Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:14

Pensər bazarı yoxsulun ümid yeridir, yağış imkan versə...


Pensər bazarı bir müddət su altında qalıb
Pensər bazarı bir müddət su altında qalıb

Ötən həftə leysan yağışı, sel suları Astara rayonu ərazisində yerləşən həftəlik Pensər bazarının bir bölümünü dağıdıb. Yaxınlıqdan keçən Pensərçay daşdığından bazarın ərazisi bir müddət su altında qalıb və bazar yalnız su çəkiləndən sonra fəaliyyətə başlayıb.

"Bu il tərəvəz bahalaşıb"

Həftəlik bazara Azərbaycanın hər yerindən satış üçün kənd təsərrüfatı məhsulları gətirilir. Göyərti satan biri Masallıdan gəldiyini deyir: "Masallının Yeddioymaq kəndindən gəlmişəm. Bu il tərəvəz yaxşı olmadı. Hava şəraiti imkan vermədi. Təklə kəndində cəfəri plantasiyası batdı. Ötən il bir kisə göyərtini 2-3 manata satırdıq. Bu il tərəvəz bahalaşıb. Göyərtinin səkkiz bağlamasını 1 manata satırıq".

Göyərti satan yanındakı satıcının Lənkərandan gəldiyini söyləyir: "Lobyanın, kələmin kiloqramını 1 manatdan verir. Təsərrüfatını su apardığından əlinə keçəni gətirib satmağa. O tərəfdə də qırmızı soğan satılır".

Ardınca əl işarəsi ilə ortayaşlı kişini göstərir: "Qırmızı soğanın bir kiloqramı başqa yerlərdə 2-3 manatadır, amma o, 70 qəpiyə satır, axı soğan suyun altında qalıb, çürüyür. O üzdən ucuz verir".

Soğan Ağdamdan gətirilib
Soğan Ağdamdan gətirilib

"Soğan builki deyil"

Yaxınlıqda ağ soğan da satılır. Alıcılardan biri deyir ki, soğanın keyfiyyəti aşağıdır. Satıcı onu Ağdamdan gətirdiyini deyir: "Soğan builki deyil. Builki soğan iyul ayında yığılacaq. Soğan əkməklə məşğulam. Ailəmi də bununla dolandırıram. Yağış soğanı çürütdü, çoxlarının əməyi hədər getdi. Məhərrəmlik ayı başlayır, indən belə toylar dayanacaq. Soğan da, əsasən, elə toya gedir. Ona görə dəyər-dəyməzə satırıq. Soğanın üç kiloqramını 1 manata veririk. Alıcı azdır, camaatda pul yoxdur. 100-200 kiloqram soğan alan da olur. Bu il soğan azdır, qiyməti qalxacaq".

Yemiş satan alverindən razıdır
Yemiş satan alverindən razıdır

"Bakı bazarlarına yol tapa bilmirik"

Yemiş, qarpız satan adam alverdən razıdır. Məhsulu Sabirabaddan gətirib: "Yemişin bir kiloqramı 60-70 qəpikdir. Kiloqramı 1 manata olan yemiş də var. Şirindir, dadlıdır. Satılır. Qarpızınsa kilosu 40 qəpikdir. Kasıbın malıdır".

O, yetişdirdiyi məhsulu satmaqda çətinlik çəkdiyini dilə gətirir: "Bakı bazarlarına yol tapa bilmirik, o səbəbdən malımızı rayonların mərkəzi bazarlarına çıxarırıq. Malımızı satmaq üçün rayon-rayon gəzirik. Özüm əkmişəm. Yük maşını da mənimdir. Pulun bir bölümü yanacağa gedir. Üç ton yük idi, indi azalıb. Bu gün bazarda hamısını satsam, yaxşı olardı. Qazanc ildən-ilə azalır, xərc artır, axı".

Badımcan elə də baha deyil
Badımcan elə də baha deyil

Badımcan satan alverdən narazıdır. Deyir, onu maya dəyərindən ucuz satır: "Badımcanın üç kiloqramını 1 manata satıram. Masallıdan gətirmişəm. Ötən ay baha idi, qiyməti ucuzlaşdı. Güclü yağış oldu, sahələri su basdı. Amma yenə məhsul var. Badımcan dözümlü bitkidir. Lənkəran bazarındaydım, buraya gəldim. Rayonda beş-altı kənddə badımcan yetişdirilir. Elə onunla dolanırlar".

"Gilasın qiyməti düşmür"

Qubadan gələn satıcı gilas gətirib satmağa. Səhər açılandan bəri beş-altı kiloqram sata bilib: "Bu il gilas azdır. Güclü yağış yağdı, dolu düşdü, o üzdən məhsul azdır. Qiyməti də düşmür. Kilosu 3-4 manatadır. Yarım kiloqram gilas alan da olur".

Lerik kartofu
Lerik kartofu

Şəmkirdən gətirilən pomidorun kilosu 90 qəpikdən, şirin bibərin kilosu isə 2 manatdan satılır.

Kartof satan kişi Lerikdən gəldiyini deyir: "Lerik rayonunun Amburdərə kəndindənəm. Əsasən, kartof əkirik. Bizdə məhsul gec yetişir. Avqust başa çatanadək satış üçün kartofumuz olur. Alıcı var. İranın qapısı açıq olanda oradan kənd təsərrüfatı məhsulları gələr, ucuzluq olduğundan məhsullarımız əlimizdə qalardı. İndi belə qorxu yoxdur. Hər həftə bu bazara gəlib məhsulumu satıram. Bazarın bağlanmasına çox qalsa da, artıq məhsulumu satıb qurtarmışam".

Pensər bazarı
Pensər bazarı

"Burada puluna uyğun istədiyini tapa bilirsən"

Səmayə adlı bir alıcı deyir ki, həftəlik Pensər bazarı yoxsulların ümid yeridir, çünki burada ucuz qiymətə kənd təsərrüfatı məhsulları da almaq olur, quş əti də: "Lənkərandan gəlmişəm. Lənkəran bazarında qiymətlər çox bahadır. Burada puluna uyğun istədiyini tapa bilirsən. Diri ev quşlarının, yumurtanın qiyməti burada da bahadır. Ancaq marketlərdə satılan mallardan ucuzdur. Burada lobya ilə kələmin kilosunu 1 manatdan almışam".

XS
SM
MD
LG