Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:10

Almaniya Belarus jurnalistlərinə 3 milyon avro ayırıb


Vilnüsdə jurnalist Raman Prataseviçə azadlıq tələb edən aksiya
Vilnüsdə jurnalist Raman Prataseviçə azadlıq tələb edən aksiya

Almaniya hökuməti Belarus hökumətinin hərəkətlərindən ziyan çəkmiş Belarus jurnalistlərinə 3 milyon avroyadək vəsait ayırıb.

Bu barədə xəbəri Almaniya Xarici İşlər Nazirliyinə istinadən Deutsche Welle agentliyi yayıb.

Qeyd olunur ki, bu vəsaitdən media təmsilçilərinin vəkillik müdafiəsi, yararsız hala düşmüş avadanlığın təzələnməsi və proqram təminatı üçün istifadə olunacaq.

Almaniya XİN-in məlumatında deyilir ki, “Belarusda müstəqil jurnalistlərə qarşı repressiya dalğası səngimək bilmir”.

Bu da vurğulanır ki, sözü gedən vəsaitdən həm həbsxanada olan, həm də mühacirətdəki jurnalistlər faydalana biləcəklər.

Repressiyalara qarşı sanksiyalar

Belarus hakimiyyəti mayın ortalarında ölkənin ən böyük xəbər portalı – Tut.by saytını, habelə bu holdinqin bir neçə layihəsini bloklayıb.

Bunların arasında populyar və pulsuz elektron poçtu və elanlar xidməti də var.

Bu portalda çalışan 15 nəfər saxlanıb. Onların arasında baş redaktor Marina Zolotova da var. O və jurnalist Yelena Tolkaçova hələ də azad edilməyiblər.

Onları vergidən xüsusilə böyük məbləğdə yayınma ittihamı ilə 7 ilədək həbsxana cəzası gözləyə bilər.

Mayın 23-də Ryanair şirkətinin Afinadan Vilnüsə uçan sərnişin təyyarəsinin Belarus hakimiyyət orqanları tərəfindən məcburən Minskə endirilməsi və sərnişinlərin arasında olan anti-Lukaşenka bloger Raman Prataseviçin həbs olunması beynəlxalq qalmaqala və hiddətə səbəb olub.

ABŞ və Avropa İttifaqı Belarusa və avtokrat Alyaksandr Lukaşenkaya qarşı yeni sanksiyalar hazırlandığını bildirirlər.

İyunun 4-də Avropa İttifaqı Belarusun dövlət Belavia aviaşirkətinin öz ərazisinə uçuşlarını və enişlərini qadağan edib.

XS
SM
MD
LG