Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:14

Söhbət hansı razılaşmadan gedə bilər, bu, sülh sazişidirmi...


Azərbaycanlı alim Ermənistanla xəritə mübahisəsinə aydınlıq gətirir
Gözlə

No media source currently available

0:00 0:05:39 0:00

Azərbaycanlı alim Ermənistanla xəritə mübahisəsinə aydınlıq gətirir

Artıq bir neçə gündür Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı tərəflərin arasında danışıqların aparıldığı bildirilir. Ermənistan Azərbaycanın onun suveren ərazisini pozduğunu, Azərbaycan isə beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini deyir. Rusiya isə Azərbaycanla Ermənistana sərhədlərinin demarkasiyasında (əsasən mübahisəli olan müəyyən əraziləri xüsusi işarələrlə ayırma) öz yardımını təklif edir.

Prezident İlham Əliyev mayın 17-də ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla telefon danışığında Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin delimitasiyası (müəyyənləşdirilməsi) üzrə danışıqların başlanmasına ehtiyac duyulduğu fikri ilə razılaşdığını ifadə edib. O, bu prosesin 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata uyğun həyata keçirilməsinin əhəmiyyətini bildirib.

Nikol Paşinyan: "Mən sənədə qol çəkəcəyəm"

Dünən, mayın 20-də isə Ermənistan Baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan bildirib ki, ölkəsi, Rusiya, Azərbaycan arasında üçtərəfli danışıqlar aparılır və beynəlxalq partnyorlarla əldə olunmuş ilkin razılaşmalar onların maraqlarına tam cavab verir: "Əgər Azərbaycan razılaşmamızı həyata keçirsə və danışdığımız şərtlərini yerinə yetirsə, mən sənədə qol çəkəcəyəm".

Lakin N.Paşinyan nə sənədin məğzini, nə də şərtlərini açıqlayıb.

E.Nəsirov
E.Nəsirov

"Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyi var"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov "Turan"a bildirib ki, mayın 13-dən etibarən Ermənistan siyasi rəhbərliyi yenidən dezinformasiya yaymaqla məşğuldur: "Guya Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisinə müdaxilə edib. Reallıq isə ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi ilə bağlı məsələdə Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyi var".

Deputatın sözlərinə görə, 1975-ci ildə Sovet Silahlı Qüvvələrinin Baş Qərargahının irimiqyaslı xəritəsində aydın şəkildə Qaragöl və onun ətrafındakı ərazilərin Azərbaycan sərhədləri daxilində olduğu göstərilib: "1977-ci ildə isə SSRİ-nin yeni Konstitusiyası qəbul edildi və orada bir daha 1975-ci ildə müəyyən olunmuş sərhədlərin toxunulmazlığı öz əksini tapdı. Sovet vaxtında həmin xəritədəki əks olunmuş reallıqları dünya bu gün qəbul edib. 1975-ci ilin etibarlı və irimiqyaslı xəritəsində sərhədlər necə təqdim edilibsə, eyni ildə qəbul olunmuş Helsinki Aktında da onların toxunulmazlığı öz əksini tapıb".

Paşinyan gizli sənəddən danışdı
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

"Rusiyanın bu məsələdə mövqe onunla bağlıdır ki..."

Komitə üzvü vurğulayıb ki, N.Paşinyan bu günlərdə Rusiya Prezidenti Vladimir Putinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Fransa prezidenti Emmanuel Makrona müraciət edərək onlardan dəstək istəyib: "Amma nəticə olmayıb və olmayacaq da, çünki Azərbaycanın işi haqq işidir. Rusiyanın bu məsələdə mövqe onunla bağlıdır ki, Azərbaycan-Ermənistan komissiyası yaradılsın və həmin komissiya delimitasiya, demarkasiya məsələlərini həll etsin. Paşinyan Makrona müraciət etdi və hətta ondan hərbi yardım istədi. Amma Fransa belə şeylərə hərbi müdaxilə edə bilməz".

"Amma bir həqiqət var ki..."

