən alınan mal ölkəyə gəlməsə, xidmət göstərilməsə və ya iş görülməsə cərimələr nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinə görə vəzifəli şəxslər xaricə ödənilmiş vəsatin 10 faizindən 20-faizinə qədər, hüquqi şəxslər isə 20 faizindən 30 faizinə qədər cərimə olunurlar.

Rusiya məcəlləsindən plagiat

Amma bank məsələləri üzrə ekpsert Əkrəm Həsənov deyir ki, İnzibati Xətalar Məcəlləsindəki bu tələb Rusiya qanunvericiliyindən olduğu kimi köçürülüb. Lakin Rusiyanın İnzibati Xətalar Məcəlləsində müəyyən edilən müddət dedikdə tərəflər arasında bağlanan müqavilədəki müddət nəzərdə tulur. Yoxsa, Azərbaycandakı kimi hər kəs üçün 270 gün tələbi yoxdur. Onun sözlərinə görə, belə bir tələb qanuni fəaliyyət göstərən sahibkarlara ciddi problemlər yaradıb. O bildirir ki, son 3 ildə bununla bağlı təkcə o özü 8 nəfərin işində məhkəmədə müdafiəçi olub:

“Məsələn, mənim bir müştərim Amerikada məhsul sifariş vermişdi. O məhsulun istehsal müddətinin özü 270 gündən çox idi. O deyirdi ki, axı, mən bunu 270 gün ərzində ölkəyə necə gətirim? Burada məqsəd büdcəni doldurmaqdır. Təəssüflər olsun ki, məhkəmələr də sahibkarı müdafiə etmir. Belə halla üzləşən sahibkarlar da deyir ki, iki yolları qalır ya binzeslərini Azərbaycandan çıxarmaq, ya da bu cür əməliyyatları offşor şirkətlər vasitəsilə etmək”.

Mərkəzi bankın sədri Elman Rüstəmov bildirib ki, bu məsələ ilə bağlı qaydalara dəyişikliklər ediləcək. Hazırlanma müddəti 270 gündən çox olan məhsullar üçün İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə 270 gündən artıq vaxt veriləcək. Amma o bildirib ki, Mərkəzi Bank tələblərin bundan artıq yumuşadılmasına qarşıdır. Çünki bu keçmiş mənzərənin təkrarına gətirib, çıxarar.

Ekspert Əkrəm Həsənov isə bildirir ki, son illər qəbul olunan qaydalar əslində ölkədən pul çıxaranlara deyil, birbaşa real sahibkara yönəlib. Bu qaydaların tətbiqi qanuni işləyən sahibkarı da, qeyri-qanuni yollardan istifadəyə məcbur edir.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin fikirlərini öyrənib:

Azərbaycandan xaricə dollar çıxaranlar kimlərdir?
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

Mərkəzi ofisi Vaşinqtonda yerləşən “Global Financial Integrity” təşkilatının hesablamasına görə, 2002-2011-ci illərdə hər il Azərbaycandan xaricə, orta hesabla, 1 milyard 700 milyon dollar, bütövlükdə isə 17 milyard dollar pul çıxarılıb.

Bu il Bakı Ağır Cinayətlər Məhkəməsi isə ölkədən 5,5 milyard manatın çıxarılıb ofşor hesablara köçürülməsi ilə bağlı prosesi yekunlaşdırıb.

Məhkəmədə məlum olub ki, pullar müxtəlif şirkətlər vasitəsi ilə ölkədən çıxarılıb. Əməliyyatları aparan 3 bankın işçiləri də həbs olunub. Məsələn, işin detallarından bəlli olur ki, Vergilər Nazirliyinə təqdim etdiyi bəyanatda heç bir fəaliyyəti olmayan bir şirkət 2 ildə ofşora 196 milyon manat çıxarıb.

