Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:31

2022-ci il iqtisadiyyat baxımından necə yadda qaldı?


Kərə yağını marqarinə dəyişməyə məcbur camaat...
Gözlə

No media source currently available

0:00 0:05:07 0:00

Kərə yağını marqarinə dəyişməyə məcbur camaat...

Dünya iqtisadiyyatı 2022-ci ilə böyük ümidlərlə başlamışdı. Öncəki illərdə pandemiya üzündən qlobal iqtisadiyyat ciddi çətinliklər yaşamışdı. Artıq bütün dünyada pandemiyadan sonra yumşalmaların iqtisadi fəaliyyəti canlandırması gözlənirdi. Bir çox sahədə məhdudiyyətlər qaldırıldığından proqnozlar özünü doğrultsa da, ilboyu kəskinləşən inflyasiya bütün dünyada ciddi problem olaraq qalmağa davam etdi.

Azərbaycan iqtisadiyyatında da bahalaşmanı 2022-ci ilin əsas iqtisadi mövzusu saymaq olar. Rəsmi rəqəmlərə görə, il ərzində qeydə alınan inflyasiya 13.8 faiz olub. Bu, 2008-ci ildən bəri (20.8 faiz) Azərbaycanda qeydə alınan ən yüksək göstəricidir. Sırf ərzaq inflyasiyasına baxanda qiymət artımlarının daha kəskin olduğu gözə çarpır. Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ərzaq məhsulları son bir ildə düz 21 faiz bahalaşıb. Əhali xərclərinin 60 faizə yaxınını azuqəyə sərf edib. Bu baxımdan, aydın olur ki, il ərzində qiymət artımları əhalinin rifahına ciddi təsir göstərib.

Enerji bazarları və dəyişən büdcə

Azərbaycanın ixrac gəlirlərinin 90 faizi də aşan bölümü neft və qazdan əldə edilir. Ölkənin büdcə gəlirlərinin tən yarısı birbaşa Neft Fondundan transferlər hesabına oluşur. Bu baxımdan, dünya bazarlarında enerji qiymətləri Azərbaycanın büdcə gəlirləri baxımından da çox önəmlidir. 2022-ci il boyunca baş verən geosiyasi hadisələr enerji qiymətlərinin hökumətin gözləntilərini də aşmasına səbəb oldu. 2022-ci ilin büdcəsi qəbul edilərkən il ərzində büdcədə neftin bir bareli 50 dollardan hesablanmışdı. Ancaq ilin böyük bir hissəsində neftin qiyməti 100 dolları aşdı. Elə bu üzdən ilin ortasında Azərbaycanda büdcəyə yenidən baxılaraq dəyişikliklər edildi. Yeni büdcədə neftin bir barelinin qiyməti artıq 85 dollardan hesablandı. Bu baxımdan, ilortasında büdcəyə yenidən baxılması və yeni büdcənin qəbulu Azərbaycanda 2022-ci ilin əsas iqtisadi olaylarından biri sayıla bilər.

Enerji qiymətlərinin gözləniləndən yüksək olması ölkənin xarici ticarət dövriyyəsini də kəskin artırıb. İlin ilk 10 ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 70 faizə yaxın artıb. Dövlət büdcəsi gəlirlərində də 28 faiz artım gözə çarpıb. Büdcənin xərc hissəsindəki artım miqdarı 16 faiz olub.

Azərbaycanda enerji məsələləri ilə bağlı 2022-ci ildə baş verən digər bir vacib məsələ təbii qaz gəlirlərinin kəskin artmasıdır. Öncəki illərdə ölkənin enerji gəlirlərinin əsas bölümü neftdən, daha kiçik hissəsi isə təbii qazdan gəlirdi. Məsələn, 2019-cu ildə Azərbaycanın toplam ixrac gəlirlərinin cəmi 12 faizi təbii qaz gəlirlərindən ibarət idi. 2022-ci ilin 11 ayında isə təbii qaz ixracı toplam ixracın 41 faizinə yüksəlmişdi. Təbii qaz ixracından gəlirlərin artması bir neçə amilə bağlıdır. Bunlardan biri son illər yeni kəmərlərin işə düşməsidir. İnfrastruktur imkanlarının artması ixrac edilən təbii qazın da həcmini artırıb. Digər tərəfdən, 2022-ci ilin əvvəlində Rusiyanın Ukraynaya təcavüzü də bu məsələdə rol oynayıb. Avropanın Rusiyadan təbii qaz asılılığı Rusiyaya tətbiq edilən sanksiyalar fonunda risk amilinə çevrilib. Bu da dünya bazarlarında təbii qazın qiymətləri kəskin artırıb.

