Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:48

ABŞ nefti Avropada Rusiya neftinin yerini tutur


Birləşmiş Ştatlar Avropa İttifaqının əsas neft təchizatçısına çevrilib. İndiyədək bu rolda müstəsna olaraq Rusiya çıxış edirdi.

Bu barədə məlumatı Avropa İttifaqının statistika agentliyi – Avrostat verib.

Avropanın neft təchizatında Rusiyanın payı ötən ilin yanvarında 31 faiz idisə, hazırda bu rəqəm 4 faizə enib.

Ötən il ABŞ-ın Avropanın neft təchizatındakı payı 13 faiz idi. Hazırda bu rəqəm 20 faizə yaxınlaşmaqdadır.

Norveç Avropa İttifaqı ölkələrinin neft təchizatında ikinci pillədə bərqərar olub. Avropa neft təchizatının 17 faizi onun payına düşür.

Müharibəyə görə

2022-ci ilin fevralında Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hərbi müdaxiləsi bir çox Avropa ölkələrini Rusiyadan enerji daşıyıcılarının – neftin, qazın və kömürün idxalını azaltmağa məcbur edib.

Bu siyasi addımdan məqsəd Rusiyanın Ukraynadakı müharibəni maliyyəşdirmək imkanlarının məhdudlaşdırılması olub.

Ötən dekabrda Aİ Rusiyadan tankerlərlə daşınan neftin idxalına qadağan qoyub.

Bununla yanaşı Rusiyadan idxal olunan neftə ən yüksək qiymət həddi – qiymət tavanı tətbiq edilib. Bu, hazırda 1 barrel üçün 60 dollara bərabərdir.

Avropa İttifaqı habelə Rusiyadan təbii qazın idxalını ixtisar edib. Rusiyadan qaz idxalı ötən ilin birinci rübündəki 31 faizdən hazırda 19 faizə enib.

Rusiya neft hasilatını azaltmalı olacaq

Avropanın əsas qaz təchizatçısının yerini hazırda Norveç tutur. ABŞ Avropaya qazın ikinci böyük ixracatçısıdır. Hazırda Avropa İttifaqının qaz bazarında onun payı 20 faizə çatıb.

Avrostatın məlumatında deyilir:

“2022-ci ilin sonlarında Avropa İttifaqının ən böyük neft təchizatçıları Birləşmiş Ştatlar, Norveç və Qazaxıstan olublar. Beləliklə də Aİ neft bazarında dəyişən vəziyyətə uyğunlaşmaq və Rusiya neftinin asılılığından faktiki olaraq azad olmaq qabiliyyətini isbat edib”.

Rusiya ötən il Hindistan və Çinə neft ixracatını çoxaldıb, lakin o neftini bu ölkələrə çox güzəştli qiymətlərlə satmağa məcburdur.

Bununla belə Rusiya enerji nazirinin müavini Nikolay Şulgin deyib ki, Rusiya ümumilikdə neft ixracatını artırıb.

Lakin nazirlik etiraf edib ki, Rusiya neftinə Avropada tələbin azalması ilə bağlı Moskva 2023-ci ildə neft hasilatını azaltmalı olacaq.

XS
SM
MD
LG