Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:39

AXCP: 'Hələ də onun üzərində işgəncə izləri var'


N.Əhmədov
N.Əhmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, terrorçuluğu maliyyələşdirməkdə suçlanan Niyaməddin Əhmədovun apellyasiya şikayətinə baxılsa da, onun özünü məhkəməyə gətirməyiblər. Mayın 21-də Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimov onun şikayətinə özünün iştirakı olmadan baxıb.

Bu şikayət N.Əhmədovun aprelin 15-də karantin rejimi qaydalarını pozma ittihamıyla 30 günlük inzibati həbsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilib. Bu cəza mayın 15-də başa çatsa da, AXCP fəalı azadlığa buraxılmayıb. Mayın 18-də prokurorluq onun CM-in 214-1 (terroru maliyyələşdirmə) ittihamıyla cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilməsi haqda rəsmi açıqlama yayıb.

SMS icazəsi olduğu halda saxlanıb

Hakim E.Rəhimov deyir ki, məhkəmə N.Əhmədovun gətirilməsi üçün onun saxlandığı Bakı İstintaq Təcridxanasına məktub göndərib. Amma cavab gəlib ki, onun məhkəməyə gətirilməsi məqsədəuyğun deyil.

N.Əhmədovun vəkili Zibeydə Sadıqova məhkəmədə 10-dan çox vəsatət qaldırıb. Bunların arasında N.Əhmədovla eyni vaxtda inzibati həbsdə olmuş başqa AXCP üzvlərinin dindirilməsi, kamera görüntülərinə baxış keçirilməsi və s. vəsatətlər olub.

Z.Sadıqova
Z.Sadıqova

Vəkil N.Əhmədov haqqında 30 günlük həbs qərarının da qanunsuz olduğunu vurğulayıb. O qərarın ləğvini, onu çıxaran hakimin, həmçinin N.Əhmədovun SMS icazəsi olduğu halda onu saxlayan polislərin cəzalanması üçün xüsusi qərar çıxarılmasını istəyib.

Amma hakim nə vəsatətləri təmin edib, nə də apellyasiya şikayətini.

Vəkil Z.Sadıqova bildirib ki, o, N.Əhmədov haqqında cinayət işi başlanandan bu yana onunla görüşə bilməyib.

AXCP-dən isə bildirilib ki, hələ 30 sutkalıq inzibati həbs cəzasını çəkdiyi dövrdə onu təcridxanadan çıxarıb Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) aparıblar.

"Orada ondan işgəncə altında (partiya sədri) Əli Kərimlinin əleyhinə ifadə almağa cəhd göstərilib. Bizdə olan məlumata görə, hələ də onun üzərində işgəncə izləri var, bu üzdən məhkəməyə gətirilməyib", – partiyanın mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib.

İttiham

N.Əhmədov haqqında cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılır. Onun hazırda Bakı İstintaq Təcridxanasında saxlandığı bildirilir. Lakin yaxınları onun sağlıq durumu, yeri haqqında heç bir xəbər ala bilmədiklərini deyir. Çünki N.Əhmədov ailə üzvləri ilə nə danışa bilib, nə də görüşüb.

N.Əhmədov Almaniyada sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid, hətta bir sıra hallarda təhqir edən Qabil Məmmədovla əlaqədə ittiham olunur. İddia edilir ki, Q.Məmmədov terror məqsədilə N.Əhmədova pul göndərib.

Q.Məmmədovla N.Əhmədovun vaxtilə Tovuz rayonunda qonşu olduğu bildirilir.

AXCP bu ittihamın absurd olduğunu bəyan edib, N.Əhmədovun həbsini isə partiyaya və Ə.Kərimliyə qarşı repressiyaların davamı kimi qiymətləndirib.

N.Əhmədov həm də Ə.Kərimlinin ictimai əsaslarla mühafizəçisi idi. Milli Şuranın 19 oktyabrda Bakıdakı mitinqində Ə.Kərimli saxlanılan ana qədər onun yanında olmuşdu.

Azərbaycan rəsmiləri ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını bəyan edir.

XS
SM
MD
LG