Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:11

Azərbaycanda bank qalmaqalı: saxta qızıl qılınc, qızıl xəritə...


Qızıl üzük
Qızıl üzük

Vaxtilə "Azəriqazbank" yarananda onun təsisçilərindən biri olmuş Eldar Səmimi indi həmin banka qarşı dələduzluqda suçlanır. 1992-ci ildə bank təsis ediləndən sonra iki ilə yaxın Müşahidə Şurasının sədri olmuş E.Səmimi "Azərbaycan Beynəlxalq Bankı" ASC və başqa banklarda, Dövlət Sosial Müdafiə Fondunda çalışıb. Bu müddətdə onun uzun illər banka rəhbərlik etmiş keçmiş deputat Çingiz Əsədullayevlə dostluq münasibətlərini də saxladığı bildirilir.

CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə məsuliyyətə cəlb edilən E.Səmimi qızıl-brilyant adıyla saxta, dəyəri çox aşağı olan əşyaları banka girov qoyub, oradan kredit götürməkdə ittiham olunur. İş materiallarında yazılıb ki, o, bankdan ümumilikdə 1 milyon 68 min manat pul götürüb, bunun 438 min manatını qaytarıb. Banka 630 min manat ziyan vurmaqda suçlanır.

Çəkisi 5 kiloqram olan qılınc, 3 kiloqramlıq xəritə

İddiaya görə, bankdan götürülən kredit hesabına da lombardı işlədib. Amma iş elə gətirib ki, o, banka kreditləri ödəyə bilməyib. Bank E.Səmimini mülki qaydada məhkəməyə verib. Məhkəmə də qərar çıxarıb ki, girov qoyulan əşyalar satılsın, bankın pulu ödənilsin. Əşyalar hərraca çıxarılanda isə aydınlaşıb ki, onların bir hissəsi qızıl deyil.

Cinayət işinin materiallarında iddia olunur ki, E.Səmimi əvvəl girov qoyduğu 2 milyon yarımlıq həqiqi qızıl-zinət əşyalarını 2013 ilin iyul-oktyabr aylarında bankdan çıxarıb aparıb.

Banka girov qoyulan və saxta olduğu iddia edilən qızıl əşyalar arasında çəkisi 5 kiloqramdan çox olan qılınc, təxminən üç kiloqramlıq xəritə, 6.8 kiloqramlıq hədiyyə şəkil və s. var.

"Qiymətləndirmə Xidmət Mərkəzi" MMC rəy verib ki, bu əşyaların ancaq üz hissəsi qızıldan olub. Amma bankda kredit veriləndə o əşyalar tam qızıl kimi təqdim olunub və nəticədə onların dəyərindən dəfələrlə çox kredit verilib. Kreditlər də ödənilməyib.

İstintaqda şahid kimi dindirilən bir neçə nəfər bank əməkdaşı deyib ki, E.Səmimi ilə bankın rəhbəri Ç.Əsədullayev dost idi və kredit verilməsində onun da rolu olub.

63-yaşlı E.Səmiminin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, özünü təqsirli bilmir. Deyir ki, əksinə, özü haqsızlığa məruz qalıb.

Vəkili Vasif İsrafilov bildirir ki, müvəkkilinin 2 milyon 452 min manatlıq qızıl-zinət əşyalarını 2013-cü ilin iyul-oktyabr aylarında bankdan çıxarıb aparması barədə heç bir sübut yoxdur: "İddia olunur ki, 4938 ədəd bağlamada qızıllar bankdan girovdan çıxarılıb. Amma çıxarılması barədə heç bir təhvil-təslim aktı yoxdur, heç nə ilə sübut olunmur ki, həmin qızıllar bankdan çıxarılıb".

"Bu saatın real qiyməti 50 min manat civarındadır"

Vəkilin sözlərinə görə, 2016-cı ilin mayında Nəsimi rayon Məhkəməsi kredit borcunun girov əşyalara yönəldilməsinə qərar verəndə əşyaların bir hissəsi dəfələrlə aşağı dəyərləndirilib, onların antikvar olub-olmaması yoxlanmayıb: "Satılmasına qərar verilən bir sıra əşyaların dəyəri isə müəyyənləşdirilməyib. Məsələn, brilyant qaşlı 200 qram çəkisi olan "Rolex" saat 50 min manatdan bahadır. 6 ədəd komplekt var ki, dəyəri 45 min manatdan çoxdur. "Piaget" markalı, brilyant qaşlı saatı ekspert 36 min dəyərləndirib. Halbuki, bu saatın da real qiyməti 50 min manat civarındadır. 13 ədəd qızıl, 9 ədəd gümüş sikkələrin içində dünyada yeganə olan sikkələr var, onların antikvar kimi qiyməti lap çoxdur. 432 ədəd qızıl onluq, 23 ədəd on beşlik, 7 ədəd beşlik və başqa qızılların dəyəri real bazar qiymətinə uyğun müəyyənləşsə, vəziyyət tamam başqa cür olar".

Saxtalaşdırıldığı, tam çəkisi qızıl olmadığı halda, o cür təqdim edilib girov qoyulduğu iddia olunan qılınc, xəritə, şəkil və s. əşyalara gəlincə, vəkil deyir ki, bu əşyaların bankda olarkən saxtalaşdırılması da mümkündür. Məhkəmədə də bu məsələnin araşdırılması, həmçinin mühasibatlıq və əmtəəşünaslıq ekspertizalarının keçirilməsi barədə vəsatət qaldırıb: "Nə Eldar Səmiminin götürdüyü, nə də ödədiyi pul düzgün hesablanıb. Sənədlərdən görünür ki, Eldar Səmimi bankdan 931 min 507 manat pul çıxarıb. 523 min 858 manat da ödəyib. İttihamda yazılanlarla bu rəqəmlər arasında 407 min 649 manat fərq var".

Vəkilin ekspertizaların keçirilməsi barədə vəsatəti təmin edilib.

İş hazırda ekspertizadadır.

2019-cu ildə "Azəriqazbank" rəhbərliyində dəyişiklik olub. Əfqan Cəlilov bankın İdarə Heyətinin sədri vəzifəsinə gətirilib.

E.Səmiminin ittiham olunduğu CM-in 178.3.2 maddəsində 5 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG