Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:24

Araz Əliyev fiziki təzyiqə məruz qaldığını deyir


Araz Əliyev
Araz Əliyev

Dekabrın 25-də vəkil Nemət Kərimli Daxili İşlər Nazirliyinin (DİN) İnzibati həbs olunanların saxlanma məntəqəsində NİDA Vətəndaş Hərəkatının və III Platformanın üzvü Araz Əliyev ilə görüşüb.

Vəkil "Turan"a bildirib ki, A.Əliyevin sözlərinə görə, onu dekabrın 23-də axşam saatlarında mülki geyimli şəxslər yolda saxlayıblar: "Araz Əliyev deyir ki, onu saxlayıb maşına mindirəndə o, fiziki təzyiqə məruz qalıb, kompüterini əlindən alıblar. Daha sonra onu 24-cü polis bölməsinə aparıblar, orada ona hədə-qorxu gəliblər".

A.Əliyev ittihamları qəbul etmir və öz həbsini III Platformanda fəaliyyəti ilə əlaqələndirir.

Bu deyilənlərə, hələlik, DİN-dən münasibət öyrənmək mümkün olmayıb.

25 sutka həbsə məhkum edilib

NİDA Vətəndaş Hərəkatının və III Respublika Platformasının üzvü Araz Əliyev xırda xuliqanlıqda (İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi) və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda (535-ci maddə) ittiham edilir. Bu barədə AzadlıqRadiosuna onun vəkili məlumat verib.

Bundan əvvəl Araz Əliyevin məhkəmənin qərarı ilə 25 sutka inzibati həbsə məhkum edildiyini Daxili İşlər Nazirliyindən də təsdiq ediblər.
Məlumatı “Turan” Agentliyinə Nazirliyin Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanov təsdiq edib.

“Araz Əliyev hardadır?”

Araz Əliyevin həyat yoldaşı Gülarə İsmayılova bu gün, dekabrın 24-də əlində “Araz Əliyev hardadır?” yazılmış kağız lövhə tutaraq Azərbaycan Daxili İşlər Nazirliyinin Bakı şəhərindəki inzibati binasının önünə gələrək ərinin yeri ilə maraqlanıb. Polislər onun, habelə həyat yoldaşının ad və soyadını dəqiqləşdirərək ona binadan bir qədər kənarda gözləməyi məsləhət biliblər.

Üstəlik, polis əməkdaşları vurğulayıblar ki, “hazırda qəbul yoxdur, sabah, dekabrın 25-dı saat 9-dan 18-ə kimi qəbula müraciət edin, suallarınıza cavab verilsin”.

Gülarə İsmayılova
Gülarə İsmayılova

Araz Əliyevin 25 sutka həbs aldığı deyilir

NİDA Vətəndaş Hərəkatının və III Respublika Platformasının üzvü Araz Əliyevin 25 sutka inzibati həbs aldığı bildirilir.

Bu barədə vəkil Nemət Kərimli məlumat verib. Ancaq onun sözlərinə görə, hələlik, gənc fəalın konkret hansı maddə ilə təqsirləndiyini dəqiqləşdirə bilməyiblər.

Vəkilin bu məlumatına rəsmi qurumlardan da, hələlik, münasibət almaq mümkün olmayıb.

+++

NİDA Vətəndaş Hərəkatının və III Respublika Platformasının üzvü Araz Əliyev ilə yaxınlarının dekabrın 23-ü saat 18 radələrindən əlaqəsi itib. Onun telefonuna zəng çatmır. Rəsmi qurumlar Əliyevin saxlanılıb-saxlanılmaması barədə məlumat yaymayıb.

III Respublika Platformasının üzvü Akif Qurbanov da AzadlıqRadiosuna bildirib ki, Araz Əliyevdən xəbər yoxdur: "Hüquq-mühafizə orqanlarına müraciət etsək də, reaksiya yoxdur".

