Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:24

Avropada fermerlər nəyə və niyə etiraz edirlər?


Çexiya fermerləri Praqaya traktorlar gətiriblər.
Çexiya fermerləri Praqaya traktorlar gətiriblər.

"Reuters" Avropa Birliyində fermerlərin etirazları barədə açıqlayıcı bilgilər dərc edib.

Məlumatda deyilir: Avropa Birliyinin ayrı-ayrı yerlərində fermerlər etiraza qalxıblar. Onlar artan qiymət və vergilərdən, bürokratiyadan, ətraf mühitlə bağlı çoxlu qaydadan və gətirilən ucuz ərzaqla pis duruma düşmələrindən gileylənirlər. Fransa, Almaniya, Belçika, Niderland, Polşa, İspaniya, İtaliya və Yunanıstanda həftələrdir nümayişlər davam edir.

Bəzi məsələlər ayrı-ayrı ölkələrlə bağlı olsa da, bütövlükdə Avropaya aid problemlər də var. Blokun müxtəlif yerlərində və ayrı-ayrı ölkələrdə etiraz hərəkatına yol açan problemlərə detallı baxaq:

İdxalat

Şərqi Avropada nümayişlər Ukraynadan iri həcmdə qida idxalının yaratdığı rəqabətlə bağlıdır. Fermerlər bu rəqabətin ədalətsiz olduğunu deyirlər. Rusiyanın Ukraynaya hücumundan bəri Avropa Birliyi (AB) bu ölkə üçün kvota və tarifləri ləğv edib. Polşalı fermerlər Ukrayna ilə sərhəddə yol hərəkətini bloklayır. Kiyev bu hərəkətin onun müdafiə qabiliyyətinə təsir göstərdiyini və Rusiyanın məqsədlərinə xidmət etdiyini deyir. Çexiyalı fermerlərsə traktorlarını Praqanın mərkəzinə sürərək Kənd Təsərrüfatı Nazirliyinin çevrəsində yol hərəkətini bloklayıblar.

Fermerlər deyirlər ki, gətirilən ərzaq avropalı fermerlərə tətbiq edilən ekoloji standartlara cavab vermədiyi halda, Avropa qiymətlərini basqı altında saxlayır. AB ilə Cənubi Amerikanın "Mercosur" bloku arasında ticarət sövdələşməsinin bağlanması yönündə yenilənən danışıqlar da şəkər, buğda və ət ticarətində ədalətsiz rəqabətlə bağlı narazılıq doğurub.

Qaydalar və bürokratiya

Fermerlər, əsasən, AB səviyyəsində gerçəkləşdirilən ifrat tənzimləməyə qarşıdırlar. Diqqət mərkəzində olan əsas məsələ AB-nin subsidiya qaydalarıdır. Bu qaydalardan biri əkin torpağının 4 faizini dincə qoymağı və, deməli, həmin sahədən bəlli müddət yararlanmamağı tələb edir.

Fermerlər bürokratik əngəllərdən də narazıdırlar. Fransalı fermerlər hökumətlərinin qaydaların tətbiqini həddindən artıq mürəkkəbləşdirdiyini deyirlər.

İspaniyada fermerlər Brüsseldən qaynaqlanan, məhsulun gəlirliliyini məhv edən "boğucu" bürokratiyadan şikayətlənirlər.

Yunanıstanda fermerlər subsidiyaların artırılmasını və ötən il baş verən daşqınlar nəticəsində dəyən məhsul və mal-qara itkisinə görə kompensasiyaların daha sürətlə verilməsini tələb edirlər.

Artan dizel qiymətləri

AB-nin ən iri kənd təsərrüfatı istehsalçılarından sayılan Almaniya və Fransada fermerlər kənd təsərrüfatında istifadə edilən dizel yanacağına vergi güzəştlərinin və subsidiyaların dayandırılmasına dair planlara qarşı çıxırlar. Yunan fermerlərsə dizel vergisinin azaldılmasını istəyirlər.

