Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:28

AZCON yaradıldı və dövlət müəssisələri onun idarəçiliyinə verildi


'300 avroya bilet olar? Ailəmlə Rusiyadan necə qayıdım?'
Gözlə

No media source currently available

0:00 0:04:24 0:00

'300 avroya bilet olar? Ailəmlə Rusiyadan necə qayıdım?'

Bu gün, noyabrın 7-də prezident İlham Əliyev "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Prezidentin başqa bir fərmanı ilə bir sıra dövlət müəssisələri, habelə dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslər bu qurumun idaretməsinə verilib. Bu, onların "vahid prinsiplərə uyğun idarə olunması, təkmilləşdirilməsi, rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının yaxşılaşdırılması" məqsədi ilə izah edilib.

Bura "Azərbaycan Hava Yolları" (AZAL), "Azərbaycan Dəmir Yolları", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi", "Bakı Metropoliteni", "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-lər, "BakuBus" MMC və Bakı Gəmiqayırma Zavodu daxildir.

Habelə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki bir sıra qurumlar da onun idarəçiliyinə verilib. Onlar isə "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxs, "Aztelekom", "Azerbaijan International Telecom (AzInTelecom)", "Azərpoçt", "Bakı Taksi Xidməti" MMC-lər və daha bir neçə qurumdur.

Dövlət başçısı həmçinin AZCON-un Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Şuraya rəqəmsal inkişaf və nəqliyyat naziri rəhbərlik edəcək.

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

"Biri yerin altında, o biri isə göydə xidmət göstərir"

İqtisadçı Zöhrab İsmayıl mövzu ilə bağlı AzadlıqRadiosuna deyib ki, dövlət sektorunda institusional böhran var və hökumət bunu aradan qaldırmaq üçün yollar axtarır: "Gündə bir transformasiya edirlər. Əvvəl də belə qurumların nəzdində digər qurumlar yaradıblar, transformasiya ediblər. Amma burada çox qarışıq sistem olur. İndi isə bunu bir holdinq kimi yaradırlar".

İqtisadçı qeyd edib ki, yeni quruma daxil olanların əksəriyyəti nəqliyyat sektoruna aid olsalar da, tamamilə fərqli qurumlardır: "Bakı Metropoliteni ilə "Azərbaycan Hava Yolları"nın nə əlaqəsi? Biri yerin altında, o biri isə göydə xidmət göstərir. Bakı şəhərinin özünüidarə sistemi olmalıdır və Metropoliten, "BakuBus" ora tabe olmalıdır".

Onun sözlərinə görə, AZAL, "BakuBus", "Aztelekom" və bəzi digərləri dövlətin olsa da, kommersiya strukturlarıdır, onların korporativ idarəetməsi ola bilər: "Onlar sadəcə səhmləşməlidir. Yoxsa indiki çoxpilləli sistemdə onlar necə effektiv işləyə bilər? Dövlət sadəcə çalışmalıdır ki, bir çox qurumlardan canını qurtarsın, çünki onlara çoxlu pul xərcləyirlər, halbuki onlar öz qazancından vergi ödəməlidir. Onların çoxu isə ziyanla işləyir. Yəni, Azərbaycan hələ də öz dövlət şirkətlərinin idarəetmə mexanizmini tapa bilməyib".

XS
SM
MD
LG