Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:22

FT: Neftlə zəngin ölkələr BMT-nin iqlim paktı üzrə proqresi yavaşıdır


Bakıda təmir olunan binanın fasadında COP29 iqlim konfransının brendinqi.
Bakıda təmir olunan binanın fasadında COP29 iqlim konfransının brendinqi.

Britaniyada çıxan "The Financial Times" qəzeti yazır ki, neftlə zəngin ölkələr BMT-nin iqlim paktı üzrə proqresi yavaşıdır. Avropa İttifaqı üzvü olan ölkələr isə COP29 iqlim konfransının keçiriləcəyi Azərbaycana təzyiq göstərir ki, mədən yanacağından istifadəyə son verməyi prioritet saysın.

Qəzet məqaləni qlobal iqlim dəyişikliyi danışıqlarında iştirak edən Qərb ölkələri təmsilçilərinə istinadla hazırlayıb. Onların dediyinə görə, neft ölkələri BMT-nin iqlim sazişi üzrə proqresi axsatmaq üçün razılaşdırılmış səylər göstərirlər. Beş Qərb ölkəsindən danışıqçılar FT-yə deyiblər ki, onlar Azərbaycana bu yöndə təzyiq göstərirlər, neft ölkələri və müttəfiqlərinin dirənişini qırmaq istəyirlər.

Ötən ilin dekabrında Dubayda COP28 konfransında 200-dək ölkə 2050-ci ilədək enerji sistemlərində faydalı qazıntı yanacağından uzaqlaşmaq öhdəliyi götürüblər. Hədəf 2030-cu iləcən bərpaolunan enerjinin həcmini üç qat artırmaq, enerji səmərəliyini iki dəfə yüksəltməkdir.

Qəzetin müsahiblərinin sözlərinə görə, Səudiyyə Ərəbistanı, Rusiya və Boliviya daxil olmaqla bir qrup ölkə proqresi pozmağa çalışır. İqtisadi baxımdan neft və qaz ixracatından asılı Azərbaycan da neft-qazdan uzaqlaşmağa elə də həvəsli görünmür.

"Azərbaycana çox aydın şəkildə deməliyik ki, mitiqasiya (istixana qazı emissiyalarının azaldılması-red.) barədə danışmasaq, COP uğurlu olmayacaq", – böyük bir Qərb ölkəsindən danışıqçı deyib.

Aİ-dən rəsmi isə bildirib ki, COP28 razılaşmasının icrası yönündə proqresin olmaması sarıdan narahatlıq Bakıya çatdırılıb.

COP29 konfransı noyabrda Bakıda keçiriləcək. Bu dəfə ölkələr iqlim maliyyələşdirilməsi ilə bağlı yeni qlobal hədəflə bağlı razılığa gəlməlidirlər. Həftəsonu Afrika ölkələri bu yöndə 1 trilyon funt sterlinqdən çox vəsait gərəkdiyini bildiriblər.

Azərbaycanın ixrac gəlirlərinin 90 faizinə yaxınını neft və qaz təşkil edir, büdcəsinin 60 faizi bu gəlirlərdən formalaşır.

"The Financial Times" yazır ki, bu ayın əvvəlində Bakıdan iqlim üzrə aparıcı danışıqçı Yalçın Rəfiyev ölkələr arasında son danışıqlar barədə 7-səhifəlik çıxış edib, amma konkret mədən yanacağından, bərpaolunan enerjidən danışmayıb. Rəfiyev mitiqasiyanın vacibliyini vurğulayıb, bu isə atmosferə istixana qazlarının buraxılmasının azaldılmasını, qarşısının alınmasını nəzərdə tutur.

COP29-un prezidentliyi isə bildirib ki, iqlim dəyişikliyinin təsirinin azaldılması üzrə proqres əldə etməyin vacibliyini vurğulayıb, buraya mədən yanacağından uzaqlaşmaq da daxildir.

XS
SM
MD
LG