"Hansısa nazir işdən çıxarılnda ölkədən böyük pullar yoxa çıxır"

İqtisadçı ekspert, keçmiş millət vəkili Nazim Bəydəmirli deyir ki, devalvasiyadan sonra bəzi nazirlər dəyişəndən sonra hökumət bu məsələnin üstünə daha ciddi düşdü. Onun fikrincə, görünür ki, bəzi oliqarxlar təhlükəni görüb, pullarını ölkədən çıxarmağa can atıblar:

“Azərbaycanda hər hansı bir naziri tərpətikdə və ya hansısa korrupsiyaya bulaşmış naziri işdən çıxardıqda, ölkədən böyük məbləğdə valyuta yoxa çıxır. Mən düşünmürəm ki, sıravi iş adamı milyardlarla dollarlıq əməliyyatlar apara bilsin. Mən düşünürəm ki, bunlar böyük holdinqlərdir, öz bankları vasitəsilə çirkli pulların yuyulması prosesi gedir”.

Londonda mənzilənən "Tax Justice Network" qeyri-kommersiya təşkilatı Azərbaycan vətəndaşlarının offşor zonalarda 48 milyard dollar vəsaitinin olduğu hesablayıb. Hesabat 1993-cü ildən 2012-ci ilədək olan dövrü əhatə edir.

Son ən səs küylü araşdırma isə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma layihəsi, OCCRP-nin 2017-ci ildə yaydığı “Azərbaycanın Pulyuyan maşını” adlı araşdırma olub. Həmin araşdırmada qeyd olunur ki, 2012-2014-cü illərdə Azərbaycandan 2,9 milyard dollar pul çıxarılıb.

Ölkədən pul çıxaranlar arasında Azərbaycanın yüksək vəzifəli şəxslərinə bağlı şirkətlər, oliqarxlar var. Bəzi hallarda isə milyonlarla dollarlıq əməliyyatları aparan şəxslər sadə vətəndaşlar olub, onlar araşdırma müəlliflərinə etiraf ediblər ki, heç nədən xəbərləri olmayıb, sadəcə müəyyən sənədlərə imza atıblar.

Azərbaycandan oğurlanan pullara erməni lobbisinin nə dəxli var?

Qeyri-qanuni pulların çıxarılması, çirkli pulların yuyulması üzrə Almaniyadan olan mütəxəssis Casey Kelso deyir ki, bu araşdırmada Azərbaycandan pulköçürmə əməliyyatlarının mexanizmi də üzə çıxarılıb:

“Azərbaycanın pulyuyan maşını” müxtəlif mexanizmlərdən istifadə olunub. Danske Bankın Estoniya filialı araşdırmada adı keçən dörd şirkətə əməliyyat xidməti göstərərək, milyardların onun hesablarından keçməsinə şərait yaradıb. Danske Bank bu şübhəli əməliyyatlara həyəcan siqnalı verməli olduğu halda pul köçürmələrinə göz yumub. Əsas pul köçürmələri yenə də Britaniyada qeydiyyatdan keçmiş törəmə şirkətlərə edilib, böyük məbləğlərdə pullar Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədəki şirkətlərə köçürülüb. Bu pul axının böyük bir hissəsinin son mənzili naməlumdur, lakin sənədlər milyonlarla dolların dünya boyunca müxtəlif şirkət və fərdlərin bank hesablarında oturduğunu göstərir”.

Azərbaycanın pulyuyan maşını araşdırmasında vurğulanır ki, çirkli pullar fondundan Avropa rəsmilərinə rüşvətlər də verilib. Adı rüşvət almaqda hallanan Avropa rəsmilərinə qarşı sonradan müxtəlif qərarlar verilib, kimi haqda öz ölkəsində araşdırma başlanıb, kimi tutduğu vəzifədən uzaqlaşdırılıb, kimi də cərimələnib. Araşdırma ilə bağlı Avropa Şurası Parlement Assambleyasında ayrıca dinləmə olub.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu araşdırmanı bəzi xarici dairələrin, xüsusilə Ermənistan və erməni lobbisinin işi adlandırıb.

Çirkli pulların araşdırılması üzrə mütəxəsis Casey Kelso isə düşünür ki, ölkədən çıxarılan pulun çox az hissəsinin hara getdiyi aydındır. Böyük hissə, azı 2 milyard dolların hara və ya kimlərin cibinə getdiyi hələ də naməlum olaraq qalır.

XS
SM
MD
LG