Deputat bildirib ki, N.Paşinyan müəyyən razılaşmanın olduğunu deyib: "Konkret nədən söhbət gedir, bilmirəm, amma bir həqiqət var ki, ortada olan sənəd 10 noyabr və 11 yanvar sənədləridir. Hər iki sənəd qüvvədədir, heç kim onlardan imtina etməyib. 10 noyabr bəyanatında iki dövlət arasında nəqliyyat əlaqələrin, kommunikasiyaların bərpasından söhbət gedir. Konkret bu məsələdə Azərbaycanın mövqeyi dəyişməzdir. Demarkasiya və delimitasiya məsələləri ilə bağlı Azərbaycan Ermənistanla siyasi dialoqa hazırdır".

E.Şahinoğlu
E.Şahinoğlu

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna xatırladıb ki, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan N.Paşinyanın Azərbaycanla yeni saziş imzalamağa hazırlaşdığını bildirib: "O, Paşinyanı növbəti dəfə satqınlıqda günahlandıraraq yeni sazişin bütövlüklə Azərbaycanın maraqlarına xidmət etdiyini deyib. Minasyan bildirib ki, Paşinyan Azərbaycana növbəti "torpaq güzəşti" edəcək. Burada söhbət Qazaxın yeddi, Naxçıvanın bir kəndinin geri qaytarılmasından gedir".

Sülh sazişi?

Politoloq qeyd edib ki, N.Paşinyan da Azərbaycanla yeni sazişi imzalamağa hazırlaşdığını söyləyib: "Minasyan haqlı imiş. Görəsən, söhbət hansı razılaşmadan gedə bilər? Bu, sülh sazişidirmi? Bizim maraqlarımız bəllidir. Qarabağdakı ermənilər tam tərksilah olunmalı, Ermənistandan Azərbaycan torpaqlarına hərbi xidmətə kimsə göndərilməməlidir. İkincisi, Qazaxın yeddi, Naxçıvanın bir kəndi geri qaytarılmalıdır. Üçüncüsü - Zəngəzur (Ermənistanın Sünik bölgəsi) üzərindən dəhliz açılmalıdır. Qalan məsələlər – Laçın dəhlizinin və Qarabağın tamamının nəzarət altına alınması özümüzə aiddir".

Xəritə mübahisəsi - Bakı ilə Yerevanın əlində fərqli xəritə var?
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

E.Şahinoğlunun fikrincə, sonuncu məsələləri Yerevanla müzakirə etməyin anlamı yoxdur. O qeyd edib ki, Paşinyan "Azərbaycan şərtlərimizi yerinə yetirsə" deyəndə həbs olunmuş diversantların Ermənistana qaytarılmasını nəzərdə tutur: "Əgər Ermənistan bizim şərtlərimizi yerinə yetirsə, hesab edirəm ki, bizdə onların vətəndaşlarını geri təhvil verə bilərik. Ola bilsin, razılaşmada o var. Düşünürəm ki, Azərbaycan tərəfdən ciddi güzəştlər olmayacaq və bizim əleyhimizə hər hansı bəndin olacağına zənn etmirəm".

Rəsmi Bakının açıqlamasına görə, ötən il noyabrın 10-da üçtərəfli razılığın əldə edilməsindən bir ay sonra dörd Azərbaycan hərbçisinin ölümünə və bir mülki şəxsin yaralanmasına səbəb olan 60-dan çox Ermənistan hərbçisini saxlayıblar. Ermənistan onları hərbi əsir sayır və buraxılmasını tələb edir. Azərbaycan isə onların döyüşlərin dayanmasından və razılaşmadan sonra saxlandığını bildirərək hərbi əsir saymır. Həmin hərbi qulluqçulardan bəzilərinin artıq sərbəst buraxıldığı bildirilir.

Xatırlatma

Ermənistanın rəsmi qurumlarının bildirdiyinə görə, mayın 12-də Azərbaycanın silahlı qüvvələri sərhədi keçərək bir neçə kilometr məsafədə onların ərazisinə daxil olub. Ancaq Azərbaycan tərəfi baş verənləri sərhədlərin dəqiqləşdirilməsi ilə izah edir, hərbçilərinin Ermənistan ərazisinə girmədiyini vurğulayır.

Ötən il 44 günlük müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf yeddi rayonu işğaldan azad edib. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi. Hər iki ölkə müstəqil olandan (1991) sonra onların arasında sərhədlər dəqiqləşdirilməyib.

XS
SM
MD
LG