Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:14

99 il öncə Azərbaycan belə sovetləşdirildi - İZ


XI Qırmızı Ordu əsgərləri Bakıda - 1920-ci il
XI Qırmızı Ordu əsgərləri Bakıda - 1920-ci il

Sevda İsmayıllı

(“Qara qızıl və Ağ pambıq! Bax, bü üzdən sovetləşdirilib Azərbaycan!”)

2019-cu ildə Azərbaycan Cümhuriyyətinin işğalından 99 il keçir. İşğalın 100 illiyinə bircə il qalır. Qanlı yubileyi qeyd eləmək ürəkaçan olmasa da, olanları saf-çürük etmək insanlığı olacaqlardan qoruya bilir. İşğal necə baş verdi? Şərqdə ilk cümhuriyyət nədən beşikdəcə boğuldu? Bir daha 99 il öncəyə göz ataq.

SON-145-Cİ İCLAS

Azərbaycan parlameneti- 1918
Azərbaycan parlameneti- 1918

1920-ci il aprelin 27-də Azərbaycan Cümhuriyyəti özünün sonuncu iclasını keçirdi. Fövqəladə axşam iclası saat 20-45-də başlayıb, gecə saat 12-yə, bəzi qaynaqlara görə, saat 2-yə qədər davam etdi. İclasda Azərbaycanın müstəqilliyini qoruyacaq 7 şərt daxilində hökumət azərbaycanlı bolşeviklərə təhvil verilirdi...Ancaq bolşeviklər söz versələr də, bu şərtlərə əməl etmədilər və Azərbaycan Cümhuriyyəti aprelin 27-dən 28-nə keçən gecə XI Qızıl ordu tərəfindən işğal edildi...

BİR İCLASIN TARİXÇƏSİ

1920-ci ilin aprelin 27-si. Cümhuriyyət parlamenti “İsmailiyyə” binasında özünün son-145-ci iclasını keçirir. Kommunist partiyası Cümhuriyyət parlamentinə hökuməti təhvil vermək haqqında ultimatum verib. İclasın sədri Məmməd Yusif Cəfərovdur. O, həmin dönəmdə parlamentin sədr müavini idi. Səs çoxluğu ilə iclasın açıq keçirilməsi qərara alınır. Rəsulzadə müzakirələr zamanı parlamentin qapısının xalqın üzünə açılmasını təklif edir:

“AÇIN QAPILARI”

Məmməd Yusif Cəfərov
Məmməd Yusif Cəfərov

“Cənablar! Çıxardığımız tarixi qərarı millətdən bixəbər çıxarmayaq. Ölkə Parlamentinin qapısını açıq qoyaq ki, hər kəs nə cür təhlükəli vəziyyət içində olduğumuzu, nə cür qərar qəbul edəcəyimizi bilsin. Ona görə də təklif edirəm ki, məclisimizin qapılarını millət üzünə bağlamayaq və millətdən bixəbər qərar qəbul etməyək”.

​“QIZIL ORDU ƏSLA BAKIYA GƏLMƏYƏCƏK”

Digər partiyalarla müzakirə aparan komissiyanın sədri kimi parlamentə izahat verən Məhəmməd Həsən Hacınski (o dönəmdə Məhəmməd Həsən Hacınskiyə baş nazir kimi hökuməti təşkil etmək tapşırılmışdı. Amma o bu işi yerinə yetirmədi-red.) «Azərbaycan kommunistləri»ndən gələn rusca məktubu oxuyub və tərcümə edib:

“Mərkəzi Azərbaycan kommunist firqəsi bizə təklif edir ki, axşam saat 7-dək hökuməti onlara təslim edək. Bununla belə, əmin edirlər ki, onların şərtlərini qəbul etsək, Qızıl Ordu əsla Bakıya gəlməyəcək və Qızıl Ordunun Bakıya gəlməməsi üçün onlar əllərindən gələni edəcəklər. Onlar deyirlər ki, hökumət Azərbaycan kommunistlərinin əlində olarsa, Qızıl Ordu heç bir vədə buraya gəlməyəcək. Hökumət mexaniki surətdə təslim edilməlidir. Nə kimi məmurlar varsa, hamı öz yerlərində qalacaqlar. Yalnız hökumət başında olanlar kənar edilib yerlərinə Azərbaycan kommunistləri keçir və müsəlmanlardan başqa orada kimsə yoxdur...”.

