Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:25

Avropa Məhkəməsi Yunusların mülkiyyət şikayətini araşdırır


Leyla və Arif Yunus
Leyla və Arif Yunus

Avropa İnsan Haqları Məhkəməsi hüquq müdafiəçiləri Leyla və Arif Yunusların mülk mübahisəsini araşdırmağa başlayıb. Məhkəmə Azərbaycan hökumətinə suallar göndərib.

Bu haqda məhkəmənin saytı xəbər verir.

Buna da bax: Yunusların məcburi gətirilməsi üçün daha bir ay vaxt verildi

Hüquq müdafiəçiləri Sülh və Demokratiya İnstitutunun (SDİ) Şəmsi Bədəlbəyli küçəsindəki ofisinin sökülməsindən Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət etmişdilər.

Məhkəməyə göndərilmiş şikayətdə SDİ-nin ofisinin sökülməsindən bəhs edilir.

Sülh və Demokratiya İnstitutunun Bakının Şəmsi Bədəlbəyli küçəsində yerləşən ofisi 2011-ci il avqustun 11-də axşam saatlarında sökülüb. Şikayətdə bildirilir ki, əməkdaşlar ofisdə olsalar da polisin nəzarəti altında texnikanın və fəhlələrin köməyi ilə ofisin sökülməsinə başlanıb. Üstəlik, qeyd edildiyinə görə, ofisi sökməyə gələnlər qaz sayğacına baxmaq istədiklərini bildirblər və içəri girən kimi pəncərələri sökməyə başlayıblar.

Şikayətdə bildirilir ki, bütün bunlar ofislə bağlı iş məhkəmədə baxılarkən baş verib.

Bu proses Bakıda «Qış Parkı»nın salınması ilə əlaqədər Şəmsi Bədəlbəyli küçəsindəki evlərin söküntüsü layihəsi çərçivəsində aparılıb. Yunuslar Bakı şəhər İcra Hakmiyyətinin mülkiyyətə görə təklifini (hər kvadrat metrə görə 1500 manat) bazar qiymətlərindən çox aşağı olması iddiası ilə qəbul etməyiblər.

Buna da bax: Leyla Yunusun məhkəmə qərarına münasibəti

Yunuslar 2011-ci ilin əvvəlində Nəsimi Rayon Məhkəməsinə müraciət ediblər. Onlar mülkiyyət hüquqlarının qorunmasını tələb edib. Məhkəmə iddianı qəbuledilməz sayıb. Bildirib ki, inzibati məhkəməyə müraciət edilməlidir. Həmin qərarı yuxarı məhkəmələr də qüvvədə saxlayıb.

Yunuslar eyni tələblərlə inzibati məhkəməyə də müraciət ediblər. Elə həmin məhkəmə baxışının gedişində SDİ-nin ofisi sökülüb. Məhkəmələr bu iddianı təmin etməyib.

Yunuslar üçüncü dəfə 2012-ci ildə məhkəməyə müraciət ediblər. Onlar 1 milyon manat maddi, 100 min manat isə mənəvi zərər əvəzi tələb ediblər. İddiaçılar məhkəməyə mülkiyyət bazarı ekspertlərinin onların tələblərini dəstəkləyən rəyini də təqdim ediblər.

Məhkəmə iddiya baxıb və Yunuslara 142 min manat ödənilməsinə qərar verib. Apellyasiya məhkəməsi təzminatın məbləğini 28 min manat artırıb. Ali Məhkəmə apellyasiya instansiyasının qərarını olduğu kimi qüvvədə saxlayıb.

Yunusları vəkil Fuad Agayev təmsil edib.

AİHM-ə göndərilən şikayətdə qeyd olunur ki, yerli məhkəmələr qərar verərkən Yunusların Avropa Konvensiyasının 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (Şəxsi həyata hörmət hüququ) və13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələr üzrə qorunan hüquqlarını pozub.
Bundan başqa, Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsində (Mülkiyyət hüququ) nəzərdə tutulan hüquq və azadlıqların da pozulduğu iddia olunur. Məhkəmədən qeyd olunan maddələrin pozuntusunun tanınması, dəymiş maddi və mənəvi ziyanın kompensasiya edilməsi istənilir.

Avropa İnsan Hüquqları Məhkəməsi şikayətlə bağlı Azərbaycan hökumətinə 7 sual göndərib. Sualarla bağlı detallar açıqlanmır.

Xatırlatma

Leyla Yunusun rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunun ofisi 2011-ci ildə sökülüb.

Leyla və onun həyat yoldaşı Arif Yunus 2014-cü ilin iyununda həbs olunublar. 2015-ci ilin avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib.

Həmin ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişib, Yunuslar şərti cəza ilə həbsdən buraxılıb. Sağlıq problemləri olduğu bildirilən Yunusların müalicə məqsədi ilə xaricə getməsinə icazə verilib.

Sonradan Ali Məhkəmə apellyasiya instansiyasının bu qərarını ləğv edib və iş yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

XS
SM
MD
LG