Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:41

Azərbaycanda ana ölümləri niyə azalmır...


Son 16 ildə Azərbaycanda ən az ana ölümü 2018-ci ildə – 17 nəfər qeydə alınıb.
Son 16 ildə Azərbaycanda ən az ana ölümü 2018-ci ildə – 17 nəfər qeydə alınıb.

Azərbaycanda bu ilin iyun və iyulunda mediada azı dörd qadının doğuş vaxtı ölüm xəbəri yayılıb. Sonuncu belə xəbərin sədası Lənkərandan gəldi. İyulun 7-də Lənkəran Regional Perinatal Mərkəzində daha bir ana ölümü baş verib. Bu, sözügedən mərkəz fəaliyyətə başladığı gündən – 2022-ci ilin yanvarından üçüncü ana ölümü idi.

Bu xəbərlərin ardınca Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) açıqlama verib ki, komissiya bütün ana ölümlərini araşdırır və tədbirlər görülür. Məlumata görə, Quba və Şəki perinatal mərkəzlərində komissiya təşkil olunub, tibbi xidmətin keyfiyyətinin artırılması yönündə təkliflər verilib: "Komissiya tərəfindən digər perinatal mərkəzlərin də dəyərləndirilməsi qısa müddətdə həyata keçiriləcək".

Rəsmi rəqəmlər

Azərbaycanda 2022-ci ildə 18 ana ölümü baş verib. Ancaq mütəxəssislər reallığın Dövlət Statistika Komitəsinin rəqəmlərindən fərqli, daha çox olduğu qənaətindədir.

Son 16 ildə Azərbaycanda ən az ana ölümü 2018-ci ildə – 17 nəfər qeydə alınıb. Ən çox ana ölümü isə 2005-ci ildə baş verib – 41 nəfər.

Hamiləlik, doğuş və zahılıq dövründə ölən analar

İllər

Nəfər

Hər 100 000 nəfər diri doğulana

1990

17

9.3

1991

20

10.5

1992

32

17.6

1993

60

34.4

1994

70

43.8

1995

53

37.0

1996

57

44.1

1997

41

31.0

1998

51

41.1

1999

51

43.4

2000

44

37.6

2001

28

25.4

2002

22

19.9

2003

21

18.5

2004

34

25.8

2005

41

28.9

2006

51

34.2

2007

54

35.5

2008

40

26.3

2009

37

24.3

2010

26

15.7

2011

27

15.3

2012

26

14.9

2013

25

14.5

2014

25

14.6

2015

24

14.4

2016

22

13.8

2017

21

14.6

2018

17

12.2

2019

21

14.9

2020

20

15.8

2021

20

17.8

Kənd yerlərində ana ölümləri şəhər yerləri ilə müqayisədə daha çoxdur. Hətta 2001-ci ildən bu yana yüksələrək hər 100 min nəfər diri doğulana 27.3 ana ölümü düşür. Bölgələr üzrə ana ölümləri ən çox Mərkəzi Aran, Gəncə-Qazax və Lənkəran iqtisadi rayonlarında qeydə alınır. Daha sonra Quba-Xaçmaz, Şəki-Zaqatala, Abşeron, Dağlıq Şirvan iqtisadi rayonları gəlir.

Səbəblər

Ana ölümlərinin əsas səbəbləri sırasında qanaxmalar, hipertenziya, planlaşdırılmamış hamiləlik, hamiləlik öncəsi qadının müayinə olunmaması göstərilir. Mövcud ağciyər-ürək xəstəlikləri, irsi xəstəliklər, ağır somatik patologiyalar, COVID-19 virusuna yoluxma halları da ana ölümlərinə səbəb olub.

2021-ci ildə hamiləlik, doğuş və zahılıq dövründə ilk dəfə diaqnoz qoyulmuş xəstə qadınların sayı 45 minə yaxınlaşıb. Doğuşu ağırlaşdıran xəstəliklər arasında ilk yeri anemiya tutur. Bu xəstəlikdən əziyyət çəkənlər 2021-ci ildə 15 mindən çox olub və ondan altı il əvvəl də bu say 16 minə yaxın idi. Yəni, rəqəmlərdə ciddi azalma olmayıb.

Lənkəranda dövlət xəstəxanasında çalışan həkimlərdən biri AzadlıqRadiosuna deyir ki, cənub zonasında doğuşa az qalmış onlara müraciət edən xəstə anaların sayı daha çoxdur: "Eləcə də xəstəxanaya müraciət etməyənlərin sayı çoxdur. Bəzən pul azlığından, bəzən isə sadəcə laqeyd yanaşmadan doğum proseduru evdə həyata keçirilir və nəticə olaraq yanlış müdaxilə sonrası qadın həyatını itirir. Qadınlar arasında məhz müayinə olunmadığı üçün riskli hamiləlik keçirənlər olur, gəlib xəstəxanada dünyasını dəyişir və onların qohumları çox vaxt bunun rəsmi şəkildə qeydiyyata alınmasını istəmir".

Digər səbəblər də var

Elə həyat yoldaşını doğuş zamanı itirən Saleh Nəsirli də AzadlıqRadiosuna deyir ki, ölüm kağızını gec aldığından həyat yoldaşının vəfatı rəsmi sənədlərdə də ana ölümü kimi qeydiyyata alınmayıb. Hadisənin necə baş verməsinə gəlincə, deyir, təcili yardım maşını gecikdiyindən doğuşu evdə anası qəbul etməli olub: "Sən demə, yoldaşımın hamiləliyində risk var imiş, qanaxma oldu. Bir saata gələn təcili yardım ilə xəstəxanaya çatdırsaq da, həyatda saxlaya bilmədik. Getdiyimiz xəstəxananın həkimi dedi ki, əvvəlcədən diaqnoz qoyulsa idi, heç nə olmayacaqdı. Pulumuz yoxdur ki, özələ gedək. Dövlətdə də ginekoloqlardan narazılıq dillərə dastan".

"Dövlət xəstəxanalarında durum yaxşı deyil, özəllər isə bahadır", – deyə gileylənən Gülarə Əliyeva qızını doğuş zamanı itirib və günahı dövlətin laqeyd münasibətində görür.

"Hamilə vətəndaşlarının pulsuz müayinə və müalicəsini edirmi dövlət? Etmir. Ya öz pulumuza etməliydik, ya da qeyri-qanuni pul tələb edən dövlət xəstəxanasında quyruq olmalı idik. Əlimizdən gələni etdik, amma nəticədə yenə itirdik", – deyən Əliyeva özü tibb bacısıdır. O, evdə doğuş və abort hallarına görə ölüm hallarının artdığını və bu faktların, əsasən, gizlədildiyini iddia edir. Bu iddialara rəsmi cavab almaq mümkün olmayıb.

Dövlət proqramları hədəfə çatdımı

Hökumət "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda ana ölümlərini azaltmağı qarşısına hədəf qoyub. Proqramda evdə doğuşları azaltmaq məqsədilə məsləhətxanaların açılması nəzərdə tutulub. Ana ölümləri sayının 2015-ci ilə kimi Avropa ölkələrinin orta göstəriciləri ilə (hər 100 min nəfərə 2-dən 10-dək) eyniləşəcəyi hədəflənirdi.

Respublikada səhiyyəyə ayrılan büdcə vəsaiti 2003-cü illə müqayisədə 11 dəfədən çox artaraq 2013-cü ildə təxminən 669 milyon manat təşkil edib. Təkcə 2010-cu ildə səhiyyə xərclərinin 79.4 milyon manatı məqsədli proqram və tədbirlərin maliyyələşdirilməsinə ayrılıb.

Ancaq ayrılan pullara baxmayaraq, proqnoz qismən doğrulub: 2015-ci ildə hər 100 min nəfər diri doğulana ölüm sayı 26.3-dən 14.4-ə düşüb. 2021-ci ildə isə, əksinə, 17.8-ə yüksəlib.

Bundan başqa, "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"na da müxtəlif illərdə vəsait ayrılıb. Məsələn, 2014-2015-ci illərdə reproduktiv sağlamlıq xidmətinin vahid elektron sistemi yaradılmalı idi. Amma bu sistemin qurulması hələ də tam başa çatmayıb. Bölgələrin avadanlıqlar ilə təchizatı da ya edilməyib, ya da yarımçıq saxlanılıb.

"Nə qadın məsləhətxanası artdı, nə də..."

Tibb üzrə mütəxəssis Sona Rzayeva proqramların hədəfinə çatmamasını səhiyyəyə ayrılan vəsaitin düzgün istifadə edilməməsi ilə əlaqələndirir. Onun fikrincə, rayonlarda xüsusi şöbə yaradılaraq maarifləndirmə aparılmalıydı: "Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF-in son hesabatına görə, doğuş zamanı ana və körpəyə qayğının yüksək səviyyədə təmin edilməsi üçün adambaşına əlavə 1.30-dan çox ABŞ dolları xərclənməlidir. Azərbaycanda isə məhz bu istiqamətdə ayrılan vəsaitlər ya az olur, ya da mənimsənildiyi üçün əksər hallarda effekt vermir. Məsələn, 2008-2015-ci illərdə nə qadın məsləhətxanası artdı, nə evdə doğuş halları minimuma endi. Qubada çalışmışam o illərdə və indi ilə müqayisədə tək dəyişiklik üç-beş həkimin artmasıdır. Bu, digər regionlar üçün də keçərlidir".

AzadlıqRadiosunun müxbirinin 20-yə yaxın yeni ana olmuş qadın ilə söhbətindən məlum olub ki, onlar dövlət xəstəxanasında doğuş etsələr də, sonrakı müddətdə və hamiləlik dönəmində xərcləri çox çıxdığından müalicə və müayinə oluna, əksər hallarda isə sığorta imkanlarından yararlana bilmirlər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə bildirir ki, doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı, stasionar yatış zamanı dərman, tibbi sərf və qidalanma, laborator və instrumental müayinə, diaqnostika və müalicə tədbirləri ödənişsiz həyata keçirilir. Klassik qeysəriyyə kəsiyi əməliyyatı tibbi göstəriş əsasında aparılır. Habelə, vaxtından əvvəl doğulmuş körpələrin küvəzdə saxlanılması da icbari tibbi sığorta ilə qarşılanır. Amma sığorta ilə müalicə olunmanın çətinliyi, bəzən isə mümkünsüzlüyü haqda tez-tez danışılır, elə AzadlıqRadiosu da bununla bağlı vətəndaş narazılıqlarından zaman-zaman yazıb.

XS
SM
MD
LG