Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:24

Azərbaycan ərazisinin 76 faizində quraqlıq riski var


Azərbaycan Respublikası ərazisinin cəmi 24 faizində quraqlıq riski yoxdur
Azərbaycan Respublikası ərazisinin cəmi 24 faizində quraqlıq riski yoxdur

Son illər Azərbaycanın kənd təsərrüfatından söz düşəndə ən çox gündəmə gələn məsələlərdən biri quraqlıq problemidir. Bu problem həm bitkiçilik, həm də heyvandarlıqla məşğul olan təsərrüfatlara ciddi ziyan vurur, üstəlik, ölkədə ərzaq təhlükəsizliyi riskini artırır. Məsələn, 2022-ci ildə Kənd Təsərrüfatı Nazirliyi açıqlamişdı ki, həmin il kəskin quraqlıq üzündən Azərbaycanda təxminən 100 min hektar ərazidə taxıl əkinləri məhv olub. Bu ölkədəki taxıl əkilən torpaqların təxminən 10 faizi idi. Nəticədə 2022-ci ildə Azərbaycanın özünü buğda ilə təminat səviyyəsi 62 faizdən 57 faizə enmiş, buğda idxalına xərclənən vəsait də 100 milyon dollara yaxın artaraq 437 milyon dollara çatmışdı. Başqa deyimlə, quraqlıq riski təkcə kənd təsərrüfatında çalışanlara deyil, bütün ölkəyə ciddi risklər yaradır.

"Azərkosmos"un bugünlərdə yayımladığı və peykdən görüntülər əsasında aparılan müşahidələr də ölkədə quraqlıq riskinin yetərincə yüksək olduğunu göstərir. Həmin araşdırmaya görə, Azərbaycan Respublikası ərazisinin cəmi 24 faizində quraqlıq riski yoxdur. Deməli, ölkə ərazisinin dörddə üçündə az və ya çox dərəcədə quraqlıq riski var. "Azərkosmos"un hesablamasına görə, Azərbaycan ərazisinin 15 faizində çox yüksək, 8 faizində yüksək, 28 faizində orta, 25 faizində isə az quraqlıq riski mövcuddur. Beynəlxalq Təbii Resurslar İnstitutunun hazırladığı və qlobal iqlim dəyişikliyi ilə bağlı siyahıda Azərbaycan 18-ci yeri tutur. Bu siyahıya 2040-cı ildə quraqlıqla üzləşmə riski yüksək olan 33 ölkənin adı daxil edilib.

İri fermerlərə yaşıl işıq, kiçiklərə köhnə qurğu, susuz sahə
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

Hansı addımlar atılmalıdır?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2022-ci ildə yayımladığı və Azərbaycanda kənd təsərrüfatı sektorunda fəlakət riskinin incələndiyi hesabatda bildirilir ki, Azərbaycanda fəlakət, o cümlədən quraqlıq riskinin azaldılması üçün bir çox addıma ehtiyac var. Məsələn, kənd təsərrüfatı sahəsində fəlakət riskinin qiymətləndirilməsi, hazırlıq və fövqəladə fəaliyyət planları, fəlakətsonrası ehtiyacın dəyərləndirilməsi, zərər və ziyanların qiymətləndirilməsi barədə bilgi yoxdur. Üstəlik, yerli hakimiyyət orqanlarının fəlakət risklərini qiymətləndirilməsi üçün texniki imkanları da yoxdur. FAO-nun hesabatında özəlliklə vurğulanır ki, hətta hökumət sığorta haqlarının yarısını qarşılasa da, ölkədə aqrar sığortaya maraq yetərsizdir. Bu baxımdan, aqrar sığortadan yararlanmanın yüksək olmaması hökumətin bu istiqamətdə hazırladığı mexanizmləri gözdən keçirməyi tələb edir.

