Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:23

'Shaurma N1'in sahibi '12-ci İmam'a yarım milyondan çox pul verdiyini deyir


Aqil Babayev
Aqil Babayev

Azərbaycandakı "Shaurma N1" restoranlar şəbəkəsinin sahiblərindən biri Natiq Sadıqov iddia edir ki, Aqil Babayev adlı şəxsi "zühur etmiş İmam Mehdi" kimi qəbul edib, 15 ilə yaxın müddətdə ona yarım milyon manata qədər zəkat verib. Sahibkar bunu avqustun 30-da Babayevin məhkəməsində danışıb.

"Cənnətdə torpaq sahəsi" almaq

Özünü "İmam Mehdi" kimi təqdim edib, zəkat (İslamda vacib sayılan sədəqə növü – red.) adıyla adamların milyonlarla vəsaitini ələ keçirməkdə suçlanan Babayev bir ildən çoxdur həbsdədir. Onun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. 15-20 il ərzində "İmam Mehdi"yə yüz minlərlə pul verdiyini iddia edən təxminən 40 nəfər zərərçəkmiş kimi tanınıb. Onların arasında "cənnətdə torpaq sahəsi" almaq məqsədilə pul verdiyini deyənlər də var. "Shaurma N1"in sahibi də məhkəmədə zərərçəkmiş statusunda dindirilib.

Natiq Sadıqov deyir ki, 2004-cü ildən tanıdığı Babayevi "12-ci İmam Mehdi" kimi qəbul edib, ona bu illər ərzində 500 min manatdan çox pul verib. Bunun 173 mini, hər dəfə 1 min-2 min manat olmaqla, zəkat formasında verilib. 370 min manatı isə 2020-ci ildə 44 günlük Qarabağ müharibəsi dövründə döyüşlərdə həlak olanların ailələrinə mənzil tikintisi məqsədilə "İmam"a verdiyini iddia edir.

"Hamı ona qulluq edirdi"

Sahibkar deyir ki, Babayevə sitayiş edirdi, onun yaşadığı evə gedib səhərə qədər söhbətləşirdi, hətta buna görə öz ailə üzvləriylə aralarında problem yaşanırdı. Onun sözlərinə görə, "İmam"a qulluq etməkdən zövq alır, buna görə fəxr edirdilər: "Hamı ona qulluq edirdi. Məsələn, biri ona su gətirirdi və bununla fəxr edirdi...".

Sadıqov iddia edir ki, günlərin birində Babayev onları toplayıb "zühur etmiş 12-ci İmam" olduğunu xəbər verib. Amma bu məlumatın sirr saxlanmasını istəyib: "Dedi ki, Allahın tapşırığı belədir. Biz də fəxr edirdik ki, Allah bizə belə bir sirri saxlamağı nəsib edib. Düşünürdük ki, bu, Allah tərəfindən üzümüzə açılan qapıdır, hər adama qismət olmur".

"İmam Mehdi"nin valideynlərinin çox kasıb yaşadıqlarını, tərəvəz satmaqla dolandıqlarını, evinin də bərbad halda olduğunu iddia edən Sadıqov əlavə edib ki, Babayev üçün villa tikdirib, ona "Lexus" markalı maşın alıb.

"Söhbətlərdə dini savadının çox güclü olduğunu görürdüm"

Onun sözlərinə görə, 2021-ci ilin mayında Babayevin onları aldatdığını eşidib. Amma üstündən iki ay keçəndən sonra - iyulun 8-də daha bir neçə nəfərlə birlikdə onun bağ evinə gedib, 15-20 il ərzində verdikləri pulları tələb ediblər: "O da söz verdi ki, bütün pullarımızı qaytaracaq...".

Məhkəmədə prokuroru da, hakimləri də, vəkilləri də maraqlandıran sual bu olub ki, "Shaurma N1" kimi biznes layihəsi olan biri Babayevin timsalında 12-ci İmamın zühur etməsinə necə inanıb?

"Söhbətlərdə dini savadının çox güclü olduğunu görürdüm. Haradan desən, oradan cavab verirdi. Onu Allahın möcüzəsi – İmam Mehdi Zaman kimi qəbul edirdim. Adamın öz başına gəlməsə, başa düşmək çətindir. Deyirdi ki, axıra qədər onun yanında olsaq, cənnətə gedəcəyik", – onun cavabı belə olub.

Payını, pul və əmlakını əlindən almaq üçün...

Babayev isə bu şəxs də daxil olmaqla, onu İmam Mehdi hesab edib illərlə pul verdiyini iddia edənlərin hamısının yalan danışdığını deyir. Özünün də "Shaurma N1"in şəriklərindən biri olduğunu deyən Babayevin sözlərinə görə, həmin payını, eləcə də sahib olduğu pul və əmlaklarını əlindən almaq üçün belə bir absurd ittiham quraşdırılıb.

Təqsirləndirilən şəxs bildirir ki, iyulun 8-də bir qrup şəxs bağ evinə gəlib, onu döyüb, əl-qolunu bağlayıblar. Daha sonra Əhmədli qəsəbəsindəki evinə gedərək orada evdə axtarış aparıb, milyonlarla pulunu, qızılları götürüb gediblər. O, başına gələnlər barədə ertəsi gün polisə şikayət edib. Lakin bundan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində hazırda zərərçəkmiş qismində tanınan şəxslərdən onun əleyhinə şikayət ərizələri alıb həbsə göndəriblər.

Babayevin vəkili "Shaurma N1"dəki pay iddiası ilə əlaqədar zərərçəkmiş Sadıqova sual versə də, hakim onu cavablandırmağa qoymayıb: "Burada biz "Shaurma N1"in məsələsinə baxmırıq”.

Babayevə CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG