Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 20:26

Hesablama Palatası ANAMA-da pozuntular aşkarlayıb


ANAMA əməkdaşları partlamamış sursatı zərərsizləşdirir
ANAMA əməkdaşları partlamamış sursatı zərərsizləşdirir

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda ən çox dartışılan problemlərdən biri minalardır. Səbəbi sadədir: Azərbaycan indi dünyada mina və partlamamış sursatlarla ən çox çirklənmiş ölkələrdən biri sayılır. 30 illik işğal dövründə Qarabağda çox sayda "mina tarlası"nın yaradılması yalnız hərbi infrastrukturu deyil, mülki infrastrukturu da risk altında qoyur. Azərbaycan tərəfi Ermənistanı mina xəritələrini verməməkdə ittiham edir. Əsirlər geri verilərkən Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin cəmi 25 faiz dəqiqlik dərəcəsinin olduğu da vurğulanmışdı. Üstəlik, Azərbaycan tərəfi müharibədən sonra da Ermənistan tərəfinin Azərbaycan ərazisində mina basdırmağa davam etdiyini bildirir. Ermənistanda ötən il istehsal edilmiş minaların Azərbaycan ərazisində tapıldığı da açıqlanıb.

Rəsmi açıqlamalara görə, indiyədək işğaldan qurtarılan ərazilərdə 300 mindən çox mina və partlamamış hərbi sursat tapılıb. Məlum 10 noyabr bəyanatından bəri Azərbaycanın 261 vətəndaşı mina partlaması nəticəsində ya həlak olub, ya da əlil olub. Mina təhlükəsinin bu qədər yüksək olması Azərbaycanda mina təmizləmə fəaliyyətinin genişləndirilməsini şərtləndirir.

Müharibə bitəndən az sonra - 2021-ci ilin yanvarında prezident fərmanı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradılıb. Bu agentliyin həm əməkdaş sayı, həm də maddi-texniki bazası artırılıb. Türkiyə başda olmaqla bir neçə ölkədən minatəmizləmə avadanlığı, eləcə də özəl təyinatlı itlər gətirilib. Bütün bu fəaliyyət minatəmizləmə fəaliyyətinə daha çox büdcə vəsaitinin sərf edilməsi anlamına da gəlir. Hesablama Palatasının açıqlamasında bildirilir ki, qurum iş planına əsasən, bu dəfə məhz ANAMA-da audit aparıb və pozuntular üzə çıxarıb.

Vəsaitə qənaət edilməyib

Hesablama Palatasının açıqlamasında diqqətçəkən ilk məqam qurumun bağladığı müqavilələrlə bağlıdır. Palatanın fikrincə, rəsmiləşdirilmiş müqavilələrə dövlət sifarişinin mahiyyətinə uyğun gəlməyən bəndlər daxil edilib. Dövlət büdcəsindən maliyyələşmələr sifarişçi-icraçı münasibətlərini tənzimləyən qanuni meyarlara tam uyğun gerçəkləşdirilməyib. Bu üzdən, ötən il üçün müqavilə məbləği tam həcmdə maliyyələşdirilsə də, dövlət sifarişi cəmi 88.5 faiz səviyyəsində yerinə yetirilib. Başlıca səbəb minatəmizləmə işləri üçün əlavə iddiaçı hüquqi şəxslərin müəyyənləşdirilməsinə və sifarişlərin ötürülməsinə dair müqavilələrin ilin sonunda rəsmiləşdirilib tamamlanmasıdır. Nəticədə sifariş tam yerinə yetirilməyib.

Hesablama Palatasının auditi dövlət vəsaitindən qənaətlə icra edilmədiyini də üzə çıxarır. Dövlət satınalmalarını tənzimləyən qanunvericilik aktlarının tələbləri gözlənilməyib və beləcə, toplam 3 milyon 298 min manat xərclənib. Hesablama Palatası dövlət satınalmaları çərçivəsində ehtimal olunan qiymətlərin optimal qaydada müəyyənləşdirilmədiyini də üzə çıxarıb. Eyniadlı mallar alınarkən ayrı-ayrı müqavilələrdə fərqli qiymətlər tətbiq olunub. Məhz bu iki hal vəsaitlərə qənaət olunmamasının əsas göstəriciləri sayılıb.

Ehtiyatların uçotu düzgün aparılmayıb

Hesablama Palatasının ANAMA-ya irad tutduğu digər məqam qurumun sahib olduğu ehtiyatların uçotunun düzgün aparılmamasıdır. Bu ehtiyatlara həm anbardakı məhsullar, həm istismardan geri qayıdan avadanlıqlar, həm də ərzaq məhsulları daxildir. Palata belə resurs uçotunun yalnız kağız şəklində aparıldığını müəyyənləşdirib. ANAMA-da proqram təminatı vasitəsi ilə avtomatlaşdırılmış uçot sistemi qurulmayıb. Hesablama Palatası uçot sisteminin effektiv qurulmamasını resurslardan səmərəli istifadəyə risk yaratdığını bildirib.

Vergi hesablamaları və mühasibatlıq fəaliyyətində də nöqsanlar açıqlanıb. Hüquqi aktların tələblərinə əməl edilmədən toplam 505 min manat məbləğində vergilərin dövlət büdcəsinə hesablanması və ödənilməsi təmin edilməyib. Eyni zamanda, əvəzsiz əsaslarla əldə edilmiş 1 milyon 917 min manat gəlirlərə aid edilməyib. Bundan başqa, əsaslı xərclər üzrə 36 milyon 736 min manat vəsait gəlirdən çıxılan xərclərin tərkibinə daxil edilib. Ərazilərin mina və hərbi sursatlardan təmizlənməsi sifarişi verilmiş dörd rezident hüquqi şəxsə avans kimi ödənilən 29 milyon 535 min manat da gəlirdən çıxılan xərc sayılıb. Hesablama Palatası ANAMA-nı audit etdiyi dövrdə 612 min 500 manatın dövlət büdcəsinə bərpa olunduğunu bildirib.

Daxili nəzarət zəif olub

Palata qurumun daxili nəzarət sistemində problemlər olduğunu düşünür. Açıqlamada bildirilir ki, müharibədən sonrakı dövrdə qurumun iş yükü çoxaldığından büdcədən ayrılan vəsait, ştat kontingentinin sayı, əməyin ödənişi xərcləri və hüquqi şəxslərə sifarişlər də artıb. İş yükü xeyli artsa da, görülən gündəlik işə nəzarət və müşahidə imkanı verən elektron informasiya sistemi formalaşdırılmayıb. Beləcə, mərkəzləşdirilmiş qaydada daxili nəzarətin sərf olunan resursların artan həcminə adekvat olaraq gücləndirilməsi təmin edilməyib. Hesablama Palatası bunlarla yanaşı, istifadə edilən geyim (xüsusi geyim) və yumşaq inventarların istismar müddətlərini müəyyənləşdirən daxili normativlərin işlənilməsinə və struktur vahidlərinin fəaliyyətində koordinasiyanın gücləndirilməsinə dair təkliflər verib.

XS
SM
MD
LG