Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:18

ABŞ-ın ATƏT-dəki missiyası Azərbaycanı öhdəliklərini yerinə yetirməyə çağırır


ATƏT
ATƏT

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda 7 fevral növbədənkənar prezident seçkisinin həqiqi rəqabət olmadan məhdudlaşdırıcı mühitdə keçməsi haqda müşahidə və narahatlığını paylaşırıq". Bunu ABŞ-ın ATƏT-dəki missiyası fevralın 15-də yaydığı bəyanatında bildirib. Missiya Azərbaycanda erkən prezident seçkisinə cavab vermək hüququndan yararlandığını qeyd edir.

"Azərbaycan konstitusiya və beynəlxalq öhdəliklərinə uyğun olaraq insan haqları, fundamental azadlıqlar və demokratik proseslərə öhdəliyini ifadə edib. Azərbaycanı bu öhdəlikləri və DTİHB-nin əvvəlki və qarşıdakı tövsiyələrini yerinə yetirməyə çağırırıq", - missiyanın sədr müavini vəzifəsini icra edən Treysi Nyuellin (Tracey Newell) yaydığı bəyanatda deyilir.

DTİHB-nin Azərbaycanda seçkilərlə bağlı tövsiyələrinə qanunvericilikdə dəyişikliklər edilməsi, sərbəst toplaşmaq azadlığının təminatı, seçki administrasiyasının tərəfsizliyi, namizədlərin qeydiyyatının asanlaşdırılması və başqa məsələlər var. Hakimiyyət təmsilçiləri bu tövsiyələri obyektiv saymırlar.

ATƏT DTİHB fevralın 8-də açıqladığı hesabatında Azərbaycanda fundamental azadlıqlara məhdudiyyətlərin əsl demokratik seçki standartlarına zidd olduğunu bildirmişdi. Bakıdakı ABŞ səfirliyi də bu hesabatda deyilənlərlə razılaşdığını bəyan edib.

"Birləşmiş Ştatlar Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun işini və həyata keçirdiyi seçki müşahidə missiyalarını tam dəstəkləyir. Müşahidəçilərin hərtərəfli, peşəkar və qərəzsiz qiymətləndirməsini dəyərləndirir, onların tövsiyələrinə ciddi yanaşırıq", - ABŞ-ın ATƏT-dəki missiyası belə deyir.

ABŞ-ın Bakıdakı səfiri Mark Libbi (Mark Libby) fevralın 15-də jurnalistlərlə görüşündə deyib ki, ölkəsinin rəhbərliyi prezident İlham Əliyevin yeni mandatı dövründə Azərbaycanla işləməyi davam etdirməyi səbirsizliklə gözləyir.

Xatırlatma

Bu il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Rəsmi açıqlamaya görə, ölkəyə son 21 ildə rəhbərlik edən İlham Əliyev qalan altı namizədi geridə qoyaraq səslərin 92 faizdən çoxunu qazanıb.

Qanunvericiliyə əsasən, növbəti prezident seçkisi 2025-ci ildə keçirilməli idi. Prezident İ.Əliyev seçkinin tarixinin bir il önə çəkilməsini artıq Azərbaycanın bütün ərazilərində suverenliyin bərpa olunması ilə izah edib. (2020-ci ildə Ermənistanla 44 günlük savaş, ötən il isə qısa hərbi əməliyyatlarla Dağlıq Qarabağ və ətraf 7 rayon işğaldan azad edilib)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat kimi bəzi müxalifət qüvvələri bunu "qəfil seçki" adlandıraraq hakimiyyətin əslində rəqabətli, sivil mübarizəyə hazır olmadığını bəyan edirlər. Onlar bu seçkilərdə iştirak etməyiblər.

XS
SM
MD
LG