Rumıniyada yanvarın ortalarında baş qaldıran etirazlar, əsasən, dizel qiymətlərinin bahalığı ilə bağlı idi.

Gəlir

Fransada bir çox istehsalçı hökumətin qida inflyasiyasını azaltmaq üçün gördüyü tədbirlər nəticəsində yüksək enerji, gübrə və nəqliyyat xərclərini ödəmək iqtidarında olmadığını deyir.

Hökumətlər nə edir?

Avropa Komissiyası ötən ilin sonlarında ən həssas məhsulları - Ukraynadan quş əti, yumurta və şəkər idxalını müvəqqəti məhdudlaşdırmağı təklif edib. Ancaq fermerlər idxal həcminin istənilən halda çox yüksək olacağını deyirlər. Avropa Komissiya avropalı fermerləri 2024-cü ildə torpaqlarının bir hissəsini dincə qoymaq tələbindən azad edib. Bu müddətdə onlar AB-nin kənd təsərrüfatına dəstək ödənişlərini almağa davam edəcəklər. Ancaq bunun əvəzində məhsulu pestisidlərdən istifadə etmədən yetişdirməli olacaqlar.

Fransanın baş naziri Qabriel Attal təklif edib ki, idxal edilən qida məhsullarının tərkibində Fransa və AB-də yasaqlanan pestisid izlərinin olmaması təmin edilsin. O, fermerlərin öz məhsullarını daha yüksək qiymətə sata bilməsi, habelə bürokratik əngəl və qaydaların yumşaldılması ilə bağlı danışıqların aparılmasını da təklif edib.

Paris və Berlin təzyiqlərin qarşısında daha yumşaq mövqe tutmağı seçərək subsidiya və dizel vergisi güzəştlərini dayandırmaq planlarından geri çəkilib. Rumıniyada hökumət dizel subsidiyalarını artırmaq, sığorta xərclərini azaltmaq və subsidiya ödəmələri etmək istiqamətində addımlar atır.

Portuqaliyada keçici hökumət 500 milyon avroluq təcili yardım paketi elan edib. Uzunmüddətli quraqlığın təsirlərini yüngülləşdirmək üçün ayrılan 200 milyon avro da buraya daxildir.

Ölkələr üzrə fermer etirazlarının səbəbləri:

Fransa

- AB-nin qoyduğu bürokratik əngəllər

- Dizel qiymətləri

- Gəlirlərini artırmaq üçün daha çox dəstəyə ehtiyacları var

- İrriqasiyaya çıxış

- Heyvanların halı və pestisidlərdən istifadə ilə bağlı narazılıq

Polşa

- Ukraynadan ucuz məhsul idxalı

- AB-nin tənzimləməsi

Çexiya

- Bürokratiya

- Ucuz idxalat

- AB-nin kənd təsərrüfatı siyasəti

İspaniya

- Brüsseldən gələn "boğucu" bürokratiyanın məhsulun gəlirliliyini məhv etməsi (fermerlərin dediyinə görə)

- Ucuz idxala qapı açan ticarət razılaşmaları

Portuqaliya

- Dövlət dəstəyinin yetərsizliyi, subsidiyaların azaldılması

- Bürokratik əngəllər

Rumıniya

- Dizel qiymətləri

- Sığorta qiymətləri

- AB-nin ekoloji qaydaları

- Ukraynadan ucuz məhsul idxalı

Belçika

-Torpaqların 4 faizini dincə qoymaqla bağlı AB-nin tələbi

- Ucuz idxal

- İri fermalara üstünlük qazandıran subsidiyalar

Yunanıstan

- Subsidiyaların artırılması və ötənilki daşqınlarda məhsul və mal-qara itkisinə kompensasiyaların daha tez ödənilməsi ilə bağlı tələblər

- Dizel vergisi və elektrik xərclərinin artması

- Dövlət və AB subsidiyalarının azalması

XS
SM
MD
LG