Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:32

Astara bazarında: 'Məktəbli forması ala bilməsəm, köhnə paltarlar satılan yer var...'


Bazarda alıcı elə də çox deyil
Bazarda alıcı elə də çox deyil

Astara rayonunun həftəlik "Sitrus" bazarında sənaye, kənd təsərrüfatı məhsulları və digər istehlak malları satılır.

Adətən bu bazar qələbəlik olardı. Amma sentyabrın 10-da orada az adam gözə dəyirdi. Alıcıdan çox satıcı vardı. Adının çəkilməsini istəməyən bir alıcı bunun səbəbini kasıbçılıqda görür. Onun deməsinə görə, sakinlər daha çox məktəbli forması almaqla məşğuldurlar: "Oğlum Rusiyadadır. Bu dəfə pul göndərə bilmədi. Orada özünün vəziyyəti yaxşı deyil. Nəvəm mənimlə qalır. Beşinci sinifdə oxuyur, məktəbli formasını indiyə kimi ala bilməmişəm. Formalar bahadır. Nə ilə alım?! Pensiya yaşıma hələ qalıb, işləmirəm. Pul yoxdur. Bəlkə, atası pul göndərdi".

"10 yumurta gətirmişdim, onu satıb kartof aldım"

Əlində tutduğu torbanı göstərib deyir ki, iki kiloqram kartof alıb: "Buna gücüm çatdı. 10 ədəd yumurta gətirmişdim, onu satıb kartof aldım. Marketlərdə bahaçılıqdır, burada ucuzdur. Bazarda hər qiymətə nə istəyirsən var. Məktəbli forması ala bilməsəm, burada geyinmiş, köhnə paltarlar satılan yer var. Orada paltarlar ucuzdur. Onlardan alaram. Camaatda pul yoxdur. Camaatda pul olsa, bazarda heç nə qalmaz".

"Məhsul sahədə məhv olanda ziyana gedirik"

Masallı rayon sakini Razi Əlirzayev badımcan satır. Deyir ki, indi açıq sahədə əkilən kənd təsərrüfatı məhsullarının tükənən vaxtıdır: "Bu il yağış yağdı, yaxşı məhsul oldu. Amma badımcanın üç kiloqramını iki manata, mayasına satıram. İşçiyə sahədən məhsulu yığmağa pul vermişəm, 20 manat da yanacağa vermişəm, bura gəlmişəm. Görürsünüz, mal elə maşında qalıb. Alıcı azdır. Hər yerə aparırıq, eyni qiymətdir. Dövlət baza yaratsın, məhsul çox olanda oraya verək. Məhsul sahədə məhv olanda ziyana gedirik".

Rəhman Sadıxov
Rəhman Sadıxov

Astara rayonunun Qamışlı kəndindən olan Rəhman Sadıxov da alma satır: "İşsizlikdir. Qubadan alma gətirib bazarlarda satıram. Ailə əlimə baxır. Xərc artır, gəlir azalır. 100 manat maşına vermişəm. Elə olur ki, heç bir manat da qalmır".

"Məktəbli forması ala bilməyib. Evlərində işləyəni yoxdur"

Yanındakı yeniyetmə oğlanı göstərib deyir ki, qohumudur, ona kömək edir: "Dərslərin başlamasına beş gün qalıb, hələ də məktəbli forması ala bilməyib. İmkan yoxdur, kasıbdır. Evlərində işləyəni yoxdur. Mənə kömək edir, buna görə ona da pul verirəm. Əslində almanın bir kilosu bir manat olmalıdır. Bir manat deyirəm almırlar, pulları yoxdur. Məcburam 50 qəpikdən verirəm ki, satılsın. Kilosundan 5-10 qəpik qalır".

Yaxınlıqda soğan satılır. Satıcı deyir ki, Ağdamdan gəlib. O da alverdən gileylənir: "Soğanın beş kiloqramını iki manata veririk. Qardaş, sürünürük. Özümüzü aldadırıq. Rayonların bazarlarını gəzirik. Əlimizdə olan pulu da yollara veririk...".

Kamalağa Məmmədov
Kamalağa Məmmədov

"Hər il əkirik, torpaq gücdən düşür"

Sabirabad rayonunun Muğan Gəncəli kənd sakini sahibkar Kamalağa Məmmədov isə alverindən razıdır: "Qarpızı Sabirabaddan gətirmişəm, özüm yetişdirmişəm, alıcımız var. Hər maşından belə də çox qalmır. Çörəkpulu çıxır, narazı deyiləm, Allah bərəkət versin. Qarpız çoxdur. Sentyabr ayının sonuna kimi qarpız olacaq. Kilosunu 30 qəpiyə, camaatın cibinə uyğun satırıq. Bir hektar əkin sahəsinə 6 min manat xərc çəkmişəm. Torpağa qulluq etməsən, məhsul verməz. Hər il əkirik, torpaq gücdən düşür".

Üzüm satan isə deyir ki, məhsulu Tovuzdan gətirib, kiloqramını bir manata verir. Deyir ki, üzüm alıcıları var: "Kasıbın malıdır. Bir kilo üzüm alır, çörəklə naharı yola verir. Marketlərdən də gəlib burdan satış üçün üzüm alırlar. Marketlərdə üzüm bahadır. Marketlər varlılar üçündür, kasıb marketə çörək, şəkər almağa gedir. Pulu ona çatır. Alver belə olur da. Pis deyil".

"Sitrus" bazarı
"Sitrus" bazarı

"Uşaqpulu versəydilər, forma alardım"

Kələm satan isə Lerik rayonundan gəldiyini söyləyir. Vurğulayır ki, Lerik dağ ərazisidir, kənd təsərrüfatı məhsulları orada gec yetişir: "Təsərrüfatımın məhsuludur, özüm yetişdirmişəm. Kiloqramı 50 qəpiyə satıram. Zəhmət çox istəyir. Xərcini çıxardır. Beş uşağım var, hamısı məktəblidir. Məktəbli forması ala bilməmişəm. Maraqlanmışam, məktəbli formaları, yüngül dərs ləvazimatları ən azı 700 manat xərc istəyir. Bizim üçün böyük puldur. Uşaqpulu versəydilər, onunla forma alardım. Kələmi satıb məktəbli forması alacağam. 70-80 kilometr yol gəlmişəm öz maşınımla".

Falat Hüseynov
Falat Hüseynov

"Bu yaşda kiməsə əl açmaq istəmirəm..."

Astara rayonunun Şiyəkəran kəndindən gəldiyini və özünü Falat Hüseynov kimi təqdim edən şəxs isə kənd təsərrüfatı alətləri satır. Deyir ki, alətləri özü hazırlayır: "Qalın dəmir alıram, kömür, işıqpulu üstünə gəlsəm, xərc çox çıxır. Bu xərclər ildən-ilə artır. Kənd təsərrüfatı alətləri düzəldirəm. Bel, balta... Hər bir alətin mövsümü var. Bel bütün fəsillərdə satılır. 73 yaşım var, 320 manat pensiya alıram".

O, pensiya ilə dolanmağın çətin olduğunu söyləyir: "İşləmək məcburiyyətindəyəm. Bazarları gəzmək üçün köhnə minik maşını almışam. Buna görə 3 min manat borcdayam. Atamın peşəsidir, mənə qalıb. Sovet dövründən işləyirəm. Bir oğlum var, o da Rusiyadadır. Orada müharibə gedir, kömək edə bilmir. İşində də pulunu azaldıblar. Tez yoruluram, yaş işini görür. Bəs nə edim?! Bu yaşda kiməsə əl açmaq istəmirəm...".

XS
SM
MD
LG