Makroiqtisadi göstəricilər

2022-ci ilin ilk 11 ayında ölkədə ÜDM 4.8 faiz böyüyüb. İqtisadiyyatın artım tempi 2021-ci illə müqayisədə geriləyib. Həmin il Azərbaycanda ÜDM artımı 5.3 faiz olmuşdu. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, ÜDM-in artımı ölkədə qeydə alınan inflyasiya göstəricisindən də geri qalır. Deməli, inflyasiyanın təsiri də hesaba qatılsa, 2022-ci ildə ÜDM nominal olaraq artsa da, gerçək artım qeydə alınmayıb.

Sənaye məhsulu istehsalında da azalma qeydə alınıb. 2022-ci ilin 11 ayı ərzində qeydə alınan sənaye istehsalı ötən illə müqayisədə 1.1 faiz azalıb. İl ərzində kənd təsərrüfatında 3.4 faiz artıq məhsul yetişdirilib. İnformasiya və nəqliyyat xidmətlərinin dəyəri 15.4 faiz artıb. Nəqliyyat sektorunda yükdaşımaların həcmində 13 faiz, sərnişindaşımada isə 36 faiz artım qeydə alınıb.

Maliyyə sektoru böyüyüb

Rusiya-Ukrayna savaşı enerji sektoru ilə yanaşı, Azərbaycanın maliyyə sektoruna da təsir göstərib. Bu təsirin açıq-aşkar özünü göstərdiyi sahələrdən biri ölkəyə gələn pul köçürmələridir. Savaş başlayınca rus rublunun dəyərsizləşməsi və Rusiya banklarının üzləşdiyi sanksiyalar orada yaşayan azərbaycanlıları öz vəsaitlərini Azərbaycana göndərməyə yönləndirib. Mərkəzi Bankın açıqladığı rəqəmlərə görə, 2022-ci ilin ilk 9 ayında Rusiyadan Azərbaycana 2 milyard 267 milyon dollar pul göndərilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfədən çox artım deməkdir. Azərbaycana xaricdən pul köçürmələrinin 82 faizi Rusiyanın payına düşür.

Pul köçürmələri ilə yanaşı, qeyri-rezidentlərin Azərbaycan banklarında saxladıqları vəsaitin də həcmi artıb. Savaşdan öncə - 2022-ci ilin yanvarında xarici ölkə vətəndaşlarının Azərbaycan banklarındakı vəsaitlərinin həcmi cəmi 294 milyon manat idi. Hazırda bu vəsait 1 milyard manatı ötüb. Deməli, 10 ay ərzində xarici ölkə vətəndaşları Azərbaycan banklarına 750 milyon manata yaxın vəsait yerləşdirib.

Bank sektoru ilə bağlı il ərzində gözəçarpan bir məqam da nağdsız ödəniş həcminin yenə də artmasıdır. Ölkəiçi nağdsız əməliyyatların həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıb. Təkcə 2022-ci ilin oktyabr ayı ərzində kartla aparılan nağdsız ödəniş həcmi 2 milyard 306 milyon manat olub.

Əhalinin banklara borcunda da artım gözə çarpıb. 2022-ci ilin əvvəlində Azərbaycanda istehlak krediti portfelinin həcmi 4 milyard 518 milyon manat idi. Bu göstərici 11 ay ərzində 1 milyard manatdan çox artıb və 5 milyard 697 milyon manata çatıb. Kreditlərlə yanaşı, əhalinin banklarda saxladığı vəsaitin də həcmi artıb. Fiziki şəxslərin depozit portfeli il ərzində 9 milyard manatdan 11 milyard manata yüksəlib.

XS
SM
MD
LG