“MİLLƏTİN QURTULUŞU NAMİNƏ” ÇIXARILACAQ QƏRAR

Çıxışının sonunda Hacınski parlamenti “millətin qurtuluşu naminə” düzgün qərar verməyə səsləyir. Kürsüyə çıxanların fikirləri haçalanır. Hakimiyyəti bolşeviklərə qeyd- şərtsiz vermək istəyən də var, əlacsız vermək istəyən də, müqavimət göstərməyə çağıran da, hətta bu səs- küyün, qarğaşanın içində ağlayan da...Sonuncu parlamentin ən gənc deputatı Şəfi bəy Rüstəmbəylidir...

“FRAKSİYAMIZ TƏSLİM OLMAĞIN ƏLEYHİNƏDİR”

Məhəmməd Əmin Rəsulzadə, Paris ,1930
Məhəmməd Əmin Rəsulzadə, Paris ,1930

Rəsulzadə: “Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət, firqələrin əksəriyyətinin tələbinə görə və camaatımızın arasında daxili müharibə salmamaq üçün və əlavə bugünkü kommunist firqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyət, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Yox, əgər bunlara əməl olunmazsa, ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq”-dedi.

7 ŞƏRT

Beləliklə, parlament səs çoxluğu ilə 7 şərtlə hakimiyyəti kommunistlərə təhvil vermək haqqında qərar qəbul edir:

1. Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir;

2. Azərbaycan Kommunist Firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır;

3. Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir;

4. Hökumət idarələrinin bütün qulluqçuları öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir;

5. Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlament və Hökumət üzvlərinin heyatının və əmlakının toxunulmazlığına təminat verir;

6. Qırmızı Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək;

7.Yeni hökumət, haradan baş verməsindən asılı olmayaraq, Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı öz sərəncamında olan vasitələrlə qəti tədbirlər görəcəkdir.

“YALANDIR”. GƏLƏN RUS ORDUSUDUR! İSTİLA ORDUSUDUR!”

Mirzə Bala Məmmədzadə
Mirzə Bala Məmmədzadə

Müsavatın görkəmli xadimlərindən biri Mirzə Bala Məmmədzadə mühacirətdə yazdığı “Milli Azərbaycan hərəkatı” kitabında həmin qara gündə parlamentdə Rəsulzadənin çıxışına yer verib. Çıxışdan parça:

“Əfəndilər! Duyduğumuz bu propaqanda düşmən propaqandasıdır. Bizi iğfal edirlər. Yalandır. Gələn ordu rus ordusudur. Fərzən komandanı türk olsa da, genə rusdur. İstila ordusudur. Onun istədiyi 1914-cü il hüduduna qonmaqdır». Mirzə Bala yazır: «Lojaları və salonu dolu olan böyük bir dinləyici kütləsinin sürəkli alqışlarla qarşıladığı bu nitqə baxmayaraq, parlament inqilabı sırf bir daxili kabinə təhvili şəklinə salan bir şəraitdə hökuməti Azərbaycan kommunist firqəsinə tərkə zərurət hiss etdi. Ultimatumu müdafiə edən müxalif firqələrin nəzərində də təslim deyil, kabinə dəyişməsi baş verirdi””.

​“İSMAİLİYYƏ”NİN YENİ SAHİBLƏRİ

İsmayıliyyə binası, Bakı
İsmayıliyyə binası, Bakı

Təslim aktını Azərbaycan Cümhuriyyəti hökuməti adından parlament sədrinin müavini M.Y.Cəfərov və dəftərxana müdiri M.B.Vəkilov imzaladı. Parlamentin təslim qərarının əleyhinə 1 nəfər səs verdi, 3 nəfər bitərəf qaldı, 3 nəfərsə səsverməyə qatılmadı. Gecə saat 2-də Azərbaycan Cümhuriyyəti Parlamenti öz işinə xitam verdi və yenicə yaradılmış Azərbaycan İnqilab Komitəsi “İsmailiyyə” binasına yiyələndi...

“BÖYÜK FACİƏ”

Üstündən 7 il keçəndən sonra mühacirətdə yaşayan Rəsulzadə “Yeni Qafqasiya” dərgisində çıxan bir yazısında 1920-ci il 27 Apreldə baş verənləri xatırladıb yazırdı:

“Böyük faciə! İştə türk tarixçisinin bundan tam 7 il əvvəl Bakıda baş verən hadisəyə verəcəyi ən müvafiq bir ad!”.

TARİXDƏ 1 GÜN XIRDA YALAN SAYILIR?

Qırmızı Ordu Bakıda - 1920-ci il
Qırmızı Ordu Bakıda - 1920-ci il

Mirzə Bala Məmmədzadə 1937-ci ildə «Şimali Kafkasiya-Severnıy Kavkaz» dərgisinin 36-cı sayında yazırdı (ruscadan tərcümə-red.): ​

“Qırmızı ordu hissələri Bakını 1920-ci il aprelin 27-də işğal etdi. Azərbaycan İnqilab Komitəsinin «üsyana qalxan kəndli və fəhlələri dəstəkləmək üçün» qırmızı ordu hissələri yollamaq barədə Leninə ünvanladığı teleqram aprelin 28-də göndərilib”.