FAO-nun Azərbaycan hökumətinə ünvanlandığı tövsiyələrdən biri də ölkədə Fəlakət Risklərinin Azaldılması (FRA) platformasının yaradılmasıdır. Belə bir platformanın qurulması müxtəlif sektorlar və idarəetmə səviyyələri arasındakı fəaliyyəti daha yaxşı koordinasiyaya imkan verərdi. Bu da quraqlıq kimi risklərin həm baş verməsi ehtimalı, həm də baş verdikdən sonra durumun idarə edilməsi ilə bağlı fəaliyyətə müsbət qatqılar verə bilər. Axı uyğun strategiya və planların hazırlanması üçün dövlət orqanları arasında genişləndirilmiş koordinasiya tələb olunur. Bu koordinasiyanın təmin edilməsi transsərhəd xarakteri daşıyan daşqınlar, meşə yanğınları və quraqlıqlar üçün olduqca vacibdir.

Kürün quruması haqda fermerlər: 'Biabırçılıqdır. Bu saat əkindən gəlirəm, su yoxdur'
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

Azərbaycanda hazırlanmasına ehtiyac duyulan sənədlərdən biri də Fəlakət Riskinin Azaldılması üzrə Milli Strategiyadır. Bu strategiya çərçivəsində həm də fəlakət risklərinin idarə edilməsi planları, kənd təsərrüfatı sektoru üçün hazırlıq fəaliyyətləri və fövqəladə vəziyyət planları hazırlanmalıdır. BMT strukturunun qənaətincə, Azərbaycanda Hidrometeorologiyanın İnkişafına dair yeni Dövlət Proqramının və meşələrin inkişafına yönəlmiş yeni dövlət proqramının da qəbuluna ehtiyac var. FAO-nun araşdırmasında o da bildirilir ki, "Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında Əsasnamə" çağın tələblərinə cavab vermir. "Hidrometeorologiya fəaliyyəti haqqında" və "Meliorasiya və suvarma haqqında" qanunlara yenidən baxmaq və Avropa Birliyinin tələblərinə uyğunlaşdırmaq da Azərbaycana ünvanlanan tövsiyələr arasındadır.

Erkən xəbərdarlıq sistemləri gəlişdirilməlidir

FAO-nun quraqlıq və digər təbiət riskləri ilə bağlı əsas tövsiyələrindən biri də ölkədə erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsidir. Bu baxımdan FAO hesab edir ki, Azərbaycanda fəaliyyət göstərən meteoroloji və hidroloji stansiyaların sayı artırılmalıdır. Özəlliklə onlayn ötürmə qabiliyyətli avtomatik stansiyaların sayca çoxaldılmasına ehtiyac var.

Hesabatda bildirilir ki, uyğun əlaqələndirmə (bilgi paylaşımı) mexanizmlərinin yoxluğu ucbatından daşqın və ya quraqlıq riskinin qiymətləndirilməsinin xüsusi komponentlərinə məsuliyyət daşıyan Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Ekologiya və Təbii sərvətlər nazirlikləri arasında koordinasiya yoxdur. Bundan başqa, yüksək keyfiyyətli aqrometeoroloji müşahidələrin aparılmasından ötrü avtomatik hava stansiyalarına müasir proqram təminatı və yeni sensorlar tələb olunur. Bu avadanlıqların sayı artarsa, torpağın aqrometeoroloji rütubətinin, torpaq səthindən buxarlanmanın və qarın təmizlənməsinin qiymətləndirilməsinə və izlənilməsinə imkan yaranacaq. Bu istiqamətdə fəaliyyət göstərən işçilər üçün də təlim proqramlarının hazırlanmasına ehtiyac var. İqlimlə bağlı təhlükələrə dair fərdi xəbərdarlıqlar qəzet və televiziya kimi adi kanallar vasitəsi ilə verilsə də, iqlimlə əlaqəli çoxsaylı təhlükələri əhatə edən hərtərəfli, sistemli, ümummilli erkən xəbərdarlıq sistemi mövcud deyil. FAO-nun fikrincə, Azərbaycanda fermerlərin bu istiqamətlərdə məlumatlılıqlarının artırılmasına, eləcə də QHT və özəl sektorun da fəlakət risklərinin azaldılması ilə bağlı fəaliyyətdə iştirakının artırılmasına ehtiyac var.

XS
SM
MD
LG