Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:53

ABŞ Rusiya və Azərbaycana çağırış edib. Bakının reaksiyası (Video)


Xankəndidə nə baş verir? Erməni sakinlər AzadlıqRadiosuna danışır
Gözlə

No media source currently available

0:00 0:15:55 0:00

Xankəndidə nə baş verir? Erməni sakinlər AzadlıqRadiosuna danışır

Birləşmiş Ştatlar Laçın dəhlizi ilə hərəkətin artıq 30 gündür ki, əngəllənməsindən, bunun Dağlıq Qarabağda ərzaq, dava-dərman və başqa malların qıtlığını yaratmasından dərindən narahatdır.

Bunu ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter (Michael Carpenter) təşkilatın Daimi Şurasının yanvarın 17-də Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı Ermənistanın təşəbbüsü ilə keçirilən iclasında deyib:

“Bu faktlar mübahisəsizdir. Biz Azərbaycanı və Rusiyanı bundan əvvəlki öhdəliklərə uyğun olaraq maneəsiz tranzitin dərhal bərpa olunmasına çağırırıq”.

Karpenter xatırladıb ki, sözü gedən öhdəliklərə Laçın dəhlizi ilə hər iki istiqamətdə “şəxslərin, maşınların və yüklərin hərəkətinə təhlükəsizlik qarantiyalarının verilməsi” də daxildir.

ABŞ səfiri bildirib ki, hazırda Laçın dəhlizində şəxsi və kommersiya nəqliyyatı hərəkətinin davam edən əngəllənməsinın bu bölgədə yaşayan insanlar üçün kəskin humanitar nəticələri ola bilər.

O habelə bu vəziyyətdə kritik köməyinə görə Beynəlxalq Qırmızı Xaç Komitəsinə təşəkkürünü bildirib.

Xankəndində bankomatların qarşısında növbələr yaranıb
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

"Sülh müqaviləsinin imzalanması yeganə, həqiqi yoldur"

Səfir xatırladıb ki, “ATƏT-in bu iclasdakı bütün iştirakçı üzvləri öz ərazilərində etnik mənsubiyyətindən asılı olmayaraq adamların təhlükəsizliyini qorumaq öhdəliyinə malikdir”.

Karpenter bəyan edib ki, ATƏT və onun müxtəlif təsisatları Azərbaycana və Ermənistana “bizim dəyərlərimiz, yanaşmamız və prinsiplərimiz” əsasında dəstək verməyə hazırdır:

“Birləşmiş Ştatlat Azərbaycanı və Ermənistanı aralarındakı mübahisələri mənalı danışıqlar yolu ilə həll etməyə çağırır. Tərəflər arasında hərtərəfli sülh müqaviləsi - münasibətlərin normallaşdırılmasına və qarşılıqlı tanınmaya əsaslanan uzunmüddətli sülhə aparan yeganə həqiqi yoldur. Biz habelə Azərbaycanı və Ermənistanı iddia olunan zorakılıqların araşdırılmasına və cavabdehlərin məsuliyyətə cəld edilməsinə çağırırıq”.

ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter bunu da deyib ki, ABŞ Azərbaycan və Ermənistanla ikitərəfli və habelə Avropa İttifaqı və ATƏT kimi partnyorlarla birlikdə çoxtərəfli qaydada işləməyi davam etdirəcək.

Azərbaycan səfirinin açıqlamaları

Sözü gedən iclasda Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli də çıxış edib.

Trend agentliyinin məlumatına görə o deyib ki, Azərbaycan erməni əsilli vətəndaşlarını öz siyasi, sosial və iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qərarlıdır:

"Bu məqsədlə Azərbaycan yerli erməni sakinlərlə qarşılıqlı əlaqə yaratmaq, regionun mühüm su təchizatı, nəqliyyat və enerji təchizatı məsələlərini həll etmək üçün ardıcıl və uğurlu səylər göstərir. Bu təmaslar təşviq edilməli və dəstəklənməlidir. Lakin Azərbaycan Azərbaycanın Qarabağ bölgəsinə kövrək sülh quruculuğu prosesini pozmaq üçün göndərilmiş Ruben Vardanyan kimi şəxslərlə danışıqlar aparmayacaq”.

Sadıqbəyli xatırladıb ki, Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyü və sərhədlərin qarşılıqlı tanınması prinsipi əsasında sülh müqaviləsinin imzalanması təşəbbüsü də Azərbaycana məxsusdur.