“AZƏRBAYCANLI FƏHLƏLƏR BİR NƏFƏR KİMİ “MÜSAVAT”IN ARDINCA GEDİRMİŞLƏR”

M. B. Məmmədzadə o zaman Bakıdakı durum barədə məlumat verərkən, bolşeviklərin rəsmi açıqlamasına əsaslanır: “Azərbaycan İnqilab Komitəsinin baş katibi Lominadzenin bəyanatına görə, 1920-ci ilin yanvarında Bakı fəhlələri menşevik və eserlərin təsirinə qapılıblarmış. Türk, yəni yerli azərbaycanlı fəhlələrə gəlincə, onlar bir nəfər kimi «Müsavat» partiyasının ardınca gedirmişlər və Bakı fəhlə deputatları soveti türk fraksiyasının başında həmin partiyanın lideri M.Ə.Rəsulzadə dururmuş”.

“KOMMUNİSTLƏR ARASINDA TÜRKLƏR AZ İDİ”

Lominadze maraqlı bir fakt da dilə gətirib: “Onun sözlərinə görə, gizli fəaliyyət göstərən kommunistlər arasında türklərin sayı olduqca az idi, Bakıda kommunist hərəkatı rəhbərləri arasında tək bir türk, yəni yerli azərbaycanlı yox idi. Rusiya Kommunist bolşeviklər Partiyasının Bakı Komitəsi o vaxtlar 3 ermənidən, 2 rusdan və 1 gürcüdən oluşdurulmuşdu”.

“QARA QIZIL VƏ AĞ PAMBIQ! BAX, BU ÜZDƏN SOVETLƏŞDİRİLİB AZƏRBAYCAN!”

Balaxanıda Nobel qardaşlarının neft buruqları - 1890
Balaxanıda Nobel qardaşlarının neft buruqları - 1890

M. B. Məmmədzadə ayrıca bir məsələni də vurğulayır: “Səciyyəvi haldır ki, Stalinin «Azərbaycandakı üsyan»a rəhbərlik edən əməkdaşları arasında da bir nəfər də azərbaycanlı yox idi. İşğalçılardan ötrü utancverici örtük rolunu oynayan, qırmızı ordunun süngülərində... hakimiyyətə gələn yerli kommunistlərsə sovet Azərbaycanının rəsmi tarixində heç bir iz buraxmadan artıq çoxdan unudulublar... Qara qızıl və ağ pambıq!.. Bax, bu üzdən «sovetləşdirilib» Azərbaycan!”.

“QIZIL ORDU AZƏRBAYCAN ƏSGƏRİNDƏN MÜQAVİMƏT GÖRMƏDƏN…”

Xəlil paşa: “Qızıl Ordu Azərbaycan əsgəri tərəfindən müqavimət görmədən Xaçmaz stansiyasını keçmiş, kimsə qarşı çıxmadığı üçün irəli yürüşünə davam etməkdədir. Qan tökülməmişdir… Qızıl Ordu Azərbaycanı xalqının müstəqil Azərbaycan Cümhuriyyətini elan edəcəkdir. Təlaş və qorxuya ehtiyac yoxdur. Hər yerdə sakit oturmaq lazımdır. Müsəlman düşmanı olan Antanta (İngiltərə, Fransa….) müsəlmanlarla Sovet Rusiyası Qızıl Ordusu arasında qan tökülməsini istəyir. Bunların altında ingilislərin nə qədər müsəlmanlara düşmən olduğunu İstanbulun, İzmirin qanlı hadisələri göstərməkdədir. Yaşasın Rusiya, Azərbaycan, Türkiyə Müttəfiq Sovet Cümhuriyyətləri və Qızıl Orduları” (Türk Kommunist Fraksiyası adından Xəlil Paşa 1920-ci il aprelin 27-si).

TALAN...

Kirov və Orzhonokidze iBakı dəmiryolu stansiyasında, 28 aprel 1920
Kirov və Orzhonokidze iBakı dəmiryolu stansiyasında, 28 aprel 1920

Beləliklə, bitli-sirkəli, ac-yalavac bolşevik ordusu aprelin 28-də Bakıya daraşdı...

Zəngin neft paytaxtı talan olunmağa başladı...

Qarşıda qanlı-qadalı onilliklər dururdu. İnsan qırğını, ziyalı ovu, xof, qorxu, dəhşət dolu onilliklər...

XS
SM
MD
LG