Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:39

Avropalı deputatlar Azərbaycanla bağlı korrupsiya məsələsinə bir də qayıdacaqlar


AŞPA sessiyası, 23 iyun 2015
AŞPA sessiyası, 23 iyun 2015

Avropa Şurası Parlament Assambleyasının 60 üzvü Azərbaycanda siyasi məhbuslarla bağlı Ştrasserin bir neçə il əvvəl hazırladığı hesabatının baş tutmamasında korrupsiya faktlarının araşdırılmasına çağırıb.

Bu barədə Turan məlumat yayıb.

AŞPA-nın sona çatan qış sessiyası zamanı Avropa Şurasının 60 deputatı həmin hesabatın qarşısını almaq üçün millət vəkillərinin ələ alınması faktlarının araşdırılmasına çağıran bəyannamə imzalayıblar.

Turan yada salır ki, sessiyadan öncə bir neçə beynəlxalq təşkilat AŞPA-nı Ştrasserin məruzəsinin baş tutmaması üçün italiyalı deputat Luka Volontenin iki azərbaycanlı deputat tərəfindən ələ alınması faktını araşdırmağa çağırıb.

Buna da bax: "Kürü Diplomatiyası: Nə qədər almısız?"

Sessiyanın ilk günündə - yanvarın 23-də fransalı deputat Jozet Durye və danimarkalı deputat Dogens Yensen AŞPA rəhbəri Pedro Aqramuntu bu müraciətlərə münasibət bildirməyə və korrupsiya faktları ilə bağlı müstəqil araşdırmaya başlamağa çağırıblar. Hollandiyalı deputat Tini Koks, britaniyalı deputat Yan Lidel-Qreycer onları dəstəkləyiblər.

Avropa Şurasının binası, Strasburq
Avropa Şurasının binası, Strasburq

60 AŞPA üzvünün tələbi

AŞPA-nın keçmiş prezidenti Ann Brasser da qeyd edib ki, AŞPA belə şeylərə göz yummamalı, Avropa prinsiplərinə və dəyərlərinə inamın itirilməsinə yol verməməlidir.

Ancaq AŞPA rəhbəri Pedro Aqramunt bu müraciətlərə reaksiya verməyib.

Buna da bax: Deputat: 'Bu, Azərbaycana ləkə gətirməkdir'

Sessiyanın növbəti günündə AŞPA-da Skandinaviya və Baltik ölkələrindən 8 deputatın müraciəti yayılıb. Onlar da bəzi deputatların korrupsiya faktlarının araşdırılmasını və qiymət verilməsini tələb ediblər. Yanvarın 24-də müxtəlif ölkələrdən onlarla deputat bu müraciəti dəstəkləyib və Aqramuntdan öz mövqeyini bildirməsini tələb ediblər.

60 deputat cavab gözləməyərək yanvarın 25-də açıq müraciət edərək AŞPA üzvlərini qurum rəhbərliyindən cavab tələb etməyə çağırıblar.

Buna da bax: Səməd Seyidov: 'Çətindir, bəli! Problemlər var'

Pedro Aqramunt: Korrupsiya haqda söhbətlər “şərəf” məsələsidir

Yalnız bundan sonra Pedro Aqramunt reaksiya verməyi qərara alıb və bildirib ki, korrupsiya haqda söhbətlər “şərəf” məsələsidir.

“AŞPA prezidenti kimi, mən Assambleyanın və ya onun üzvlərindən kiminsə şərəfinin tapdanmasına yol verə bilmərəm. Yol verə bilmərəm ki, bəzilərinin düşmən və ya rəqib kimi təqdim etdiyi ayrı-ayrı ölkələrə qarşı döyüş meydanı kimi Assambleyadan istifadə olunsun. Səsvermənin nəticələrindən razı olmayanların rəhbərliyilə nifrət, aqressiya, şantaj və ya təzyiq kampaniyasına yol verə bilmərəm. Başa düşmək lazımdır ki, fiziki şəxsin şərəf və reputasiyasına qanunsuz əl uzatmaq məhkəmə vasitəsilə müdafiə oluna bilər”, Aqramunt bildirib.

Pedro Agramunt, 20 iyun 2016
Pedro Agramunt, 20 iyun 2016

P.Aqramuntun bu açıqlamasına baxmayaraq, bəyannaməni imzalayan deputatların sayı artıb. Məsələ açıq saxlanılıb. Deputatlar aprel sessiyasında bu mövzuya qayıtmağı qərara alıblar.

XATIRLATMA

Sessiya ərəfəsində bir çox beynəlxalq QHT-lər və yerli vətəndaş cəmiyyəti AŞPA-nı Azərbaycan nümayəndə heyətinin bəzi qurum üzvlərinin rüşvətlə öz tərəflərinə çəkilməsi hallarına qiymət verməyə çağırmışdılar.

Üstəlik, vətəndaş cəmiyyəti fəallarının AŞPA-ya məktubunda Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun dondurulması istənilirdi. Buna səbəb də nümayəndə heyətinə daxil olan iki deputatın adının bu qurumun keçmiş vitse-prezidenti Luca Volonte-yə 2.39 milyon avro rüşvət verilməsi iddialarında hallanması idi. İddialara görə, həmin vəsait bir neçə il əvvəl Azərbaycanda siyasi məhbuslarla bağlı AŞPA-da qətnamənin qəbul edilməməsinə xərclənib.

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri isə bu iddiaları qəbul etmirlər.

XS
SM
MD
LG