Bakının Minsk qrupuna münasibəti

Səfir Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışına cavab olaraq deyib ki, “Minsk Qrupuna gəlincə, Ermənistan və Azərbaycan arasında silahlı münaqişə həll olunub və onun nəticələri hərbi-siyasi yolla aradan qaldırılıb”.

Azərbaycan diplomatı qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münaqişədən sonra normallaşma ilə bağlı ikitərəfli müzakirələr ATƏT çərçivəsindən kənarda aparılır:

"Ermənistan bu reallığı tanımalı və ona uyğun hərəkət etməlidir. Biz Ermənistanı, əgər bu ölkə həqiqətən də regionda sülh və sabitlikdə maraqlıdırsa, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş bütün hərəkətlərdən və döyüşkən ritorikadan əl çəkməyə, Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərini dayandırmağa çağırırıq”.

Rövşən Sadıqbəyli habelə deyib ki, Azərbaycan Laçın-Xankəndi yolundan Ermənistanın qanunsuz istifadəsinə dair sübutlar təqdim edib:

"Bu yol Ermənistan tərəfindən başqa məqsədlər üçün istifadə olunur, təkcə qeyri-qanuni hərbi fəaliyyət üçün deyil, həm də təbii sərvətlərin Azərbaycan ərazisindən Ermənistana qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün istifadə olunur”.

O vurğulayıb ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozaraq öz silahlı qüvvələrini hələ də Azərbaycan ərazisindən tam çıxarmayıb

Ararat Mirzoyan nə demişdi?

“Humanitar böhran hər gün dərinləşir və beynəlxalq birliyin dərhal və məqsədyönlü müdaxiləsinə ehtiyac vardır”.

Bunu ATƏT-in Daimi Şurasının yanvarın 17-də Yerevanın təşəbbüsü ilə keçirilmiş xüsusi iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib:

“Biz adamların siyasi oyunlar, bəlkə də geosiyasi mülahizələrə görə acından ölməsinə bir kənardan sakitcə tamaşa edə bilmərik. İndi hərəkət etmək vaxtıdır”.

Mirzoyan bildirib ki, Azərbaycanın öz öhdəliklərinə əməl etməsi üçün onun üzərinə təzyiqlər artırılmalı və o hərəkətlərinə görə məsuliyyətə cəlb olunmalıdır:

“Dağlıq Qarabağa və Laçın dəhlizinə, oradakı humanitar situasiyanın qiymətləndirilməsi, habelə BMT-nin müvafiq orqanlarına Dağlıq Qarabağa maneəsiz giriş verilməsi üçün faktların müəyyənləşdirlıməsi məqsədilə beynəlxalq missiyanın göndərilməsi son dərəcə vacibdir”.

“Biz heç kimə dəhliz verməyəcəyik”

“Zəngəzur dəhlizi” ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin tez-tez səsləndirdiyi bəyanatları məsələsinə toxunan Mirzoyan deyib:

“Bu yaxınlarda Azərbaycan prezidenti etiraf etdi ki, “Zəngəzur dəhlizi” terminini özü beynəlxalq gündəliyə daxil edib. O hədələyir ki, bu dəhliz Ermənistanın istəyib-istəməməsindən asılı olmaayarq, gec ya tez açılacaq. O deyib ki, bu termini 9 noyabr üçtərəfli bəyanatının imzalanmasından sonra ortaya atıb”.

Ermənistanın xarici işlər naziri qətiyyətli şəkildə bildirib ki, Ermənistan heç kimə öz ərazisindən öz yurisdiksiyası altında olmayan dəhliz verməyəcək:

“Bu bizim 9 noyabr üçtərəfli bəyanatının müvafiq müddəlarına tamamilə əsaslanan prinsipial və dəyişməz mövqeyimizdir”.

Mirzoyanın sözlərinə görə Azərbaycanla Naxçıvan arasında kommunikasiyaların Ermənistanın yurisdiksiyası altında işləməsi məsələsi operativ həll oluna bilər.

Ermənistan xarici işlər naziri deyib ki, Ermənistan Azərbaycana delimitasiyanın parametrlərinin dəqiqləşdirilməsinə, qüvvələrin dövlət sərhədlərindən uzaqlaşdırılmasına, hərbsizləşdirilmiş zonanın yaradılmasına və sülh müqaviləsi üçün beynəlxalq qarantiyalar təsisatının qurulmasına dair konkret təkliflər versə də, Bakı bunları rədd edib.

Xatırlatma

Dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Bakı Qarabağda tanınmayan qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırır.

Qarabağdakı separatçı rejimin daxilində fikir ayrılığı müşahidə olunur
Gözlə

No media source currently available

0:00 0:03:13 0:00

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG