Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:30

«Azərbaycan dəyərləri bada verir»


Nils Muižnieks
Nils Muižnieks

-

«Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etməməklə, Avropa Şurasının tövsiyələrini gözardı etməklə Azərbaycan bu quruma qoşularkən razılaşdığı dəyərləri və hüquqi standartları bada verir. Bu, Azərbaycan xalqının insan haqlarından istifadəsinə, eləcə də ölkənin xaricdəki imicinə çox mənfi təsir göstərir». Bunu Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks AzadlıqRadiosuna açıqlamasında deyir.

«TÖVSİYƏLƏRİ EŞİDİN»

Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına baxmayaraq, ReAl Hərəkatının lideri İlqar Məmmədov hələ də həbsdədir. Eləcə də AzadlıqRadiosunun araşdırmaçı-jurnalisti Xədicə İsmayıl siyasi hesab edilən ittihamlarla həbs cəzası çəkir.

Cənab Muižnieks deyir ki, Avropa Şurası və digər qurumlar narazılıq, tənqid səsləndirən insan haqları fəallarına qarşı cinayət işlərindən siyasi məqsədlə istifadəni çoxdan üzə çıxarıb, tənqidi fikirlərə görə həbsə atılanları azadlığa buraxmağa çağırıb. «Azərbaycan bu tövsiyələri eşitməli, Avropa Məhkəməsinin presedent hüququnu icra etməli, insan haqları öhdəliklərinə əməl etməlidir», - komissar vurğulayır.

«XƏDİCƏYLƏ RAZIYAM»

Xədicə İsmayıl həbsxanadan göndərdiyi mesajlarda beynəlxalq ictimaiyyəti ondan və digər «siyasi məhbus»lardan siyasi alver predmeti kimi istifadə etməməyə çağırır. Komissar Muižnieks söyləyir ki, Xədicəylə tamamilə razıdır, «insan haqları danışıqlar, yaxud alver məsələsi deyil».

Hakimiyyət beynəlxalq qurumları ölkənin məhkəmə sisteminin işinə müdaxilə etməməyə çağırır, siyasi motivlərlə həbs olunduğu bildirilən şəxslərin konkret cinayətlərə görə cəza çəkdiyini bildirir. Ancaq komissar bu fikirlə razı deyil, deyir ki, Avropa Şurasının qurduğu sistem əsasında qitədə hər bir kəsin insan haqları bərabər şəkildə qorunmalıdır. Bu sistemdə əsas oyunçu ədliyyədir: «Konkret bir ölkədə ədliyyə sistemi bunu təmin edə bilmirsə, bizim durumun düzəlməsindən ötrü müdaxilə etmək, tövsiyələr vermək, Avropa İnsan Haqları Məhkəməsinin qərar çıxarmaq hüququ var. Bu, Azərbaycanla yanaşı, Avropa Şurasının digər 46 üzvünə də aiddir».

ƏSAS MƏSULİYYƏTİ HAKİMİYYƏT DAŞIYIR

Komissar beynəlxalq qurumların Azərbaycanda insan haqlarına yetərincə diqqət ayırdığını, ölkə qanunvericiliyinə müsbət dəyişikliklər uğrunda bir sıra işlər həyata keçirdiyini qeyd edir. «Ancaq insan haqlarının qorunmasına əsas məsuliyyəti hakimiyyət daşıyır. Onlar qəbul etdikləri, hətta yaradılmasına töhfə verdikləri qaydalara əməl etməlidirlər», - o, əlavə edir.

Avropa Şurasının baş katibi Thorbjørn Jagland Azərbaycanın Avropa Məhkəməsinin qərarlarını necə icra etməsi üzrə xüsusi araşdırma başladıb. Komissar Muižnieks-in sözlərinə görə, bu, baş katibin nadir hallarda atdığı addımdır və narahatlığın ən yüksək səviyyəyə çatdığını göstərir: «Ümid edirəm ki, Avropa Şurasının bu və digər təşəbbüsləri müsbət dəyişikliyə gətirəcək, ən əsası, ifadə etdikləri baxışlarına görə həbsə düşənlərin buraxılması ilə sonuclanacaq».

Hakimiyyət təmsilçiləri ölkədə insan haqlarının durumuyla bağlı tənqidləri qəbul etmir, bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

XS
SM
MD
LG