O, deyib ki, sözügedən platformanın Qurucu Heyəti təşkilatın fəaliyyətini koordinasiya etmək səlahiyyətini spiker olaraq 1 illik ona həvalə edib. “Ona görə də nə iddianız varsa, mənə ünvanlayın. Bütün məsuliyyəti daşımağa hazıram. Araz Əliyevi rahat buraxın", - deyə o rəsmi qurumlara müraciət də edib.

YAP-a dövlətin hesabına tikilən binalar: Müxalifətə niyə imkan yaradılmır?
Gözlə

No media source currently available

0:00 0:11:46 0:00

Akif Qurbanov izlənildiyini deyir

Akif Qurbanov özünün də izlənildiyini deyib: "Dünən, dekabrın 23-ü axşamdan izlənilirəm. Oturduğum kafedən çıxaraq vəkilim, jurnalistlər və ictimai fəalların müşayiətilə evə gələrkən izləndiyimi hər kəs gördü".

Araz Əliyevin vəkili Nemət Kərimli də AzadlıqRadiosuna deyib ki, Ombudsman Aparatına müraciət etməsinin də, hələlik, nəticəsi olmayıb.

Azərbaycan Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan bütün bu deyilənlərə münasibət almaq mümkün olmayıb.

Bu il dekabrın 7-də Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ildönümündə bir qrup ictimai-siyasi şəxs III Respublika Platforması adlı siyasi təşkilat yaradıblar.

“Tək Adama deyil, Hüquqa itaət edirik!" şüarı ilə çıxış edən platformanın əsas prinsiplərinin “seçkili demokratiya, özünüidarə və güc tarazlığı” (hakimiyyət bölgüsü) olduğu bildirilir.

+++

III Respublika Platformasının məsələ ilə bağlı bəyanatında da Araz Əliyevin tutulduğu ehtimal edilir. Qurum bəyan edir ki, üzvünün “tutulması açıq-aşkar siyasi motivlidir”.

Platforma vurğulayır ki, Azərbaycan hökuməti siyasi motivli həbsləri dayandırmağa dair beynəlxalq hüquqi öhdəlik daşıyır.

Hələlik, bəyanata rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma rəsmilər bir qayda olaraq ölkədə siyasi həbslərlə bağlı deyilənləri əsassız sayırlar. Onların vurğulamasına görə, ölkədə bütün fundamental hüquqlar qorunur.

Xatırlatma

Gələn il fevralın 7-nə Azərbaycanda növbədənkənar prezident seçkisi təyin olunub.

AXCP, Müsavat kimi müxalifət partiyaları bunu "qəfil seçki" adlandıraraq hakimiyyətin rəqabətli, sivil mübarizəyə hazır olmadığını, seçkiyə getməyəcəklərini bəyan ediblər.

Azı 15 nəfər isə seçkiyə namizəd kimi gedəcəyini açıqlayıb.

Azərbaycanda son prezident seçkisi 2018-ci il aprelin 11-də baş tutub. Qanunvericiliyə əsasən, növbəti prezident seçkisi 2025-ci ildə keçirilməli idi. Hakimiyyətə yaxınlığı ilə seçilən deputatlar seçkilərin tezləşdirilməsini dünyada baş verən dəyişikliklər və Azərbaycanın maraqlarının qorunması ilə izah ediblər.

Son bir ayda ölkədə bir neçə jurnalist və siyasi fəal saxlanılıb. Korrupsiya araşdırmaları ilə tanınan AbzasMedia orqanının əməkdaşları qaçaqmalçılıqda ittiham olunsalar da, həbslərini jurnalist fəaliyyətləri ilə əlaqələndirirlər.

Avropa İttifaqı da Azərbaycanda jurnalist və fəalların həbsindən narahatlığını ifadə edib. Amma buna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, “bu cür əsassız və qərəzli” bəyanatları Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə cəhdləri kimi qiymətləndir.

XS
SM
MD
LG